Məhkəmə qərarları › İş №3(060)-2367/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2367/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2367/2024 15.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Quliyev Ramiz Telman oğlunun, Qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi SRDYNİ-nin DYNŞ-nin inspektoru, d/x baş leytenantı X2 iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş 29 aprel 2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 Telman oğlu tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X4 Telman oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini və cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati orqan tərəfindən barəsində inzibati tənbehvermə haqqında MN ******* saylı 26 aprel 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş və həmin qərarla o, AR İXM-nın 518.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti ona vaxtında təqdim olunmamış və o, belə bir qərarın qəbul edilməsini icra məmuru tərəfindən dəvət olunarkən bilmişdir. Tərtib olunmuş qərar protokol əsasında verilmişdir, halbuki tərəfindən hər hansı bir inzibati xətaya yol verilməmiş və o, yanğın təhlükəsizliyi qaydalarına həmişə əməl etmişdir. Özü Müharibə əlilidir, maddi vəziyyətinin ağır olduğu bir vaxtda əlavə olaraq inzibati cərimə ödəməyə də cəlb olunmağı onun üçün bir sıra problemlər yaradır. AR FHN-nin DYMX-nin Sumqayıt Regional İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında haqqında MN ******* saylı 29 aprel 2024-cü il tarixli Qərarını ləğv etməklə onun barəsində AR İXM-nin 518.1-ci maddəsi ilə olan inzibati materiala xitam verilməsi və cərimənin silinməsi barədə Qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən qərardan şikayət vermiş şəxs Quliyev Ramiz Telman oğlu bildirdi ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən cərimə olunmuşdur. Həmin cəriməni ödəməyə imkanı olmadığından, qazi olduğundan cərimənin silinməsi üçün məhkəməyə müraciət etmişdir. Cərimə qərarına etirazı yoxdur, qərar düzgün qəbul edilmişdir, sadəcə həmin cəriməni ödəməyə imkanı yoxdur. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən qərarından şikayət verilən orqanın nümayəndəsi X3 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə şikayət vermiş şəxsi, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Quliyev Ramiz Telman oğlunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. İş materiallarından görünür ki, Quliyev Ramiz Telman oğlu barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən 17 aprel 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və MN ******* saylı, 29 aprel 2024-cü il tarixli qərarla Quliyev Ramiz Telman oğlu Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 0921 nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərardan görünür ki, müayinə zamanı aşkar olunmuş qanun pozuntularının məzmunu aşağıdakı kimidir: - obyektin təsərrüfatı EQQQ-na uyğun quraşdırılmayıb; - obyekt yanğın avtomatik siqnalizasiya ilə təmin olunmayıb. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək və s. digər vəzifələri vardır. Həmin Qanununun 23-cü maddəsinə əsasən yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçirilir. Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş hallar mövcuddur. Qərar qanunvericiliyin tələblərinə uyğundur və Quliyev Ramiz Telman oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Qeyd olunan hal Quliyev Ramiz Telman oğlunun öz ifadəsi ilə də təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bununla da məhkəmənin gəldiyi qənaətə görə Quliyev Ramiz Telman oğlu tərəfindən Azərbayan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin 29 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə Quliyev Ramiz Telman oğlunu 100 manat məbləğində cərimə etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunmasın. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş 29 aprel 2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar