Məhkəmə qərarları › İş №3(125)-1713/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1713/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1713/2023 07.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, X11 katibliyi, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi, Gəncə şəhər prokurorunun köməkçisi, Ramiz Nəbiyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi – QSC-nin Hüquq departamentinin Məhkəmə və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəis müavini X6, Şahidlər: "xxxx" QSC-nin Gəncə magistral lokomotivlərin X21 sabiq rəisi X2, "xxxx" QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin İnsan resursları bölməsinin aparıcı mütəxəssisi X4, "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə magistral lokomotivlərin X21 operativ texniki mərkəzin operatoru X5, "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə magistral lokomotivlərin X21 operativ texniki mərkəzin operatoru X7, X10, X15, “Global.az” onlayn ictimai-siyasi qəzetinin nümayəndəsi X3 iştirakı ilə, Hüquqi şəxs - "xxxx" QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 11 avqust 2023-cü il tarixdə Gəncə Şəhər Prokurorluğundan vətəndaş X10 əmək müqaviləsi olmadan əməyə cəlbi ilə bağlı Hüquqi şəxs - "xxxx" QSC-nin İnfrastruktur departamentinin Gəncə magistral lokomotivlərin X21 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərar və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, “Global.az” onlayn ictimai-siyasi qəzetinin nümayəndəsi X3 müraciəti ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs-Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin Qatarların idarə edilməsi xidmətinin X1 X21 rəisi X8 və Azərbaycan Dəmiryolları QSC-nin İnfrastruktur Departamentinin Qatarların idarə edilməsi xidmətinin İnsan Resursları bölməsinin aparıcı mütəxəssisi X12 Azərbaycan Dəmiryolları QSC-nin İnfrastruktur Departamentinin Qatarların idarə edilməsi xidmətinin vəzifəli şəxsləri olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 26 dekabr 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, müvəqqəti işləməyən, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Qırmızı kənd İnşaatçılar BYD sahə 62-də qeydiyyatda olmaqla yaşayan X13 Gəncə Magistral lokomotivlərin idarə edilməsi sahəsində operativ hesablama mərkəzinin mütəxəssisi işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə cəlb etmişlər. Buna görə də, toplanmış material üzrə hüquqi şəxs Azərbaycan Dəmir Yolları QSCnin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi Ramiz Nəbiyev izahat verərək bildirdi ki, iş materiallarında hüquqi şəxs - "xxxx" QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, həm inzibati xəta üzrə icraatın iştirakçılarının izahatları, həm də iş materiallarına əlavə edilmiş sübutlarla əməl tam olaraq sübuta yetirilir. İnzibati xətanının araşdırılması prosesində "xxxx" QSC-nin Gəncə magistral lokomotivlərin X21 sabiq rəisi X8 və QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin İnsan resursları bölməsinin aparıcı mütəxəssisi X12 izahat vermək üçün prokurorluğa çağırılsa da, gəlməkdən imtina etmişlər. Digər şahid ifadələri ilə əməl öz təsdiqini tapdığından material tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Ona görə də, məhkəmədən hüquqi şəxs - "xxxx" QSC-nin İnfrastruktur departamentinin Gəncə magistral lokomotivlərin X21 barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında “Global.az” onlayn ictimai-siyasi qəzetinin nümayəndəsi X9 bildirdi ki, törədilmiş inzibati xəta haqqında tərəfindən jurnalist araşdırması aparılmışdır. Hesab edir ki, "xxxx" QSC-nin Gəncə magistral lokomotivlərin X21 rəisi X8 öz fəaliyyətində inzibati xəta tərkibi yaradan pozuntuya yol vermişdir. Məhkəmədən hüquqi şəxs - "xxxx" QSC-nin İnfrastruktur departamentinin Gəncə magistral lokomotivlərin X21 barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi – QSC-nin Hüquq departamentinin Məhkəmə və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəis müavini X16 bildirdi ki, iş üzrə şahid qismində ifadə vermiş şəxslər öz ifadələrini təzyiq altında vermişlər. İnzibati xəta üzrə araşdırma zamanı "xxxx" QSC-nin Gəncə magistral lokomotivlərin X21 sabiq rəisi X2 və QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin İnsan resursları bölməsinin aparıcı mütəxəssisi X4 izahatları alınmamışdır. Əməldə inzibati xəta tərkibi olmaması əsasın ilə inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X18 bildirdi ki, o, QSC-yə işə qəbulla bağlı müraciət etmişdir. Onunla müvafiq görüş keçirilmiş, həm onun işlə tanış olması üçün, həm də məyyən işləri yerinə yetirib onun yoxlanması məqsədilə bir neçə günlük işə buraxılmışdır. İş yerində olduğu müddətdə qatarların hərəkət qrafikinin hazırlanmasında iştirak etmiş, bir sıra texniki işləri yerinə yetirmişdir. Təxminən 10 gün bu işləri gördükdən sonra onun işi bəyənilmiş, onunla əmək müqaviləsi bağlanaraq o işə qəbul edilmişdir. Təxminən bir ay işlədikdən sonra onun vəzifəsi ixtisara düşmüş, ona daha az maaşlı işə keçməsi təklif edilmişdir. O isə razılaşmamışdır. Bu səbəbdən işdən azad edilmiş, 3 əmək haqqı məbləğində ona kompensasiya ödənilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin Gəncə magistral lokomotivlərin X21 sabiq rəisi X8 bildirdi ki, X18 ilə işə qəbulla bağlı görüş keçirmişdir. Pərviz ondan işlə tanış olmağa şərait yaratmasını xahiş etmişdir. Sonralar İlkinin iş yerinə gəlib-gəlməməsi barədə məlumatı olmamışdır. Onun tərəfindən İlkinin işə cəlb edilməsi istiqamətində hər hansı bir hərəkət icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin İnsan resursları bölməsinin aparıcı mütəxəssisi X12 bildirdi ki, hər hansı şəxsin iş yerinə buraxılması və hər hansı işin görülməyə cəlb edilməsi məsələsi baş mütəxəssis kimi onun səlahiyyətlərinə aid deyil. İlkinlə bir dəfə iş görüşməsində iştirak etmiş, sonradan onun işə gəlib-gəlməməsi barədə məlumatsız olmuşdur. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə magistral lokomotivlərin X21 operativ texniki mərkəzin operatoru X14 bildirdi ki, iş yerində ona qarşı qanunsuzluqlar edilmişdir. Belə ki, o məzuniyyətə buraxılmır, vəzifəsinə aid olmayan işlərin görülməsinə cəlb edilir. Pərvizi tanıyır. O 2023-cü ilin may ayında işə cəlb edilmiş, təxminən 10 gündən sonra gəlməmişdir. Bir müddətdən sonra yenidən işə çıxmışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə magistral lokomotivlərin X21 operativ texniki mərkəzin operatoru X17 bildirdi ki, Pərvizi tanıyır. Pərviz bir neçə gün, işə qəbulu haqqında əmri imzalanmamışdan öncə iş yerində işlə tanış olmuş, əmri imzalandıqdan sonra işə çıxmışdır. Onun əmri imzalanmamışdan öncə işə çıxması təxminən 5 gün çəkmişdir. Məhkəmə iclasında şahid X22 bildirdi ki, həm özü, həm də həyat yoldaşı QSC-də çalışır. O xidmətin mexaniki pul hesablama məntəqəsində çalışmışdır. Pərvizi iş yerində görmüşdür. Pərviz onlarda eyni otaqda işlərin görülməsinə cəlb edilmişdir. İşə çıxdığı müddətdə qatar marşrutlarını elektron sistemə daxil etməklə məşğul olub. Sonradan Pərvizin işə qəbul əmri verilmədiyindən Pərviz işə çıxmaqdan imtina etmişdir. Əmr imzalandıqdan sonra işə çıxmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 04 avqust 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərardan görünür ki, hüquqi şəxs Azərbaycan Dəmir Yolları QSC-nin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. “İşə qəbul haqqında” Əmrin surətindən görünür ki, X18 20 iyun 2023-cü il tarixdən QSC-nin İnfrastruktur Departamentinin Qatarların idarə edilməsi xidmətinin X1 X21 Operativ texniki hesablama mərkəzinin mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrdən görünür ki, 11 avqust 2023cü il tarixdə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (5-ci hissə); əmək müqaviləsi bildirişi isə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir 5-1-ci hissə); - 7-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; - 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, işəgötürən "xxxx" QSC tərəfindən QSC-nin İnfrastruktur Departamentinin Qatarların idarə edilməsi xidmətinin X1 X21 Operativ texniki hesablama mərkəzinin sabiq mütəxəssisi X18 onunla bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmiş və bu fakt Gəncə Şəhər Prokurorluğunun araşdırması zamanı aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə "xxxx" QSC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş cərimənin aşağı həddində tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar