Məhkəmə qərarları › İş №3(060)-3491/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3491/2025

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3491/2025 05.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, X2 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xüsusi texniki vasitələrin köməyi ilə etibarnamə ilə idarə etdiyi LEXSUS LX 570 markalı **- SF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsə xx.xx.2025-ci il (AYN1831302) tarixində elektron protokollar tərtib olunmuşdur. İİİ qrup Qarabağ müharibəsi əlillidir.(arayış əlavə olunub) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən barəsində çıxarılan qərar əsasızdır. Belə ki, nəqliyyat vasitəsinin, əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş parklanma yerində saxlayıb. Bundan əlavə sözügedən avtomobilini parklandığı məntəqədə mövcud 5.15 “Duracaq yeri” məlumatverici nişanın, nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulunu müəyyən edən 7.6.1, və 7.8 “Pullu xidmətlər” əlavə məlumat nişanlarının yolun sağ tərəfində quraşdırılsa da yerdə hər hansı bir işarə olmamışdır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibatı xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq əsasən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən barəsində tərtib olunmuş xx.xx.2025 tarixli AYN1831302 №-li elektron qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 şikayətin mahiyyətinə uyğun izahat verərək məhkəmədən barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, Elman Məcidov barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 14:07:31-də Ağa Neymətulla-28032 ünvanında “LEXUS LX570 MİNİK” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parkalnma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə Azərbaycan Respublikası İXM-in 346-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə “LEXUS LX570 MİNİK” markalı avtomobilinin arxa hissəsinin və ön hissəsinin fotoları çəkilərək elektron qərara əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 7 nömrəli tibbi-sosial ekspert komissisyasının çıxarışından görünür ki, X5 üçüncü dərəcəli əlildir. Məhkəmə hesab edir ki, İXM-in 53.2-ci maddəsinə əsasən Elman Məcidovun təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətçi müraciətində nəqliyyat vasitəsinin parklanma yerində 7.6.1 (parklanma qaydası) və 7.8 (pullu xidmətlər) məlumat nişanlarının yolun sağ tərəfində quraşdırıldığını bildirmişdir. Məhkəmə iş materialları ilə tanış olarkən müəyyən etmişdir ki, AYNA əməkdaşı tərəfindən xüsusi texniki vasitə ilə avtomobilin ön və arxa hissəsinin, həmçinin məlumat nişanlarının fotoşəkilləri çəkilmiş, lakin şikayətçinin məhz həmin nişanların təsir dairəsində nəqliyyat vasitəsini park etməsi sübuta yetirilməmişdir. Avtomobilin ön hissəsinin fotoşəklində ərazidə yol nişanının olması görünsə də, həmin nişanın növü və mahiyyəti müəyyən edilmir. Bununla da, İXM-in 8-ci maddəsinə əsasən inzibati xəta haqqında icraatda mövcud olan şübhələr şikayətçinin xeyrinə həll edilməlidir. Bundan başqa şikayətçi Elman Məcidovun Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik dərəcəsinin olması da iş üzrə nəzərə alınmalı haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 346-1.3-cü maddəsinin dispozisiyasında əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə sürücülərə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin olunsun. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Yerüstü Nəqliyyat X1 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin, ona hesablanmış dəbbə pulunun və cərimə balının silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar