Məhkəmə qərarları › İş №3(060)-2455/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2455/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2455/2023 24.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Sumqayıt şəhər prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas X4 Barəsində inzibati xəta haqqında icraat aparılan “Liman Firması”nın direktoru Nümayəndə Zərərçəkmiş şəxs X5 iştiraklar ilə Liman Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə Sumqayıt şəhər prokuroru tərəfindən başlanılmış inzibati icraat materialına baxaraq, məhkəmə müəyyən etdi: Liman Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 06 oktyabr 2023-cü il tarixli qərar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Qərara görə vətəndaş X5 əməyin mühafizəsi üzrə nəzəri bilikləri yoxlanılmadan və ilkin təlimatlandırma aparmadan “Liman Firması”da aşbaz vəzifəsində işləməsinə yol verdildiyi üçün hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə inzibati icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas X8 izahatında bildirdi ki, 07 iyul 2023-cü il saat 19:59-da Sumqayıt şəhər X16 Xəstəxanasından şəhər prokurorluğuna xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 administrator işlədiyi Sumqayıt şəhər, Nəsimi parkı, "xxxx" kafesinin mətbəxindəki təbii qaz ilə işləyən kərpic sobasını alışdırması zamanı hər iki qolundan və sifətində yanıq xəsarətlərini alması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Xalıq Dadaşzadə tərəfindən araşdırma aparılmışdır. Aparılan ilkin araşdırma ilə müəyyən edilmişdir ki, X9 əmək müqaviləsi bildirişinə görə xx.xx.2022-ci il tarixdən Sumqayıt şəhər, Nəsimi parkı, "xxxx" kafesində “aşbaz” vəzifəsində rəsmi olaraq çalışmışdır. 07 iyul 2023-cü il tarixdə "xxxx" kafesinin mətbəxində quraşdırılmış kürə peçini alışdırarkən yaranmış alovun təsirindən hər iki əlin, sifətin İ-İİ dərəcəli termiki yanıq xəsarətlərim almışdır. X5 xəsarət alması faktı ilə əlaqədar olaraq texniki-təhlükəsizlik qaydalarının pozulub-pozulmamasını, əgər pozulmuşdursa kim tərəfindən pozulmasını aydınlaşdırmaq məqsədi ilə məhkəmətexniki təhlükəsizlik ekspertizası təyin edilmişdir. Araşdırma zamanı “Liman Firması”nın direktoru Nümayəndə, X5 izahatları alınmışdır. 26 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, Nəsimi parkında yerləşən "xxxx" kafesinin administratoru X1 mətbəxində quraşdırılmış “kürə” sobasını işə saldıqda (yandırdıqda) sobanın odluğuna qaz kranının açıq vəziyyətində yandırılmış alışdırıcı mənbəni yaxınlaşdırdığına görə, onun özü tərəfindən “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 9.237 bəndinin tələbi pozulduğundan, habelə yerli hərarətin (alovun) təsirindən onun sağlamlığına hər iki əlin, sifətin İ-İİ dərəcəli termiki yanığı kimi yüngül xəsarət vurulduğundan toplanmış material üzrə cinayət hadisəsi olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yanğm-texniki ekspertizası tədqiqinə dair xx.xx.2023-cü il tarixli, 10/6169 nömrəli rəyindən görünür ki, X2 əməyin mühafizəsi üzrə nəzəri bilikləri yoxlanılmadan və ilkin təlimatlandırma aparılmadan işləməsinə yol verildiyinə görə, “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin 4; 6 bəndlərinin tələbləri partlayış hadisəsi baş vermiş "xxxx" kafesinin sahibi tərəfindən pozulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar X5 heç bir şikayət və tələbi olmamışdır. Qeyd olunanların nəzərə alınmasını və Liman Firması barəsində maksimum həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Liman Firması”nın direktoru Nümayəndə bildirdi ki, o, 2005-ci ildə X7 Sumqayıt şəhəri, Bulvar, Nəsimi park ərazisində yerləşən "xxxx" adlı restoran-kafeni almışdır. Həmin restoran “Liman Firması” (VÖEN **********) adı altında fəaliyyət göstərməklə onun mülkiyyətindədir. O, həmin firmanı almışdır. 2014-cü ilin oktyabr ayında o, “Liman Firması”nın direktoru olmuşdur. Həmin vaxta kimi direktor X10 olmuşdur. Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşamış, 2014-cü ildə Azərbaycana gələndə firmanı da adına keçirtmişdir. Kafe 2015-ci ildən fəaliyyət göstərir. İşçilərinin sayı 6-7 nəfərdir. Onlarla əmək müqavilələri bağlanmışdır. Ramin Mustafayev 2023-cü ilin iyun ayının 1-dən kafedə administrator vəzifəsinə işə götürülmüşdür. Ramin Mustafayevin administrator kimi vəzifəsi kafenin işinə nəzarət etmək olmuşdur. Kafenin bir mətbəxi vardır. Mətbəxdə iki qadın işçi vardır. Kafedə “kürə” dedikləri kərpic peçi 2023-cü ilin mayında tikilmişdir. Həmin peç 2023-cü ilin iyun ayının sonlarından istifadə edilmişdir. Mətbəxdə istifadəyə verilmiş kərpic peçini alışdırması Ramin Mustafayevin öhdəsində olmuşdur. Kərpiç peçi qaz ilə işləyir. Kafenin ayrıca qaz sayğacı da mövcuddur. xx.xx.2023-cü il saat 19 radələrində Ramin Mustafayev tərəfindən kərpic peçi alışdırılarkən peçə artıq qazın dolması səbəbindən çöl tərəfə alov vurmuşdur. Partlayış olmamışdır. Ramin əlləri ilə üzünü tutmuş, ona görə qolları yanmışdır. İlkin tibbi yardım ilə bağlı Sumqayıt şəhər xəstəxanasına, oradan da Bakı şəhəri Toksikologiya xəstəxanasına göndərilmişdir.. Kafenin əsas işi axşam vaxtı olduğundan kərpic peçi də axşam alışdırılır. Kafe normalda saat 24:00-dək fəaliyyət göstərir. “Kürə”-nin, yəni kərpic peçindən istifadə qaydaları yoxdur, işlərə də belə təlimatlandırma keçirilməmişdir. Baş verənlərə görə peşmanndır, təqsirini etiraf edir. Hazırda "xxxx" kafesi öz fəaliyyətini dayandırmışdır. Maliyə baxımından vəziyət çox pisdir. Qeyd olunanlara əsasən barələrində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir Məhkəmə iclasında zərərçəkmiş şəxs Ramin Mustafayev bildirdi ki, o, 2022-ci ilin may ayından Sumqayıt şəhəri, Nəsimi parkı ərazisində yerləşən "xxxx" adlı restorankafedə ofisiant kimi işə başlamış və hazırda administrator kimi çalışır. Müdiri Nümayəndədur. Onunla xx.xx.2022-ci ildə əmək müqaviləsi bağlanmış, aylıq 350-400 manat əmək haqqı alır. Əmək haqqısı ona nağd qaydada ödənilir. İşçilərin sayı təxminən 6-7 nəfərdir. Onlarla əmək müqavilələri bağlanmışdır. 2023-çü ilin iyun ayının 1-dən kafedə administrator vəzifəsinə işə başlamışdır. Onun administrator kimi vəzifəsi kafenin işinə nəzarət etmək olmuşdur. Kafenin bir mətbəxi vardır. Kafedə “kürə” dedikləri kərpic peçi 2023-cü ilin mayında tikilmişdir. Həmin peç 2023-cü ilin iyun ayının sonlarından istifadə edilmişdir. Mətbəxdə istifadəyə verilmiş kərpic peçinin alışdırılması onun öhdəsində olmuşdur. Kərpiç peçi qaz ilə işləyir. xx.xx.2023-cü il saat 16 radələrində onun tərəfindən kərpic peçi alışdırılarkən peçə artıq qazın dolması səbəbindən çöl tərəfə alov vuruşdur. Belə ki, o, kibrit ilə kürəni yandırmağa çalışmış, kibritin bir neçə dənəsi gec yandığı üçün kürəyə artıq qaz yığılmış, yəni o, alışdırmağa gecikmişdir. Partlayış olmamışdır. O, əlində tutduğu kibriti kürənin içərisinə daxil etdiyindən sol əli yanmışdır. Bundan başqa alov çölə vurduğundan onun üzündə də azca ütülmə olmuşdur. İlkin tibbi yardımla bağlı Sumqayıt şəhər xəstəxanasına, oradan da Bakı şəhəri Yanıq Mərkəzinə (5 nömrəli xəstəxana tərəfdə olan) göndərilmişdir. xx.xx.2023-cü ildə ona həmin mərkəzdə sol əlinə sarğı təkrar qoyulmuş və o, evə buraxılmışdır. Hazırda səhhətində heç bir problem yoxdur. Hadisə onun səhlənkarlığı nəticəsində baş vermişdir. Bununla bağlı heç bir şikayət və tələbi yoxdur. Həmin kürə kafeye yenicə qoyulmuş, bu səbəbdən ona əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı onlara hər hansı bir təlimat keçirilməmişdir. O, "xxxx" kafesinin rəhbərliyi tərəfindən əməyin mühafizəsi normaları və qaydaları tanış edilməmişdir. İş materiallarına əlavə edilmiş 07 iyul 2023-cü il tarixli Sumqayıt şəhər prokurorunun müstəntiqi İİİ dərəcəli hüquqşünas Xalıq Dadaşzadənin tərtib etdiyi “baxış aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20:30-da Sumqayıt şəhəri, Nəsimi parkı ərazisində yerləşən Liman kafesinə baxış keçirilmişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarından görünür ki, X3, Liman Firması-nin direktoru X6 Sumqayıt şəhər prokurorunun müstəntiqi İİİ dərəcəli hüquqşünas Xalıq Dadaşzadə tərəfindən izahatlar alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsinin Sumqayıt şəhər şöbəsinin məhkəmətibb ekspertizası tədqiqinə dair xx.xx.2023-cü il tarixli, 1306 nömrəli rəyindən görünür ki, X5 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: hər iki əlin, sifətin İ-İİ dərəcəli termiki yanığı. Qeyd olunan xəsarətlər yerli hərarətin (alovun) təsirindən törənmişdir. Törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yanğm-texniki ekspertizası tədqiqinə dair xx.xx.2023-cü il tarixli, 10/6169 nömrəli rəyindən görünür ki, Sumqayıt şəhəri, Nəsimi parkına yerləşən "xxxx" kafesinin mətbəxində partlayışın mənbəyi, mətbəxdə quraşdırılmış “kürə” sobasının daxilində olmuşdur. Partlayışa səbəb, “kürə” sobasının qaz kranının açıq vəziyyətində sobanın forsunkasından sobanın daxilinə təbii qazın sızması, qaz hava qarışığının əmələ gəlməsi və həmin qarışığın sobaya daxil edilən açıq alovun təsirindən alışması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 9.237 bəndinin və “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin 4; 6 bəndlərinin tələbləri pozulmuşdur. Sumqayıt şəhəri, Nəsimi parkında yerləşən "xxxx" kafesinin administratoru X1 mətbəxində quraşdırılmış “kürə” sobasını işə saldıqda (yandırdıqda) sobanın odluğuna qaz kranının açıq vəziyyətində yandırılmış alışdırıcı mənbəni yaxınlaşdırdığına görə, onun özü tərəfindən “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 9.237 bəndinin tələbi pozulmuşdur. X2 əməyin mühafizəsi üzrə nəzəri bilikləri yoxlanılmadan və ilkin təlimatlandırma aparılmadan işləməsinə yol verildiyinə görə, “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin 4; 6 bəndlərinin tələbləri partlayış hadisəsi baş vermiş "xxxx" kafesinin sahibi tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”ından əldə edilmiş çıxarışa görə, “Liman Firması” xx.xx.1991-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış, təşkilati hüquqi forması “digər kommersiya təşkilatı”dır. Hüquqi ünvanı ünvan 2arışın tarixi xx.xx.2014-cü ildir. Qanuni təmsilçisi Nümayəndədur. Araşdırmaya təqdim edilmiş 2G6TWTZ000101 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişinə görə, X9 “Liman Firması”nda (VÖEN **********) aşbaz vəzifəsinə işə götürülmüşdür. İşəgötürənin tam adı “Liman Firması”dır. İşə götürənin səlahiyyətlərini yerinə yetirən şəxs Nümayəndədur. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ilkin yoxlama materialı üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən, AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun etirafedici izahatı, işdə olan digər sübutlar ilə təsdiq edilir. Bu səbəbdən "xxxx" firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsinə görə Əməyin mühafizəsi qaydalarının pozulmasına yəni işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə- beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin “Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin və İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Plenum Qərarına əsasən Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1-ci və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. İş materiallarından görünür ki, hadisə 07 iyul 2023-cü il tarixdə baş verdiyindən, inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu hissəsinə görə Əməyin mühafizəsi-işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmin Məcəllənin 207-ci maddəsinə əsasən işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. İşəgötürən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 217-ci maddəsinə görə işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Həmin Məcəllənin 222-ci maddəsinin 6-cı hissəsinə görə işəgötürən işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını və təmirini təmin etməlidir. Həmin Məcəllənin 238-ci maddəsinə görə işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. “Müəssidə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərin yoxlanılması haqqında nümunəvi əsasnamənin” 1-ci bəndinə görə müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında bu Nümunəvi Əsasnamə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müəssisə işçilərinin əməyin mühafizəsi üzrə məcburi təlimini və biliklərinin yoxlanılmasını nəzərdə tutan 215, 219-cu maddələrinin həyata keçirilməsi məqsədi ilə hazırlanmışdır Həmin Əsasnamənin 4-cü bəndinə görə işə başlamış işçilərin əməyinin mühafizəsi üzrə biliklərinin yoxlanılması onların vəzifəyə təyin edildikləri gündən sonra bir aydan gec olmayaraq, işləyənlərin isə dövrü olaraq üç ildə bir dəfədən az olmayaraq həyata keçirilməlidir. Həmin Əsasnamənin 6-cı bəndinə görə Müəssisədə işə başlamamışdan əvvəl işçilər, əməyin mühafizəsi üzrə mühəndisin və ya müəssisə rəhbərinin əmri ilə bu vəzifə həvalə edilmiş şəxsin apardığı ilkin təlimatlandırmadan keçərək müəssisədə (bölmələrdə) əməyin mühafizəsinin, şəraitinin, istehsal zədələnmələrinin və peşə xəstəliyinin vəziyyəti ilə, müəssisədə kollektiv müqavilə, əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlarla ilə, müəssisədə (bölmədə) əməyin mühafizəsini təmin etmək üzrə özünün vəzifə borcları ilə; əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək; verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək; əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək, işçilərin təhlükəli və zərərli istehsalat amillərindən fərdi və kollektiv mühafizə vasitələri ilə təmin olunmasının qayda və vəziyyəti ilə tanış olmalıdırlar. Normaların məzmunundan aydın olur ki, işə başlanılmazdan öncə işəgötürən əməyin mühafizə qaydalarının təmin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün tədbirləri görməlidir. Məhkəmə iclası zamanı izahatı alınmış Ramin Mustafayev bildirdi ki, hadisənin baş verməsinə səbəb olmuş kürədən istifadə qaydaları ilə bağlı müəssisədə işə başlamazdan öncə hər hansı şəxs tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı onlara hər hansı bir təlimat keçirilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Liman firması Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş əməyin mühafizə qaydalarını təmin edə bilməmiş, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ həyata keçirilməmiş və nəticədə inzibati xəta törətmişdir. İnzibati xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi və tənbeh edilməsi üçün sadalanan şərtlərin mövcudluğu mütləq zəruridir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab edilir. İnzibati xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirindən törəyir. Məhkəmə araşdırması zamanı "xxxx" firmasının məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" Firması barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyri və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Liman Firması hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb edilməli, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar