Məhkəmə qərarları › İş №3(067)-1212/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1212/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1212/2023 24.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizəsi Xidmətinin nümayəndəsi Nümayəndə və protokolu tərtib edən Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizəsi Xidmətinin əməkdaşı X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.6-cı maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 SANAYİ VE TİCARET A.Ş. AND İNTEGRA CONSTRUCTİON KZ LLP JOİNT VENTURE” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.6-cı maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir, ondan ötrü ki, 18 sentyabr 2023-cü il tarixdə Y-27-01 indeksli R-1 (17 km) Çarxı-M. İlxıçı yerli əhəmiyyətli avtomobil yolunun 2-ci km hissəsində (avtomobil yolu ilə dəmir yolunun kəsişməsi) müvafiq icazə olmadan dəmiryol keçidinin yenidən qurulması ilə yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmuşdur. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizəsi Xidmətinin əməkdaşı X2 izahatında göstərmişdir ki, 18 sentyabr 2023-cü il tarixdə Çarxı-M. İlxıçı yol ərazisində Kolin-İnşaat MMC-nin qanunsuz qazıntı işləri aparmasını müəyyən edib protokol tərtib etmiş, tərtib edilmiş protokolu işçilərə təqdim etsə də protokolu qəbul etməkdən imtina etmişlər. Bu barədə də müvafiq qaydada akt tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizəsi Xidmətinin nümayəndəsi Nümayəndə izahatında protokolu tərtib edən X1 izahatını təsdiq edərək qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, qazıntı aparılan yol yerli əhəmiyyətlidir və dövlətin mülkiyyətinə aiddir. Təmir aparan şirkət isə müvafiq icazə almadan yolda qazıntı işləri aparmışdır. Bununla da, inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş X5 SANAYİ VE TİCARET A.Ş. AND İNTEGRA CONSTRUCTİON KZ LLP JOİNT VENTURE” MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin və protokolu tərtib etmiş şəxsin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, X5 SANAYİ VE TİCARET A.Ş. AND İNTEGRA CONSTRUCTİON KZ LLP JOİNT VENTURE” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və işdə olan digər sübutlar (materiallar) təsdiq edilir. Ona görə də X5 SANAYİ VE TİCARET A.Ş. AND İNTEGRA CONSTRUCTİON KZ LLP JOİNT VENTURE” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.6-cı maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, inzibati işə əlavə edilmiş materiallardan görünür ki, X5 SANAYİ VE TİCARET A.S.AND İNTEGRA CONSTRUKTİON KZ LLP JOİNT VENTURE” MMC müvafiq icazə almadan 18 sentyabr 2023-cü il tarixdə Y-27-01 indeksli R-1 (17 km) Çarxı- M. İlxıçı yerli əhəmiyyətli avtomobil yolunun 2-ci km hissəsində (avtomobil yolu ilə dəmir yolunun kısişməsində) “X5 Sanayi ve Ticaret A.Ş and İntegra Construction KZ LLP Joint Venture” Məhdud məsuliyyətli Cəmiyyəti tərəfindən avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmaqla yəni müvafiq icazə almadan dəmir yolu keçidinin yenidən qurmaqla inzibati xətaya yol verilməsi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”ndan müəyyən olunur ki, Y-27-01 indeksli yol yerli əhəmiyyətli yollara aiddir. Azərbaycan Respublikası Avtomobil Yolları haqqında Qanununun 18-ci maddəsinə əsasən Avtomobil yollarının dəmir yolları ilə kəsişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mövcud standart və normaların və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq müəyyən olunmuş qaydada təsdiq edilmiş layihə sənədləri əsasında həyata keçirilir. Avtomobil yolları mülkiyyətçiləri (sahibləri) dəmir yol mülkiyyətçilərindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə dəmir yolları ilə eyni səviyyəli kəsişmələrdə keçid qurğularının quraşdırılmasını tələb etməli, eyni zamanda yol qurğularının dəmir yolu hərəkətinə təhlükəli şərait yaratdığı hallarda dəmir yol mülkiyyətçilərinin tələbi ilə müvafiq tədbirlər görməlidirlər. Eyni səviyyəli dəmir yol keçidlərində dəmir yol mülkiyyətçiləri dəmir yol keçidlərindən istifadə qaydalarına uyğun olaraq müəyyən edilən məsafədə avtomobil yol sahələrini lazımi vəziyyətdə saxlamalıdırlar. Mövcud dəmir yol xətlərinin genişləndirilməsi və ya yenilərinin tikintisi ilə bağlı avtomobil yolları və dəmir yollarının kəsişmə qurğusu üzrə işlər dəmir yol mülkiyyətçilərinin vəsaiti hesabına həyata keçirilir. Belə kəsişmə qurğuları mövcud avtomobil yollarının genişləndirilməsi və ya yenilərinin tikintisindən irəli gələrsə, bu halda kəsişmə qurğusu avtomobil yol mülkiyyətçilərinin (sahiblərinin) vəsaiti hesabına həyata keçirilir. Dəmir yollarından keçən kəsişmələrdə onların mülkiyyətçiləri qatarların hərəkətinə rəhbərliyi təmin etməli və dəmir yolunun təhkim zolaqlarında işin görülməsinə razılıq verməli və texniki şərtlər qoymalıdır. Eyni səviyyəli dəmir yollarından keçən avtomobil yol keçidlərinin bağlanması və açılması haqqında qərarlar, dəmir və avtomobil yolları mülkiyyətçilərinin və müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul olunur. Bundan əlavə iş materiallarına əlavə olunmuş 16 ədəd fotoşəkil və 18 sentyabr 2023-cü il tarixli 2 ədəd Akt və foto və video əlavə edilmiş disklə X5 SANAYİ VE TİCARET A.S.AND İNTEGRA CONSTRUKTİON KZ LLP JOİNT VENTURE” MMC-nin inzibati xətanı törətməsi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, X5 SANAYİ VE TİCARET A.S.AND İNTEGRA CONSTRUKTİON KZ LLP JOİNT VENTURE” MMC-nin törətmiş olduğu inzibati xəta işə əlavə olunmuş sənədlərlə, inzibati xəta haqqında protokolla və işin digər halları ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, X5 SANAYİ VE TİCARET A.S.AND İNTEGRA CONSTRUKTİON KZ LLP JOİNT VENTURE” MMC–nə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.6-cı maddəsinə əsasən, Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni: dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Beləliklə də, iş materiallarından müəyyən olunur ki, X5 SANAYİ VE TİCARET A.S.AND İNTEGRA CONSTRUKTİON KZ LLP JOİNT VENTURE” MMC dövlət qurumundan müvafiq icazəni almadan, yerli əhəmiyyətli yollarda qazıntı işləri aparmış və bununla da inzibati xətanı törətmişdir. Məhkəmə işin hallarını və inzibati tənbeh tətbiq etmənin ümumi prinsiplərini, həmçinin inzibati xəta törədən şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək və başqa şəxslər tərəfindən inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq hesab edir ki, X5 SANAYİ VE TİCARET A.S.AND İNTEGRA CONSTRUKTİON KZ LLP JOİNT VENTURE” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.6-cı maddəsinin sanksiyası çərçivəsində cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “X5 SANAYİ VE TİCARET A.S.AND İNTEGRA CONSTRUcTİON KZ LLP JOİNT VENTURE” MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 3000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar