Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-824/2025 29.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2004-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonunda qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, Şəxs İXM-nin 342.5 və 333- 1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmiş, bu səbəbdən Sumqayıt ŞPİnin DYPŞ tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs tərtib edilmiş protokolla razılaşmayaraq bildirdi ki, etibarnamə əsasında dayısına məxsus “Toyoto Corolla” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Koroğlu küçəsi ərazisində hərəkətdə olarkən yol polisi əməkdaşları onun avtomobili üzərində həbs olduğu üçün onu saxlamış, eyni zamanda avtomobilin şüşələrinə vinil çəkildiyini ona bildirmişlər. Bundan sonra inspektor ondan şübhələndiyini bildirərək və ona yoxlamadan keçmək üçün narkoloji dispanserə getməyi təklif etmiş, o da yol polisi əməkdaşı ilə birlikdə həmin ünvana getmişdir. Müayinə zamanı ondan nümunə götürələrək yoxlama aparılmış, narkotik vasitə olan Tramadol qəbulu faktı aşkarlanmışdır. O, buna inkar etmiş, narkotikdən heç vaxt istifadə etmədiyini bildirmişdir. O, bundan təxminən 2 saat sonra yenidən müstəqil şəkildə müayinə üçün Narkoloji Dispanserə müraciət etmiş, yoxlanışdan keçmişdir. Lakin növbəti yoxlamada narkotik vasitədən istifadə etmə faktı aşkar edilməmişdir. Bu barədə müvafiq “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə akt almışdır. Qeyd etdiklərinnni nəzərə alınmasını və əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş Sumqayıt narkoloji dispanserin feldşeri Şahid izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs adlı vətəndaş Sumqayıt şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis kiçik serjantı X1 tərəfindən Sumqayıt Şəhər narkoloji Dispanserinə müayinə üçün gətirilmişdir. Həmin vaxt saat 18:30 radələrində BC seriyalı 14947 test markası ilə sidik nümunəsində ekspress test üsulu ilə yoxlama aparılmışdır. Test 1 xətt, yəni Tramadol qəbulu faktı aşkarlanmışdır. Tramadol güclü təsirə malik narkotik tərkibli dərman vasitəsidir. Qeyd edir ki, Azərbaycan Respublikası NK-nin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarına əsasən bu testlərin dəqiqliyi təxminən 97-99%-dir. Həmçinin bildirir ki, qeyd edilən qərarın 3.6-cı maddəsinə əsasən müayinə olunan şəxs tibbi müayinə nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəsissəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Vətəndaş Şəxs yazılı qaydada ərizəsi olduğunda bu barədə NK-nin müvafiq qərarında göstərilən qaydada Narkoloji Dispanserin baş həkiminə məsələ ilə bağlı məruzə etmiş, akt tərtib olunaraq Vüsal Cabbarov, Altun Qasımov, Ramil Aqatov və özünün şəxsən iştirakı ilə təkrar ekspertiza keçirilmişdir. Təkrar müayinə keçirilən zaman digər test markası ilə sidik nümunəsi yoxlanılmışdır. Əgər testdə 2-ci xətt gözlə görünürsə, müayinənin nəticəsi neqativ sayılır. Təkrar müayinə zamanı 2-ci xətt gözlə görünən olmuş, bu səbəbdən nəticə neqativ, yəni narkotikdən istifadə etməsi faktı aşkar edilmədiyi həmin tibbi aktda göstərilmişdir. Vətəndaş adını dəqiq bilmədiyi dərman vasitələri istifadə edir. Hesab edir ki, hansısa dərman vasitələrinin təsirindən ilk müayinə zamanı test pozitiv aşkarlanmışdır. Gəlinən nəticə odur ki, Şəxs narkotikdən istifadə edilməsi faktı aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etməsi sübuta yetirilməmiş, onun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və barəsində İXM-nin 333-1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 1803 №-li protokoldan görünür ki, “Toyoto Corolla” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs şübhəli olduğu üçün müayinəyə göndərilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli, 1803 nömrəli aktdan görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:30-da müayinə olunmuş, ekspress test üsulu ilə müayinə zamanı sürücünün tramadol qəbul etməsi faktı aşkar edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, sonuncu narkotik vasitə qəbul etməsi faktının araşdırılmasını və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli Ərizədən görünür ki, Şəxs təkrar müayinə olunmaq üçün müraciət etmişdir. xx.xx.2025-ci il tarixli Aktadan görünür ki, Şəxs təkrar narkoloji müayinədən keçirilməsi haqqında komissiya yaradılmışdır. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tbbi müayinə” barədə A/605 saylı, xx.xx.2025-ci il tarixli protokola əsasən sürücü Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:40-da müayinə olunmuş, ekspress test üsulu (ACC 21-Tell seriya nömrəli ********) ilə müayinə zamanı sürücünün tramadol qəbul etməsi faktı aşkar edilməmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tbbi müayinə” barədə 1/3024 saylı, xx.xx.2025-ci il tarixli protokola əsasən sürücü Şəxs müayinə nəticəsi mənfi göstərir. AR Nazirlər Kabinetinin 209 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının 3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.3. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkimnarkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. 3.4. Müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. 3.5. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. 3.6. Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü ki, barəsində protokol tərtib edilmiş şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-da Sumqayıt Narkoloji dispanserdə yol patrul xidməti inspektorunun göndərişi əsasında tibbi müayinədən keçirilmiş, həmin vaxt onda narkotik vasitə olan tramadol istifadə etməsi faktı aşkar edilmişdir. Lakin o, bu nəticə razı olmamış, elə həmin gün bir iki saat sonra ərizə ilə dispanserin baş həkiminə müraciət etmiş, baş həkimin tapşırığı ilə yaradılmış komissiya üzvlərinin iştirakı ilə o, təkrar narkoloji müayinədən keçirilmiş bu dəfə onda narkotik vasitənin və psixiotrop maddələrin istifadə etməsi faktı aşkar edilməmiş, bu barədə xx.xx.2025-ci il tarixdə saat 20:40-a akt tərtib edilmişdir. Məhkəmə qanunun yuxarda qeyd edilən normalarını rəhbər tutub, o cümlədən işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, Şəxs əməlində İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və İXM-nin 53.0.2, 114.1.4 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-824/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-824/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver