Məhkəmə qərarları › İş №3(125)-3326/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3326/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3326/2025 25.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidmətinin nümayəndələri Nümayəndə4 və Nümayəndə5 iştirakları ilə, "xxxx" Kiçik Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidmətinin 10 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Kiçik Müəssisəsinin Azərbaycan Respublikası İXM-in 262.2.3 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidmətinin 10 saylı X2 məsləhətçi müfəttişi Nümayəndə1 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Həmin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Kiçik Müəssisəsi tərəfindən Gəncə şəhəri ərazisində xx.xx.2025-ci il tarixədək istehsalat zamanı formalaşan tullantı suları təmizlənmədən və təyinatsız Gəncəçayına axıdılmışdır. Bu fakt 28 avqust 2025-ci il tarixli, 002020 nömrəli akt, 15 avqust 2025-ci il tarixli, 3/44 nömrəli akt və fotoşəkillər ilə təsdiq edilir. Nəticədə "xxxx" Kiçik Müəssisəsi tərəfindən AR İXM-in 262.2.3 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidmətinin 10 saylı X2 nümayəndəsi (aparıcı məsləhətçi-müfəttişi) Nümayəndə1 izahatında bildirmişdir ki, sərəncama əsasən müəssisəyə gedilmiş, yerində baxış keçirilən zaman vizual baxış nəticəsində müəssisədən Gəncəçayına axıdılan suyun tullantı suyu olduğu müəyyən edilmişdir. "xxxx" Kiçik Müəssisəsinin icraçı direktoru olan vəzifəli şəxsi olan X12 barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid izahat yazaraq çayda qazıntı işi gördüyünü və özünməxsus əkin sahəsinə su apardığını bildirmişdir. Şahid hazırda tərtib olunan protokola aidiyyəti yoxdur. Bununla bağlı araşdırma aparılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinə məktub göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidmətinin 10 saylı X2 nümayəndəsi (aparıcı məsləhətçi-müfəttişi) Nümayəndə2 izahatında bildirmişdir ki, müəssisə tərəfindən müəssisədə formalaşmış tullantı suları təyinatsız şəkildə su obyektinə, yəni Gəncəçayına axıdılmışdır. Bu videogörüntü və şəkillərlə təsdiq olunur. Müəssisə tərəfindən həmin tullantı suları ya quyu qazılıb ora axıdılmalı, ya da kanalizasiya şəbəkəsinə qoşulmalı idi. Müəssisə karxana fəaliyyəti ilə məşğul olur, subarteziandan götürülmüş su ilə xammalın yuyulması nəticəsində çirkli su yaranır və həmin su Gəncəçayına axıdılır. "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi dəvət edilsə də, icraatda iştirak etməkdən imtina etmişdir. Müəssisə tərəfindən tullantı sularına dair hesabat təqdim edilməli olmasına baxmayaraq təqdim edilməmişdir. Həmçinin müəssisə rəhbərinin dağ-mədən aktı olmadığına görə orada karxana fəaliyyəti ilə məşğul olmaq üçün heç bir səlahiyyəti yoxdur. Araşdırma zamanı "xxxx" Kiçik Müəssisəsinin öz fəaliyyətini dayandırması barədə hər hansı sənəd və ya icarə müqaviləsi təqdim edilməmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, su obyektlərinin ətrafında yerləşən müəssisələr potensial təhlükə mənbəyi olduqlarından Xidmət tərəfindən daim nəzarətdə saxlanılır və monitorinqlər keçirilir. Heç kimin şəxsiyyətini aydınlaşdıra bilmədikləri üçün ekskavatorun ban nömrəsi ilə Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edilmiş, X18 müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şahid hadisə zamanı şəxsiyyət vəsiqəsi tələb edilsə də, o, təqdim etməmişdir. Su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqlarının olması barədə məlumatı müəssisənin özü təqdim etməli idi, əgər bu məlumat təqdim edilmirsə, həmin qurğu və obyektin olmaması kimi nəzərə alınır. Protokol icarədar barəsində tərtib olunmalı idi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi (hüquqşünası) X5 izahatında bildirmişdir ki, müəssisənin rəhbəri oğlu X6r. Müəssisə tikinti materiallarının istehsalı və alqı-satqısı ilə məşğuldur. Müəssisə təxminən 1 il 4 aydır ki, rəsmi qaydada fəaliyyətini dayandıraraq icarə müqaviləsi əsasında içərisində olan avadanlıqlarla birlikdə ofis fiziki şəxs olan Şahid icarəyə verilmişdir. Müəssisənin yerləşdiyi torpaq sahəsi Gəncə şəhər İcra Komitəsinin sərəncamı əsasında 1992-ci ildə "xxxx" Kiçik Müəssisəsinə müddətsiz qaydada verilmişdir. Ümumiyyətlə müəssisə tərəfindən çirkab suları axıdılmır, həmin sular filtrləndikdən sonra içməli suya çevrilir. Xidmətin çağırışları əsasında dörd dəfə həmin orqanda iştirak etmişlər, müvafiq icarə müqaviləsi Xidmətə təqdim edilməmişdir. Xidmət tərəfindən tərtib edilmiş akt qanunsuz olmaqla, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilədir. Belə ki, fərmana əsasən sahibkarlıq sahəsində aparılan yoxlamalar vahid məlumat reyestrinə daxil edilməli, bunu təsdiq edən Ədliyyə Nazirliyinin sistemindən əldə edilmiş çıxarış yoxlama aparılarkən təqdim edilməli idi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, "xxxx" Kiçik Müəssisəsi ilə aralarında bağlanmış 03 fevral 2025-ci il tarixli icarə müqaviləsinə əsasən həmin tarixdən ünvan 1 ünvanda yerləşən tikinti materialları istehsal sahəsini avadanlıqları ilə birlikdə 10 (on) il müddətinə icarəyə götürmüşdür. Özünəməxsus VÖEN-lə həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 10 saylı X4 tərəfindən akt tərtib edilərkən hadisə yerində olmuşdur. Akt tərtib edən şəxs tərəfindən ona ümumiyyətlə həmin yerin kimə məxsus olması barədə sual verilmədiyi üçün o da özünü təqdim etməmişdir. Videogörüntülərdə olan su onun tərəfindən su obyektinə axıdılmışdır. İnzibati xəta üzrə protokolda göstərilən əməli o, törətmişdir, yəni istehsalat zamanı formalaşan tullantı sularını təmizlənmədən və təyinatsız Gəncəçayına məhz özü axıtmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidmətinin 10 saylı X2 nümayəndəsi (bölmənin rəis müavini) Nümayəndə4 izahatında bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus “bir pəncərə” sistemindən çıxarışlardan görünür ki, həm Şahid, həm də "xxxx" Kiçik Müəssisəsinin VÖEN-i aktivdir. İcarə müqaviləsinin həqiqiliyi onda şübhə doğurur. “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydasından görünür ki, əgər şəxs hardasa icarə müqaviləsi bağlayırsa və ya yenidən uçota düşürsə, Dövlət Vergi Xidmətinə müraciət edərək ona bildiriş verilir, həmçinin ona öz VÖEN-nə uyğun olaraq yeni kod verilir, bu isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus “bir pəncərə” sistemindən müəyyən olunmur. Şahid 03 fevral 2025-ci il tarixdən bugünədək vergi ödəməməsi hazırkı icarə müqaviləsinin inandırıcı olmadığını təsdiq edir. Həmçinin Şahid öz fəaliyyət növünü dəyişməli idi. Fəaliyyəti dayandırılan müəssisə icarə müqaviləsi bağlaya bilməz, çünki o, icarə müqaviləsindən gəlir əldə edir, həmçinin onun işçiləri var. "xxxx" Kiçik Müəssisəsi tərəfindən məhkəməyə təqdim edilmiş fəaliyyətinin dayandırılmasına dair sənəd onun VÖEN-inin aktiv olmasını təsdiq edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus “bir pəncərə” sistemindən çıxarışla təkzib olunur. Ona verilən suallara cavab olaraq bildirdi ki, su hövzələrinin yaxınlığında yerləşən müəssisələrin dislokasiyası aparılarkən "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi (hüquqşünası) X5 2025-ci ilin iyun-iyul aylarında Xidmətin 10 saylı X3 müraciət edərək fəaliyyətinin aktiv olduğunu bildirmişdir. "xxxx" Kiçik Müəssisəsinin göstərdiyi dəlillər onun məsuliyyətdən yayınmaq üçün gətirdiyi dəlillərdir. "xxxx" Kiçik Müəssisəsinin məhkəməyə təqdim etdiyi fəaliyyətinin dayandırılması barədə sənəd qanunsuz sənəddir. Protokol tərtib olunmamışdan qabaq inzibati araşdırma aparılan zaman "xxxx" Kiçik Müəssisəsindən məktubla sənədlər tələb edilməsinə və həmin məktubun "xxxx" Kiçik Müəssisəsinə çatmasına baxmayaraq heç bir sənəd təqdim edilməmişdir. Qanunsuz karxana fəaliyyəti ilə bağlı polisə də müraciət edilmişdir. Bundan əvvəl xx.xx.2025-ci il tarixdə qanunsuz qazıntı ilə məşğul olmasına dair Şahid tərəfindən izahat verilmişdir, faktiki olaraq Şahid "xxxx" Kiçik Müəssisəsinin işçisidir. Şahid fəaliyyəti ilə bağlı "xxxx" Kiçik Müəssisəsini məsuliyyətdən yayınmaq istəyir. Karxana Gəncəçay ilə sıfır məsafədə yerləşir, müəssisənin daş və qum istehsal edən avadanlığı çayın kənarındadır. Avadanlığın olmaması vizual müşahidə olunur. Sonda inzibati xəta haqqında protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidmətinin nümayəndəsi (hüquqşünası) Nümayəndə5 izahatında bildirdi ki, "xxxx" Kiçik Müəssisəsi tərəfindən Gəncə şəhəri ərazisində xx.xx.2025-ci il tarixədək istehsalat zamanı formalaşan tullantı suları təmizlənmədən və təyinatsız Gəncəçayına axıdılması müəyyən edilmiş, sözügedən inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi tərəfindən yoxlamanın sahibkarlıq fəaliyyətinin tələblərinə zidd olduğu qeyd edilsə də, inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş fakt vizual şəkildə müşahidə olunmuş, müəssisəyə daxil olunmamış və hər hansı sənədlər tələb edilməmişdir. Aparılan tədbirlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun predmetinə daxil olan yoxlama deyildir. Həmin Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Bu iş üzrə sahibkarlıq fəaliyyəti qiymətləndirilməmiş, istehsal prosesi və digər texnoloji proseslər araşdırılmamışdır. Aşkar olunan fakt sadəcə Gəncəçayın məcrasında aparılan nəzarət zamanı görülmüş real haldır. Tərtib edilmiş inzibati xəta haqqında protokol sahibkarlıq fəaliyyəti üzrə yoxlama nəticəsində deyil, su obyektindən istifadə və su mühafizə zonasında qanunvericiliyin tələblərinə riayət edilməsi vəziyyətinin qiymətləndirilməsi zamanı aşkar edilmiş pozuntuya əsaslanır. Xidmət tərəfindən aparılan tədbirlər su obyektlərinin mühafizəsi ilə bağlı ümumi dövlət nəzarət funksiyasıdır. Azərbaycan Respublikası “Su” Məcəlləsinin 10-cu maddəsinə görə Su fondu torpaqlarına Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin (su obyektlərinin) altında olan torpaqlar, su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar və hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi qaydalarından” görünür ki, su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir. Bu nəzarət tədbirləri sahibkarın mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrində deyil, dövlətin nəzarətində olan “Su fondu” torpaqlarında aparılmışdır. Belə olduğu halda aparılan tədbirlərin sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlama hesab edilməsi mümkün deyildir və bu tədbirlər üçün Ədliyyə Nazirliyindən yoxlama reyestrindən çıxarış alınmasına dair qanunvericilikdə tələb yoxdur. Formalaşmış məhkəmə praktikasına əsasən dəfələrlə təsbit edilmişdir ki, ekoloji nəzarət tədbirləri, su obyektlərinin mühafizəsi üzrə monitorinq, ətraf mühitə ziyan vurması ilə bağlı faktların yerində araşdırılması sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalara aid edilmir və belə tədbirlər üçün heç bir reyestr qeydiyyati və ya əvvəlcədən icazə tələb olunmur. Bu tip nəzarət nəticəsində aşkar edilən pozuntular üzrə inzibati məsuliyyətin tətbiqi tam qanunidir. Qeyd edilənlərdən açıq görünür ki, "xxxx" Kiçik Müəssisəsinin sahibkarlıq fəaliyyəti yoxlanılmamışdır. Aşkar edilmiş fakt vizual müşahidə nəticəsində əldə edilib, sahibkarlıq fəaliyyəti yoxlamasına aid olmamışdır. Son aylarda ölkə ərazisində faydalı qazıntıların, xüsusilə qum və çınqıl materiallarının hasilatı ilə bağlı ciddi tələbat yaranmış, bununla bağlı ölkədə fəaliyyət göstərən karxanaların fəaliyyəti ciddi nəzarətə götürülmüşdür. Qanunsuz fəaliyyət göstərilən karxanaların fəaliyyəti dayandırılmışdır. Tərtib olunmuş inzibati xəta haqqında protokol tam qanunidir. Odur ki, faktiki halları, qanunvericiliyi və formalaşmış praktikanı nəzərə alaraq məhkəmədən protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" Kiçik Müəssisəsinin 01 nömrəli, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, X12 26 fevral 2024-cü il tarixdən "xxxx" Kiçik Müəssisəsinə direktor vəzifəsinə qəbul edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə "xxxx" Kiçik Müəssisəsində direktor kimi işə başlamış, əmək müqaviləsi müddətsiz bağlanmışdır. - "xxxx" Kiçik Müəssisəsi (direktoru qismində X12) ilə Şahid arasında bağlanmış 03 fevral 2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən tikinti materialları istehsal sahəsini 10 (on) il müddətinə icarəyə vermişdir. -10 saylı X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 0005 nömrəli sərəncama əsasən nəzarət tədbirlərinin aparılması bölmənin baş məsləhətçi-müfəttiş Emin Abdullayevə, böyük məsləhətçi-müfəttiş Nümayəndə2 və aparıcı məsləhətçi-müfəttişi Nümayəndə1 tapşırılmışdır. -28 avqust 2025-ci il tarixli, 002020 nömrəli aktdan görünür ki, 10 saylı X2 xx.xx.2025-ci il tarixli, 0005 saylı Sərəncamına əsasən keçirilən nəzarət tədbirləri zamanı Gəncə şəhəri, Çay məcrası, ev sahil 10 ünvanında fəaliyyət göstərən karxanada formalaşan tullantı suların təyinatsız, heç bir təmizlənmə prosesindən keçmədən Gəncəçayına axıdılması faktı aşkar olunmuşdur. Aparılan inzibati araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda fəaliyyət göstərən müəssisə "xxxx" Kiçik Müəssisədir (ünvan – AZ 2001, Gəncə şəhəri, Çay məcrası, ev sahil 10 və qanuni təmsilçisi X7r, VÖEN – 2********). Araşdırma müddətində müəyyən olunmuşdur ki, müəssisənin fəaliyyəti qum-çınqıl istehsalından ibarətdir. İstehsalat zamanı formalaşan tullantı suları süni şəkildə düzəldilmiş torpaq məcralı arx vasitəsilə Gəncəçayın Gəncə şəhəri Depo ərazisində keçən hissəsinə axıdılır. Araşdırma müddətində müəssisənin rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmadığından aparılan inzibati araşdırmada iştiraklarının təmin olunması məqsədilə "xxxx" Kiçik Müəssisəsinə və qanuni təmsilçisi X8 18 avqust 2025-ci il tarixli, 3-53-1-10/2-203/2025 nömrəli məktub ünvanlanmış, məktub ünvana çatmasına baxmayaraq araşdırmada iştirakları təmin olunmamışdır. Araşdırma müddətində özünü müəssisənin hüquqşünası kimi təqdim edən Məmmədəli adlı şəxs yalnız şifahi olaraq bildirmişdir ki, müəssisədə istehsalat zamanı formalaşan tullantı suları heç bir razılıq olmadan təyinatsız və hər hansı təmizləyici qurğu olmadan təmizlənmə prosesindən keçmədən Gəncəçaya axıdılır. Beləliklə "xxxx" Kiçik Müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 78, 79 və 103-cü maddələrinin, “Su təchizatı və tullantı suları” haqqında Qanunun 10-cu maddəsinin tələbləri pozulmuşdur. -xx.xx.2025-ci il tarixli, 09 nömrəli “fakt üzrə tərtib edilmiş aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina barədə” aktdan görünür ki, "xxxx" Kiçik Müəssisəsinin qanuni təmsilçisi X12 rəsmi dəvət olunmasına baxmayaraq araşdırmada iştirak etməmişdir. -10 saylı X2 3/44 nömrəli aktından görünür ki, 10 saylı X2 xx.xx.2025-ci il tarixli, 0005 nömrəli sərəncamına əsasən keçirilən nəzarət tədbirləri zamanı Gəncəçayın Gəncə şəhəri Depo ərazisindən keçən hissəsində çayın sol sahilində yerləşən karxanada formalaşan tullantı suların təyinatsız olaraq karxananın ərazisindən Gəncəçaya axıdılması müəyyən olmuşdur. Araşdırma zamanı özünü karxananın hüquqşünası kimi təqdim edən Məmmədəli adlı şəxs karxananın kimə və hansı müəssisəyə məxsus olması haqqında məlumatları və iş üzrə zəruri olan digər sənədləri təqdim etməmişdir. Şifahi olaraq karxananın fəaliyyəti nəticəsində formalaşan tullantı suların heç bir təmizləmə mərhələsindən keçmədən təyinatsız olaraq Gəncəçaya axıdıldığını bildirdi. Eyni zamanda karxananın fəaliyyətinin qanuni olub-olmaması haqqında sənədlər təqdim etməmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus “bir pəncərə” sistemindən çıxarışlardan görünür ki, Şahid “çovdarın becərilməsi” fəaliyyəti ilə məşğul olmaqla ********** nömrəli VÖEN-ə malikdir, VÖEN-in verilmə tarixi xx.xx.2021-ci ildir, statusu aktivdir. -10 saylı X2 Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-53-1-10/2-540/2025 nömrəli məktubu ilə fiziki şəxs Şahid 03 fevral 2025-ci il tarixdən hal-hazıradək Gəncə şəhəri, Çay məcrası, ev sahil 10 ünvanında yerləşən tikinti materialları istehsal sahəsində (karxana) sahibkar kimi fəaliyyət göstərməsi, sözügedən ünvanda uçota alınması, həmçinin onun fəaliyyət növünün icarə müqaviləsində qeyd olunan “qum, çınqıl, qırmadaş, daş tozu istehsalı” olması, habelə fəaliyyətinin qanunauyğun olması barədə məlumatların xx.xx.2025-ci il tarixədək Bölməyə təqdim olunması üçün göstəriş verilməsi xahiş edilmişdir. -Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-18/2-125785/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, elektron uçot məlumat bazasına əsasən vergi ödəyicisi Şahid (VÖEN – **********) məktubda qeyd edilən Gəncə şəhəri, Çay məcrası, ev sahil 10 ünvanı üzrə vergi uçotuna alınmış təsərrüfat subyekti müəyyən edilməmişdir. Şahid (VÖEN – **********) tərəfindən vergi orqanına təqdim edilmiş sənədlərə və elektron uçot-məlumat bazasına əsasən əsas fəaliyyət növünün “buğdanın becərilməsi” (fəaliyyət növünün kodu 0111101), əlavə fəaliyyət növünün isə “südlük istiqamətli iribuynuzlu mal-qaranın yetişdirilməsi” (fəaliyyət növünün kodu 0141001) olması bəyan edilmişdir. -"xxxx" Kiçik Müəssisəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixdə sistemdən əldə edilmiş arayışdan və məktubdan görünür ki, ********** nömrəli VÖEN-i olan vergi ödəyicisi "xxxx" Kiçik Müəssisəsi xx.xx.2023-cü il tarixdə fəaliyyətini dayandırmış, fəaliyyətinin bərpa ediləcəyi tarix isə xx.xx.2028-ci ildir. Arayışı təqdim edən şəxs X16 olmaqla, "xxxx" Kiçik Müəssisəsinin fəaliyyətinin dayandırılmasının səbəbi yenidən təşkil, müvəqqəti dayanma, təşkilatı-hüquqi formanın dəyişdirilməsidir. -“Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin hüquq və vəzifələrinin izah edilməsi haqqında” 012 nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" Kiçik Müəssisəsinin qanuni təmsilçisi X12 İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. -“İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb 10 saylı X2 xx.xx.2025-ci il tarixli 005 nömrəli sərəncamına əsasən aparılan nəzarət tədbirləri zamanı Gəncə şəhəri, Çay məcrası, ev sahil 10 ünvanında fəaliyyət göstərən karxanada formalaşan tullantı suların təyinatsız, heç bir təmizlənmə prosesindən keçmədən Gəncəçaya axıdılması faktı aşkar olunmuşdur. -10 saylı X2 "xxxx" Kiçik Müəssisəsinə ünvanlanmış 3-53-1-10/2-203/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu ilə göstərilən nöqsanların 3 (üç) gün müddətində aradan qaldırılması və nəticəsi barədə Suların İstifadəsinə və X10 Xidmətinin 10 saylı X3 rəsmi məlumat verilməsi tələb olunmuş, aşkarlanan faktlarda inzibati xətanın əlamətlərinin olmasının müəyyən edildiyi və bölmə tərəfindən inzibati araşdırma aparılması bildirilmiş, həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə, saat 12:00-da Bölməyə (ünvan – Göygöl rayonu, Ağdağ qəsəbəsi, əlaqə - *** *** ** **) dəvət olunmuşdur. -İş materiallarına əlavə edilmiş "xxxx" Kiçik Müəssisəsinə baxış zamanı çəkilmiş fotoşəkillər əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi "xxxx" Kiçik Müəssisəsinin barəsində tərtib olunmuş hazırkı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş "xxxx" Kiçik Müəssisəsi tərəfindən Gəncə şəhəri ərazisində xx.xx.2025-ci il tarixədək istehsalat zamanı formalaşan tullantı suları təmizlənmədən və təyinatsız Gəncəçayına axıdılması qeyd edilsə də, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidin etirafına dair ifadəsi və iş materialları ilə müəyyən edildi ki, inzibati xəta haqqında protokolu tərtib edən orqan - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidmətinin 10 saylı X4 inzibati xəta hadisəsinin baş verdiyini göstərdiyi tarixdə, yəni xx.xx.2025-ci il tarixdə sözügedən müəssisəsi icarə hüququ əsasında fərdi sahibkar Şahid sahibliyində olmuşdur. Belə ki, "xxxx" Kiçik Müəssisəsi ilə Şahid arasında xx.xx.2025-ci il tarixdə 10 illik icarə müqaviləsi bağlanmışdır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus “bir pəncərə” sistemindən çıxarışlardan görünür ki, Şahid “çovdarın becərilməsi” fəaliyyəti ilə məşğul olmaqla ********** nömrəli VÖEN-ə malikdir, VÖEN-in verilmə tarixi xx.xx.2021-ci ildir, statusu aktivdir. "xxxx" Kiçik Müəssisəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixdə sistemdən əldə edilmiş arayışdan və məktubdan görünür ki, ********** nömrəli VÖEN-i olan vergi ödəyicisi "xxxx" Kiçik Müəssisəsi xx.xx.2023-cü il tarixdə fəaliyyətini dayandırmış, fəaliyyətinin bərpa ediləcəyi tarix isə xx.xx.2028-ci ildir. Eyni zamanda məhkəmə proses iştirakçılarını dinləyib təqdim edilmiş sənədləri tədqiq edərək o qənaətə gəlir ki, inzibati xəta haqqında protokol düzgün subyekt barəsində tərtib edilməmişdir. Belə ki, inzibati xəta hadisəsi mövcuddur, lakin kim tərəfindən törədilməsi səlahiyyətli orqan tərəfindən düzgün müəyyən edilməmişdir: 1) Şahid qismində dindirilmiş Şahid qeyd edir ki: - Onunla "xxxx" Kiçik Müəssisəsi arasında icarə müqaviləsi vardır və həmin ərazidə işlər faktiki olaraq onun tərəfindən həyata keçirilir; - Sözügedən çirkab suların axıntısı və digər inzibati pozuntular onun tərəfindən törədilmişdir. 2) Səlahiyyəti orqanın nümayəndəsi ona verilən suallara cavab olaraq bildirdi ki, protokol icarədar Şahid barəsində tərtib olunmalı idi. 3) Təqdim olunmuş sənədlərdən görünür ki, "xxxx" Kiçik Müəssisəsi sözügedən ərazini avadanlıqları ilə birlikdə icarə müqaviləsi əsasında Şahid vermiş, eyni zamanda "xxxx" Kiçik Müəssisəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək fəaliyyətini dayandırmışdır. Belə olan halda bir daha sübut olunur ki, inzibati xətanın subyekti "xxxx" Kiçik Müəssisəsi deyildir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir). Yuxarıda şərh olunlardan da göründüyü kimi inzibati xəta hadisəsi baş verdiyi zaman müəssisəyə faktiki sahibliyi "xxxx" Kiçik Müəssisəsi həyata keçirmədiyindən onun hazırki inzibati xətaya aiddiyyəti müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, "xxxx" Kiçik Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya aidiyyəti müəyyən edilmədiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" Kiçik Müəssisəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar