Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2392/2023 04.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttişi X1, həmçinin həmin idarənin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə xx.xx.2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzaibati xəta haqqında protokola əsasən Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Şəxs MMC-yə məxsus metal əritmə sahəsinin giriş qapısının sol tərəfindəki ərazidən beton arx vasitəsi ilə çirkab tullantı suları təmizlənmədən birbaşa Acı Dərə kanalına axıdılmışdır. İnzibati xəta haqqında protokolda sübut kimi xx.xx.2023-cü il tarixli akta və fotoşəkillərə istinad edilmişdir. Həmin akt və fotoşəkillər materiallara əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttişi X5, həmçinin həmin idarənin nümayəndəsi X6 öz izahatlarında bildirmişlər ki, Sumqayıt şəhər İcra başçısı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış məktuba əsasən Acı Dərə kanalına ətrafda yaşayan əhali və orada yerləşən müəssisələr tərəfindən çirkab suları axıdılır. Bununla bağlı müvafiq monitorinq və araşdırma aprılması xahiş edilmişdir. Bu səbəbdən Acı Dərə kanalı ətrafında yoxlamalar aparılmış, bir çox müəssisələr tərəfindən, o cümlədən Şəxs MMC-yə məxsus metal əritmə sahəsinin giriş qapısının sol tərəfindəki ərazidən beton arx vasitəsi ilə çirkab tullantı suların təmizlənmədən birbaşa Acı Dərə kanalına axıdılması müəyyən edilmişdir. Bununla bağlı əməkdaşlar Şəxs MMC-yə məxsus metal əritmə sahəsinə daxil olmaq istəsələr də buna imkan verməmişlər. Lakin, buna baxmayaraq həmin MMC-yə məxsus sexin hasarının alt hissəsi ilə beton arxla Acı Dərə kanalına çirkab suyun axıdılması müəyyən edildiyi üçün müvafiq akt tərtib edilmiş, fotoşəkillər çəkilmiş, həmçinin axan suyun tərkinin müəyyən edilməsi ilə bağlı nümunələr götürülərək kimyəvi təhlillər aparılmışdır. Göstərilən halları nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi N.F.Əkbərli bildirmişdir ki, inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, müəssisənin ərazisində olan tullantı suları ilə bağlı şambo mövcuddur, şambolarda yığılan tullantı sular suların qəbuluna dair isə "xxxx" MMC ilə müvafiq müqavilə bağlanmışdır. Həmçinin buldirmişdir ki, ekologiyanın əməkdaşları əraziyə gələrkən yoxlama aparılması üçün heç bir çıxarış və ya qərar təqdim etmədikləri üçün müəssisənin ərazisinə buraxılmamışdır. Müsəssisənin hasarının alt hissəsində olan beton arxdan axan su isə tullantı suyu deyil, qurunt və yağış sularıdır ki, bu da çikli və ya tullantı suyu hesab edilə bilməz. Həmin yerdən axan suyun tərkibinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC ilə müqavilə bağlamışlar və həmin MMC tərəfindən aparılmış analiz nəticələrinə əsasən axıdılan suyun tərkibi norma daxilindədir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi N.F.Əkbərli ona təqdim edilmiş iş materialllarının 12-ci səhifəsində olan fotoşəkildə olan beton arxın həqiqətən də Şəxs MMC-yə məxsus sexin hasarının alt hissəsi olmasını təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-6/2- 1354/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Sumqayıt şəhərində genişmiqyaslı abadlıqquruculuq işləri həyata keçirilir, əhalini narahat edən sosial və ekoloji problemlər həll olunur, xüsusilə Sumqayıt şəhərinin daxili hissəsindən keçib birbaşa Xəzər dənizinə axıdılan “Acı Dərə” kanalının axarının boruya alınması işleri mərhələli şəkildə həyata keçirilməkdədir. Bununla yanaşı, “Acı Dərə” kanalı ətrafında yaşayan əhali, eləcə də müxtəlif illər yaranmış çoxsaylı istehsal və xidmət sahələri tərəfindən ərazilərində formalaşan məişət çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması nəticəsində uzunluğu 5 km-dən artıq olan Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu hissələrdə davamlı surətdə kəsgin iy və qoxu, güclü antisanitariya yaranmaqla ekoloji tarazlıq pozulur. Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu ərazilərdə daimi yaşayan isti yay günlərində istirahət üçün ora gələn əhali tərəfindən müntəzəm olaraq ekoloji vaziyyətin yaxşılaşdırılması ilə bağlı təsirli tədbirlər görülməsi məqsədilə Şəhər İcra Hakimiyyətinə və digər qurumlara çoxsaylı müraciətlər olunur. Qeyd edilənləri nəzərə alaraq, Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu ərazilərdə mövcud olan ekoloji durumun yaxşılaşdırılması məqsədilə “Acı Dərə” kanalına birbaşa təmizlənmədən Xəzər dənizinə axıdılmasının qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi üçün müvafiq köməklik göstərilməsi qeyd olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 27 sentyabr 2023-cü il tarixli 82137 №li aktdan görünür ki, yoxlama zamanı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Şəxs MMC-yə məxsus metal əritmə sahəsinin giriş qapısının sol tərəfindəki ərazidən beton arx vasitəsilə Acı Dərəsi kanalına axıdılması faktı müəyyən edilmişdir. Aparılan araşdırmaya Şəxs MMC-nin sətəm şöbəsinin mühəndisi X4 da dəvət edilmişdir. Şəxs MMC-nin sətəm şöbəsinin mühəndisi X4 formalaşan çirkab tullantı sularının təmizlənmədən “Acı Dərə” kanalına axıdıldığını etiraf etsə də, lakin bununla bağlı rəsmi qaydada izahat verməkdən imtina etmişdir. Ərazidən çəkilmiş fotoşəkillər akta əlavə edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs MMC-yə rəsmi qaydada xx.xx.2023-cü il tarixli bildiriş təqdim olunmasına baxmayaraq, sonuncu tərəfindən inzibati xəta haqqında işə baxılarkən nümayəndəsinin iştirakı təmin olunmamışdır. İş materiallarında olan "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli müqavilədən görünür ki, tərəflər tullantıların utulizasiyası və tullantıların daşınması barədə razılığa gəlmişlər. İş materiallarında olan Şəxs MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin su nümunəsinin analiz nəticələrinə dair hesabatdan görünür ki, su nümunələri üzərində aparılan təhlillərə görə nəticələr norma daxilindədir. İş materiallarında olan protokol tərtib etmiş şəxsin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 001086 saylı aktın surətindən görünür ki, Şəxs MMC-nin fəaliyyəti zamanı yaranan çirkab suların Acı Dərə kanalına axıdılması müşahidə edilmiş və həmin müəssisənin Acı Dərə kanalına olan çıxışından labarator təhlillər üçün su nümunələri götürülmüşdür. İş materiallarında olan protokol tərtib etmiş şəxsin məhkəməyə təqdim etdiyi X7 Monitorinq İdarəsinin əməkdaşlarının Acı Dərə kanalında keçirdikləri ekoloji monitorinqin nəticələrinə dair 31 oktyabr 2023-cü il tarixli məlumatdan görünür ki, Şəxs MMC-nin Acı Dərə kanalına çıxışından götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə həll olunmuş oksigenin miqdarı yol verilən qatılıq həddindən az, oksigenin biokimyəvi sərfi (OBS5)-9,6 və ammonium ionu – 6,4 dəfə yol verilən qatılıq həddindən artıq və mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirkli müəyyən edilmişdir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı – 4.800.000 ədəd/litr və şərti xəstəlik törədən bakteriyaların miqdarı 3.740.000 ədəd/litr təyin edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmiş işin mübahisəsiz halı, yəni tərəflərin mübahisələndirmədikləri hal ondan ibarətdir ki, həqiqətən də Şəxs MMC-yə aid müəssisədən Acı Dərə kanalına arx vasitəsi ilə su axıdılır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, protokol tərtib etmiş orqanın nümayəndəsi həmin suyun çirkli olmasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi isə axıdılan suyun çirkli olmadığını, norma daxilində olmasını bildirmişdir. Bununla bağlı tərəflərin məhkəməyə təqdim etdikləri sübutların nəticələri də fərqli olmuşdur. Belə ki, Şəxs MMC-nin nümayəndəsinin təqdim etdiyi "xxxx" MMC-nin hesabatına əsasən nəticələr norma daxilindədir, digər tərəfin, yəni protokol tərtib etmiş şəxsin məhkəməyə təqdim etdiyi X7 Monitorinq İdarəsinin əməkdaşlarının Acı Dərə kanalında keçirdikləri ekoloji monitorinqin nəticələrinə dair 31 oktyabr 2023-cü il tarixli məlumata əsasən isə Şəxs MMC-nin Acı Dərə kanalına çıxışından götürülmüş su nümunəsi çirkli olmuşdur. Məhkəmə hesab edir ki, suyun tərkibinin müəyyən edilməsi ilə bağlı iki müxtəlif nəticələri olan sübutlardan X7 Monitorinq İdarəsinin əməkdaşlarının Acı Dərə kanalında keçirdikləri ekoloji monitorinqin nəticələrinə dair 31 oktyabr 2023-cü il tarixli məlumat mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, həmin hesabata nəzər saldıqda görünür ki, hesabat Acı Dərə kanalında kompleks və hərtərəfli araşdırmaların nəticələrinə əsasən tərtib edilmiş, hesabatda su nümunələrinin təkibinin müəyyən edilməsi ilə bağlı daha dəqiq və konkert nəticələrə istinadlar edilmişdir. Azərbaycan Respublikası Su Məcəlləsinin 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi qadağan edilir. Göründüyü kimi Şəxs MMC-nin fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, yəni yaranan istehsalat və tullantı sularının təmizlənmədən birbaşa “Acı Dərəsi” kanalına axıdılması iş materialında olan aktlar, protokol, foto şəkillər, hesabat və işdə olan digər sənədlərlə də müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar; 5.11ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236-242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 7.500 (yeddi min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2392/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2392/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver