Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-818/2025 21.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin inzibati xəta haqqında 17 mart 2025-ci il tarixli, EP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 485.2-ci maddəsinə əsasən tərtib edilmiş 17 mart 2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Azərbaycan Respublikası ünvan 1 ünvanına DD840ND/DD840G nömrə nişanlı nəqliyyat vasitəsində gəlmiş “xırda buynuzlu heyvanlar” yükünə dair idxalatçı tərəfindən mövcud qanunvericiliyə əsasən X3 təqdim olunmalı olduğu halda qeyd olunan yük “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə gətirilərkən, qanunvercilikdə müəyyən edilmiş müddət ərzində gömrük orqanına X3 təqdim edilməmiş, bununla da adı çəkilən fiziki şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan yükə dair X3 xx.xx.2024-cü il tarixində saat 17:36 radələrində qeydiyyata alınmasına baxmayaraq DD840ND/DD840G dövlət nömrə nişanlı nəqliyyat vasitəsi gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə saat 17:42 radələrində daxil olmuşdur. Qeyd olunan faktla bağlı Tovuz Gömrük idarəsi Əməliyyat və Təhqiqat şöbəsində İXM-nin 485.2-ci maddəsi ilə xx.xx.2025-cü il tarixdə, 00200-01646/25 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində Sumqayıt şəhəri, Təzə Kotec, ev 166 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına xx.xx.2025-ci il tarixli, 3-33-2000/2- 000834/2025 saylı məktub göndərərək şirkətin səlahiyyətli nümayəndəsi Tovuz Gömrük İdarəsinə dəvət edilmiş, lakin şirkətin nümayəndəsi gəlməmiş və ya hər hansı üzürlü səbəb bildirməmişdir. Beləliklə, Sumqayıt şəhəri, Təzə Kotec, ev 166 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən X3nin qanunvericilikdə müəyyən edilmiş müddət ərzində təqdim edilməsi təmin olunmamışdır, nəticədə həmin MMC tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş TGİnin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, **********4417 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Gürcüstan Respublikasından kəsim üçün 500 baş diri xırda buynuzlu heyvanlar yükü daxil olmuşdur. Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********4417 sorğu nömrəli X3 xx.xx.2024-cü il tarixdə saat 17:36-da rəsmiləşdirilmək üçün Gömrük orqanına göndərilmişdir. **********4417 saylı X1 görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:42-də MMC-nin ünvanına göndərilən mallar ilə birlikdə DD-840-ND dövlət nömrə nişanlı, Renault 11 nəqliyyat markası Gömrük orqanına daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq edilmədiyindən, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada X3 verilir. X3nin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. X3nin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. X3ndə risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. X3nin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2ci bəndinə əsasən X3ndə risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada X3 verilir. X3nin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan X3ndə risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan X3 malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan X3 mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. İXM-nin 485.2-ci maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda X3nin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarında görünür ki, protokolun tərtib olunmasına əsas kimi Şəxs MMC-ə məxsus nəqliyyat vasitəsində xırda buynuzlu heyvanlara dair yüklə bağlı X3nin vaxtında təqdim edilməməsi olmuşdur. Hazırki işdən Şəxs MMC tərəfindən Gömrük orqanına Qısa İdxal bəyənaməsi mallar gömrük ərazisinə daxil olmamışdan 1 saat öncə deyil 06 dəqiqə öncədən verildiyi müəyyən edilmişdir. Bundan başqa X2 47-ci qrafasından görünür ki, MMC tərəfindən gömrük yığımı məbləğini təşkil edən 35 manat 40 qəpik məbləğində pul məbləği xx.xx.2024-cü il tarixdə ödənilmişdir. “Gömrük Yığımlarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il qərarının 1.1-ci bəndində - “Gömrük yığımlarının məbləğləri” Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 231.2-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarını müəyyən edir. Həmin qərarın 1.2-ci bəndinə əsasən Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiksal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir. İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən tərədilmiş xəta hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aşağıdaki hallar mövcud olmalı idi: 1. Şəxs MMC-nin öz hərəkətlərinin hüquqazidd xarakterini dərk etməsi, 2 bu hərəkətlərin zərərli nəticələrini qabaqcadan görməsi. 3 bu nəticələri arzu etməsi 4. Belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu MMC-nin məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlardan da məlum olur ki, adı çəkilən MMC-nin qanunvericiliyin müəyyən etdiyi tələblərdən yayınmaq, qanunla qorunan ictimai münasibətlərə qəsd etmək, hüquqazid hərəkət etmək niyyəti olmamış, yaxud təqsirli sayılan hansısa hərəkətə yol verməmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin ölkə ərazisinə gətirilən mallar üzrə X3ni verməkdən yayınmaq niyəti olsa idi, mallar ölkə ərazisinə gətirilməzdən öncə “X2” 47-ci qrafasında şirkət tərəfindən ödənilməli olan 35 manat 40 qəpik məbləğində gömrük yığımı məbləği ödənməmiş olmaqla, bu barədə mallar ölkə ərazisinə daxil olmazdan təxminən 06 dəqiqə öncə Gömrük orqanına X4 verilməmiş olardı. Lakin məhkəmə araşdırması zamanı qeyd edilənlərin tam əksi müşahidə edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan göstərilən hadisə ilə bağlı daha əvvəl protokol tərtib etməmiş, nədənsə hadisənin baş verdiyi gündən təxminən 08 ay sonra protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə hesab edir ki, Gömrük orqanı hazırki vəziyyətdə Şəxs MMC barəsində məhkəmə tərəfindən repsessiv (tənbehləndirici) tədbirlərin tətbiq edilməsinə nail olmağa çalışmış və bu məqsədlə protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Halbuki, bu kimi hallarda Gömrük orqanının preventiv (xəbərdaredici) xarakterli tədbirlər görməklə kifayətlənə bilməsini məhkəmə daha məqsədəmüvafiq hesab edir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-818/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-818/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver