Məhkəmə qərarları › İş №3(125)-1550/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1550/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1550/2025 23.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, onun sürücülük hüququ var. Etibarnamə əsasında “VAZ-21074” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 20 aprel 2025-ci il tarixdə Gəncə şəhəri Xan bağı deyilən ərazinin yaxınlığında olan yolda təmir işləri ilə əlaqədar yol nişanları quraşdırılmışdı, bu səbəbdən də o, yol nişanlarının tələblərinə əsasən digər yola daxil oldu. Lakin bu zaman YPX inspektoru onu saxlayıb cərimə ediləcəyinii bildirdi. Səbəbini soruşduqda isə o ona bildirdi ki, bu yola daxil olmaq olmaz. O, buna etirazını bildirib, təmir işləri ilə əlaqədar müvəqqəti yol nişanlarının quraşdırıldığını və bu yola daxil olmaq üçün hər hansı məhdudiyyətin olmamağını, əksinə müvəqqəti quraşdırılmış yol nişanlarına əsasən bu yola daxil olmalı olduğunu qeyd etsə də onu saxlayıb barəsində əsassız inzibati cərimə barədə qərar qəbul etdilər. Bildirmək istəyir ki, hərəkət etdiyi yolda şikayətinə əlavə edəcəyi fotoşəkildən də göründüyü kimi 1.31.2 nişanı quraşdırılmışdı ki, bu da hər hansı məhdudiyyətin olmadığı mənasına gəlir, əksinə sürücü bu nişanları gördükdə ilk növbədə diqqətini artırmalı və şəraitə uyğun sürət seçərək hərəkətin təhlükəsizliyini təmin edəcək tədbirlər görməlidir. O da döngənin istiqamətinə uyğun olaraq yola daxil olmuş və hərəkət etmişdir. Lakin bununla əlaqədar onun barəsində əsassız və qanunsuz olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar tərtib edilmiş və inzibati cərimə yazılmışdır. Onun elə həmin vaxt çəkdiyi fotoşəkillərdən məlum olur ki, o, hər hansı inzibati xəta törətməmiş, əksinə həmin fotoşəkil onun təqsirsizliyini göstərən xüsusatdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin Vİ hissəsinə əsasən - müvəqqəti yol nişanları texniki göstəricilərinə və quraşdırılma yerinə görə daimi nişanlardan fərqlənməlidir. Müvəqqəti yol nişanlarının istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdır. Həmin maddənin Vİ-İ hissəsinə əsasən - eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Həmin Qanunun 69-cu maddəsinin İİ-İ hissəsinə əsasən - eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidir. Qeyd olunanlara əsasən barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN-in Gəncə şəhər DYPŞ-nin YPX-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, bildirmişdir ki, o, heç bir inzibati xəta törətməmişdir. Yəni o, yol nişanlarının tələblərinə əməl edərək avtomobili idarə etmiş və həmin vaxt yolda təmir işləri aparıldığı üçün yol nişanının istiqamətləndirdiyi tərəfə doğru hərəkət etmişdir. Qeyd edilənlər onun tərəfindən təqdim edilmiş fotoşəkil və görüntülərdən də aydın şəkildə görünür. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq, məhkəməyə təqdim edilmiş fotoşəkilə və DVD diskə baxış keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi qeyd olunsa da, məhkəmə iclasında qeyd edilən inzibati xətanın törədilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 tərəfindən təqdim edilmiş fotoşəkilə və DVD-diskdə olan görüntülərə baxış keçirib, sübutları müqayisəli şəkildə təhlil edib inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlmişdir. Məhkəmə iclasında sürücü yol hərəkət qaydasını pozmadığını, heç bir inzibati xəta törətmədiyini bildirmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Gəncə şəhər DYPŞ-nin üzərinə qoyulsa da, həmin orqan 23 may 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqan öz nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, həmçinin X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X2 barəsində Gəncə şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X4 barəsində Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar