Məhkəmə qərarları › İş №3(060)-2878/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2878/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2878/2024 09.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X7 vəkili - Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Vəkil, Protokol tərtib etmiş orqanın nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından X7 verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199cu maddəsi ilə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X13 şikayət verərək MN №1808032 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-in Bakı Şəhər İdarəsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli MN №1808035 inzibati tənbeh vermə haqqında Qərarı ilə “Körpü-Bina-Tikinti’' MMC-nin direktoru X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1.000(bir min manat) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. DƏMX-in Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərarı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəhləsi X2 xx.xx.2024-cü il tarixdə, saat 08:40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə tərtib edilmiş Təhqiqat Aktının 4-cü bəndinin (bədbəxt hadisənin səbəbləri) və 6-cı bəndinin (əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi) tələbləri pozularaq əsassız, qanunsuz və qərəzli olaraq tərtib edilmişdir. Cəmiyyətin direktoru barəsində tərtib edilmiş 06 noyabr 2024-cü il tarixli, MN2122397 nömrəli inzibati xəta haqqında protokolun müəyyən edilmiş sübutlar hissəsində təhqiqat materialları təsdiqedici sübut kimi qeyd edilsə də, tərtib edilmiş təhqiqat aktında – MMCnin direktorunun məsuliyyəti müəyyən edilməmişdir. "xxxx" MMC-nin direktorunun protokolun tərtib olunma tarixi və yeri barədə bildiriş cəmiyyətə daxil olmamış və təqdim edilməmişdir. Bakı Şəhər İdarəsinin baş əmək müfəttişi Əliyev Elşən Aydın oğlu tərəfindən tərtib edilmiş 06 noyabr 2024-cü il tarixli, ******* nömrəli protokol üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixdə saat 11:00 təyin edilmiş xx.xx.2024-cü il tarxli bildiriş cəmiyyətə poçt şöbəsi vasitəsilə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Və şikayətçi barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN1808032 saylı qərar məlumatımız olmadığı üçün iştirakımız olmadan baxılmışdır. Həmçinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəhləsi X2 xx.xx.2024-cü il tarixdə, saat 08:40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı Binəqədi Rayon Prokurorluğu tərəfindən aparılmış və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında icraatın başlaması haqqında qərara əsasən aparılmış Əməyin Təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli 10-5734 nömrəli rəyində "xxxx" MMC-nin iş icraçısı X8 tərəfindən vəzifə təlimatının “hündürlükdə iş zamanı texniki Təhlükəsizlik qaydalarının 3.2.1-ci bəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bundan başqa onun barəsində tərtib edilmiş protokolda cəmiyyətin direktoru tərəfindən iş yerində sağlam təhlükəsiz əmək şəraitinin təmin edilmədiyi qeyd edilsə də, nə Əmək Məcəlləsində, nə də əmək qanunvericiliyinə dair normativ hüquqi aktlarda sağlam və təhlükəsiz əmək şəraitinin anlayışı, nə də bu şəraitin nədən ibarət olması qeyd olunmamışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin vəkili Vəkil şikayəti müdafiə edərək bildirmişdir ki, şirkət tikinti işləri həyata keçirir. Orada işləyən işçilərdən olan Şamil Mahmudovun başına gələn hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılmış, bu araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şirkətin digər əməkdaşı bu hadisəylə bağlı məhkəmə tərəfindən 1500 manat məbləğində cərimə edilmişdir. Həmin qərarlardakı izahatlara əsasən hadisənin istehsalatda baş verən qəza olmadığı, şəxsin telefonla danışarkən yıxılıb xəsarət aldığı açıq-aşkar görünür. Həmçinin, hadisə ilə bağlı İz aktı da tərtib edilməmişdir. Şəxs özü də izahatında bildirmişdir ki, telefonla danışarkən yıxılmışdır. Eyni hadisə ilə bağlı şirkətin digər əməkdaşı da dəvət olunaraq barəsində protokol tərtib edilmişdir. Həmçinin, MMC-nin direktoru X13 barəsində inzibati icraat aparılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Əmək Müfəttişliyi araşdırma zamanı onları dəvət etsə də, göndərilən məktub ünvana vaxtında çatmamışdır. Həmin məktub şirkətə noyabr ayının 21-də daxil olmuşdur. Qeyd edilənlərə əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. Protokol tərtib etmiş orqanın nümayəndəsi X11 məhkəmə iclasında bildirmişdir ki, şikayət tam əsassızdır. Belə ki, "xxxx" MMC-nin direktoru Xaliq Göyüşovun barəsində aparılan icraat barədə xx.xx.2024-cü il tarixli iclasa dair protokola dəvət məktubu insan resursları departamentinin müdiri X3 elektron poçt ünvanına xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Daha sonra isə "xxxx" MMC-nin direktoru Xaliq Göyüşova xx.xx.2024-cü il tarixli protokol və sonuncu barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında işə baxılmasına dair bildiriş məktubu göndərilmiş, lakin, barəsində icraat aparılan şəxs inzibati xəta haqqında işdə iştirak etməmiş və nümayəndəsinin iştirakını da təmin etməmişdir. X12 tərəfindən aparılmış təhqiqatla əlaqədar bildirmişdir ki, həmin mənzilin pərcərəsi və eyvanın məhəccəri vurulmamış, açıq vəziyyətdə olmuş və fəhlə telefonla danışarkən ayağı ilişib yıxılmışdır. Qeyd edilən hadisə iş vaxtı baş vermədiyi üçün istehsalat qəzası hesab edilməmişdir. "xxxx" MMC-nin direktoru Xaliq Göyüşov barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərar işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi səbəbi ilə tərtib edilmişdir. Belə ki, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın təsdiq edilməsi barədə Fövqəladə Hallar Nazirliyinin 24 oktyabr 2016-cı il tarixli Qərarının 5.4-cü bəndinə əsasən hündürlükdən yıxılma, yuxarıdan düşən materiallar, alətlər və əşyalardan, eləcə də quraşdırılma, xidmət göstərmə, təmir, montaj və ya sökülmə prosesində konstruksiya hissələri ilə xəsarət alma mümkün olan yüksək təhlükəli zonaya işçilərin və kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün işəgötürən bu zonanın hasarlanmasını təmin etməlidir. Hasarlanma tor vasitəsilə və ya digər şəkildə elə çəkilməlidir ki, 100 kq-dan artıq yükü saxlamağa davamlı olsun. Lakin, qeyd edilən hasarlanma təmin edilməmiş, tor quraşdırılmamışdır. Sadəcə olaraq bəzi işçilərin izhatlarında xəbərdaredici lentin olduğu bildirilsə də, "xxxx" MMC-də baş usta işləyən X9 izahatında isə Şamil Mahmudlunun yıxıldığı 3-cü mərtəbədə çəpərləmə və xəbərdaredici nişanların olmadığı qeyd olunmuşdur. Bundan başqa, tərtib edilmiş təhqiqat aktının 5-ci bəndində bədbəxt hadisənin səbəblərinin aradan qaldırılması üzrə tədbirlər-İşçilərin yıxılma təhlükəsi olan yerlərə giriş-çıxışı qadağan edən hasarlanmanın tətbiq edilməsi öhdəliyi qoyulmuşdur. Eyni zamanda nümayəndə bədbəxt hadisə baş verməsə belə, işəgötürənin əməlində İXM-in 199-cu maddəsinin tərkibinin mövcud olmasını qeyd etmişdir. Belə ki, hündür mərtəbəli binaların tikintisi ilə əlaqədar işəgötürənin vəzifəsidir ki, işçilərin sağlam və təhlükəsiz əmək şəraitini təmin etsin. Göstərilənlərə əsasən protokol tərtib etmiş orqanın nümayəndəsi qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-də insan resursları departamentinin müdiri vəzifəsində işləyir və hazırki işlə əlaqədar bütün xüsusatlarla özü məşğul olmuşdur. İnzibati qərar qəbul etmiş orqanın nümayəndəsinin sualına cavab olaraq protokola baxılması ilə əlaqədar onun elektron poçt ünvanına məktub daxil olmasını, lakin qərarın qəbul edilməsi ilə əlaqədar bildirişin göndərilmədiyini bildirmiş, X12 Xidmətinin işçisi Elşən Əliyevlə əlaqə saxladığını, Elşən ona hadisənin istehsalat qəzası olmaması və bu səbəbdən də İz aktının tərtib edilməsinə ehtiyac olmadığını bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, "xxxx" MMC-də fəhlə işləyən Şamil Mahmudlu 5-ci mərtəbədə iş görməli olduğu halda, ona zəng gəlmiş və o, telefonla danışa-danışa 3-cü mərtəbədə yerləşən mənzilə daxil olmuş, həmin mənzilin eyvanında ayağı ilişərək qumun üzərinə yıxılmışdır və onun yıxıldığı mərtəbədə xəbərdaredici lent olmuşdur. Bədbəxt hadisə Şamilin məsuliyyətsizliyi ucbatından baş vermişdir. O, kaska və kəmərlə təchiz edilmiş, lakin öz diqqətsizliyindən yıxılmışdır. Bunu Şamil izahatında özü də etiraf etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: DƏMX-in BŞİ-nin rəis müavini X14 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından görünür ki, cəmiyyətin işçisi X2 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə əlaqədar cəmiyyətin direktoru X13 tərəfindən işçi iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməmişdir. X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən toplanmış material üzrə "xxxx" MMC-nin iş icraçısı X8 və qeyrilərinin əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilməməsi əsası ilə cinayət işinin başlanması rədd edilmiş, vəzifəli şəxs, "xxxx" MMC-nin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan iş icraçısı X1 barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat açılaraq toplanmış material baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin 3(001)-5071/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə vəzifəli şəxs qismində X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aparılmış təhqiqatın nəticəsi olaraq X6 Bakı şəhər İdarəsinin baş məsləhətçisi Əliyev Elşən Aydın oğlunun sədrliyi, "xxxx" MMC-nin əməyin mühafizəsi və texniki tehlükəsizlik şöbəsinin rəisi X5 və insan resursları departamentinin müdiri X10 tərəfindən təhqiqat aktı tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən X6 Bakı şəhər İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş bildirişdən görünür ki, "xxxx" MMC-nin direktoru Xaliq Göyüşovun barəsində aparılan icraat barədə xx.xx.2024-cü il tarixdə baxılacaq protokola dəvət məktubu İnsan resursları departamentinin müdiri X3 elektron poçt ünvanına xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Məhkəmə X7 şikayətinin dəlillərini iş materiallarında olan və məhkəmə iclasında təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və bu səbəbdən də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə- yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın təsdiq edilməsi barədə Fövqəladə Hallar Nazirliyinin 24 oktyabr 2016-cı il tarixli qərarının 5.3-cü bəndinə əsasən hündürlükdə işlər icra edilən yerin altında (aşağısında) işlərin görülməsi zamanı yüksək təhlükə zonası müəyyən edilir, işarələnir və hasarlanır. Təhlükəli zonanın müəyyən edilməsi bu Qaydalarda (11 nömrəli Əlavə) nəzərdə tutulmuşdur. İşlər bir şaquli xətt boyunca yerinə yetirildiyində, aşağı yerlər iş yerindən şaquli xətt üzrə 6 m məsafədən çox olmayaraq quraşdırılan müvafiq qoruyucu qurğularla (döşəmələrlə, torla, sipərlə) təchiz olunmalıdır. Həmin Qərarın 5.4-cü bəndinə əsasən hündürlükdən yıxılma, yuxarıdan düşən materiallar, alətlər və əşyalardan, eləcə də quraşdırılma, xidmət göstərmə, təmir, montaj və ya sökülmə prosesində konstruksiya hissələri ilə xəsarət alma mümkün olan yüksək təhlükəli zonaya işçilərin və kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün işəgötürən bu zonanın hasarlanmasını təmin etməlidir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən hündürlükdə görülən işlərə aşağıdakılar aiddir:1.3.1. işçinin 1,8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu işlər;1.3.2. işçinin üfüqi səthə nisbətən mailliyi 75o-dən çox olan nərdivanla (pilləkənlə) 5 m-dən çox hündürlüyə qalxması və ya hündürlükdən enməsi zamanı görülən işlər;1.3.3. hündürlüyü 1,8 m-dən çox olan hasarlanmamış yerdən 2 m-ə yaxın məsafədə yerləşən, eləcə də qoruyucu hasarının hündürlüyü 1,1 m-dən kiçik olan meydançalarda görülən işlər; 1.3.4. su səthinin, çıxıntılı əşyaların, maşın və ya mexanizmlərin üzərində yerinə yetirilməsi zamanı, işçinin 1,8 m-dən az hündürlükdən düşməsi mükünlüyü ilə əlaqədar olan risklərin mövcud olduğu işlər. Həmin Qərarın 5.18-ci bəndinə əsasən işçilərin düşə biləcəyi divardakı oyuqlar qapanır, hasarlanır və ya təhlükəsizlik nişanları ilə işarələnirlər. Məhkəmə şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından, məhkəmə iclasında iştirak edən şəxslərin verdikləri izahatlardan görünür ki, "xxxx" MMCnin direktoru X13 tərəfindən işçilərin sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi həyata keçirilməmişdir. Belə ki, məhkəmə iclasında ifadə verən şahid G.Məmmədova ifadəsində Ş.Mahmudlunun yıxıldığı mərtəbənin qapı və pəncərəsində xəbərdaredici lent olduğunu bildirmişdir. Eyni zamanda, X6 Bakı şəhər İdarəsinin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilən "xxxx" MMC-də baş usta işləyən X9 xx.xx.2024-cü il tarixli izahatında Şamil Mahmudlunun yıxıldığı 3-cü mərtəbədə çəpərləmə və xəbərdaredici nişanların olmadığı qeyd edilmişdir. Beləliklə, göründüyü kimi xəsarət alma mümkün olan yüksək təhlükəli zonaya işçilərin və kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün işəgötürən tərəfindən bu zonanın hasarlanması təmin edilməmişdir. Məhkəmə şikayət verən şəxsin inzibati icraatın ona məlumat verilmədən və iştirakı təmin edilmədən aparılmasına dair dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında təqdim edilmiş bildirişlərdən görünür ki, "xxxx" MMC-nin direktoru Xaliq Göyüşov onun barəsində aparılan icraata dair xx.xx.2024-cü il tarixdə baxılacaq protokol və xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında işə baxılması barədə məlumatlandırılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, X7 şikayətinin dəlilləri iş materialları və məhkəmə iclasında təqdim edilmiş sübutlarla təkzib edildiyindən şikayət təmin edilməməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlansın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar