Məhkəmə qərarları › İş №3(060)-378/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-378/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-378/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi – 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində 05 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, “Gəmi” ailəvi istirahət mərkəzinin icarəçisi Şəxs tərəfindən tullantı sularının təyinatlı olaraq çöl əraziyə axıdılması faktı müəyyən edilmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında nümayəndə X3 bildirdi ki, protokol tərtib olunmasına əsas xx.xx.2025-ci il tarixdə Xəzər dənizi sahillərində aparılan monitorinq zamanı müəyyən olunmuşdur ki, “Gəmi” ailəvi istirahət mərkəzində formalaşan çirkab suları təyinatsız olaraq axıdılaraq Xəzər dənizi sahilində çimərlik zonada qalaqlanmışdır. Bununla bağlı olaraq “Gəmi” istirahət mərkəzinin icarədarı Şəxs inzibati araşdırmaya dəvət olunmuş, verdiyi yazılı izahatında istirahət mərkəzinin genetik şambosunun nasosxanasında müəyyən qəza baş verdiyinə görə çirkab sularının ümumi kanalizasiya şəbəkəsinə axıdılması mümkün olmamış, nəticədə şambo daşaraq ətraf ərazilərə, dolayısı ilə Xəzər dənizinin çirklənməsinə səbəb olmuşdur. Onun iştirakı ilə akt tərtib olunmuş, özü akta imza edərək bir nüsxəsini almışdır. Həmçinin İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və protokolu da imza etməklə bir nüsxəsini almışdır. Fotoşəkillərdən də görünür ki, su hövzəsini çirkləndirməsə də lakin qumluq hissədə çirkab suları yığılıb qalmışdır. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən, aktdan, Şəxs özünün yazılı izahatından hesab olunur ki, inzibati xəta öz təsdiqini tapmışdır. Buna görə də Şəxs İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, hadisə yerinin fotoşəkilləri,özünün etirafedici izahatı və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 88814 nömrəli, 05 fevral 2025-ci il tarixli baxış aktından görünür ki, “Gəmi” ailəvi istirahət mərkəzinin icarəçisi Şəxs tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 45 və 103-cü maddələrinin tələbləri pozulmuşdur. Ərazidə çəkilmiş fotoşəkillər baxış aktına əlavə olunmuşdur. - Şəxs tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilmiş izahatdan görünür ki, “Gəmi” ailəvi istirahət mərkəzinə məxsus şambolardan çirkab suları kanalzasiya borusuna vurulması üçün nasos quraşdırılmışdır. Həmin nasosda baş verən texniki nasazlıq nəticəsində formalaşan çirkab suyu “Gəmi” istirahət mərkəzinin çimərliyə yaxın ərazisinə axaraq toplanmışdır. Bu hal dərhal aradan qaldırılacaqdır. Nəzərə alınması xahiş olunur. - 02.24 nömrəli, xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” mülkiyyət sənədi ilə X1 məxsus olan, vergi orqanında **********-29003 kodla icarə obyekti kimi qeydiyyatdan keçmiş Sumqayıt şəhəri, Novxanı şossesi, Sahil zolağı ünvanında yerləşən, ümumi sahəsi 1600 kv.m olan, qeyri-yaşayış sahəsinin 500 kv.m-ni “İcarəçi”yə istifadə etmək məqsədilə icarəyə verir. Azərbaycan Respublikası Su Məcəlləsinin: - 45-ci maddəsinə əsasən sudan istifadə edənlərin su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək, sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etmək, tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməmək, su servitutları əsasında başqa su obyektləri istifadəçilərinə verilmiş hüquqların pozulmasına, habelə təsərrüfat və təbii obyektlərə (torpaq, meşə, heyvanlar aləmi, faydalı qazıntılar və sair) zərər vurulmasına yol verməmək, su obyektlərindən təyinatına görə istifadə etmək, su təsərrüfatı qurğularını və texniki avadanlığı saz vəziyyətdə saxlamaq, onların iş keyfiyyətini yaxşılaşdırmaq, sudan istifadənin uçotunu aparmaq, bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sularına görə ödəmələri və cərimələri vaxtında vermək, Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək vəzifələri vardır. - 103-cu maddəsinə əsasən Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. -17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Eyni zamanda həmin Məcəllənin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Gəmi” ailəvi istirahət mərkəzinin icarəçisi xx.xx.1988-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Vənənd kəndində anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Vənənd Ərazi Dairəsi, Vənənd kəndində qeydiyyatda olan vəzifəli şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 800 (səkkiz yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Naxçıvan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar