Məhkəmə qərarları › İş №3(125)-4079/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4079/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4079/2025 12.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Publik Hüquqi şəxsinin müfəttişi X2 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 09 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti Gəncə Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokola əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında xx.xx.2025-ci il tarixdə, saat 10:05-də plan üzrə növbəti yoxlama zamanı aptek təşkilatlarına dair tələblərin və aptek təşkilatından dərman vasitələrinin buraxılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (əməkdaşı) Nümayəndə2 izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də işləyir. Aptekin fəaliyyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Publik Hüquqi şəxsi tərəfindən yoxlanılmışdır. Yoxlama zamanı aptek təşkilatında otaqların divar və döşəməsi hamar olmaqla, özündə toz saxlamayan və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizləməyə davamlı olan örtüyə malik olmadığından aptek təşkilatlarına dair tələblərinin pozulması faktı aşkar edilmişdir. Qeyd olunan faktı etiraf edir. Odur ki, əməli etiraf etməsinin nəzərə alınaraq minimum həddə inzibati cərimə olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktından görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən aptekdə yoxlama aparılmış, aparılmış plan üzrə (növbəti) yoxlama zamanı aptek təşkilatında otaqların divar və döşəməsi hamar olmaqla, özündə toz saxlamayan və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizləməyə davamlı olan örtüyə malik olmadığından (döşəmədə bəzi yerlərdə çatlar əmələ gəldiyindən kosmetik təmir aparılmalıdır) aptek təşkilatlarına dair tələblərinin pozulması faktı aşkar olunmuş, fakt əsasında Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktına əlavə edilmiş yoxlama suallarının siyahısından görünür ki, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət (əczaçılıq fəaliyyəti) üzrə Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında aparılan planlı (növbəti) yoxlama zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 01 nömrəli Qərarın 3 nömrəli əlavəsinin tələblərinin yerinə yetirilmədiyi müəyyən edilmişdir. -KY252354387 saylı, xx.xx.2025-ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan” görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən aptekdə aparılacaq plan üzrə (növbəti) yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Publik Hüquqi şəxsinin plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3- 28-1/3-2-1013/2025 saylı qərarından görünür ki, Şəxs MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən əczaçılıq təşkilatının xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə fəaliyyətinin yoxlanılması qərara alınmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” Publik Hüquqi şəxsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-28-1/2-28929/2025 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən şirkətə məxsus pərakəndə satış əczaçılıq müəssisəsi xx.xx.2025-xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” Publik Hüquqi şəxsi tərəfindən nəzarət yoxlamasının aparılacağı barədə məlumatlandırılmışdır. -29 noyabr 2019-cu il tarixli, İNİL-1204/2016 nömrəli lisenziyanın əlavəsindən görünür ki, Şəxsnə ünvan 1 ünvanında dərman vasitələrinin pərakəndə satışının həyata keçirilməsinə icazə verilmişdir. -İş materiallarına ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus aptekin fotoşəkilləri, Nümayəndə2 məxsus şəxsiyyət vəsiqəsinin, diplomun, sertifikasiya şəhadətnaməsinin, əmrdən çıxarışın və əmək müqaviləsi əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.5-ci bəndinə görə plan üzrə (növbəti) yoxlama - risk qiymətləndirilməsi sisteminə və yoxlamaların aparılmasının bu Qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlamadır. 3.1-ci bəndinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci bəndinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 14.1-ci bəndinə görə yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 15.1-ci bəndinə görə plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risk qiymətləndirilməsi sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. 17.1-ci bəndinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. 17.2-ci bəndinə görə yoxlamanın aparılması haqqında qərarda aşağıdakılar göstərilir: 17.2.1. qərarın nömrəsi və tarixi; 17.2.2. yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir); 17.2.3. yoxlanılacaq sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 17.2.4. yoxlama sahibkarın təsərrüfat obyektində (obyektlərində) aparıldıqda onun (onların) ünvanı; 17.2.5. yoxlamanın növü; 17.2.6. sonuncu yoxlamanın növü və başa çatma tarixi; 17.2.7. yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə); 17.2.8. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi; 17.2.9. plandankənar (növbədənkənar) yoxlama zamanı bu Qanunun 16.1-ci maddəsində göstərilmiş müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri. 17.3-cü bəndinə görə yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları” təsdiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları, şahid ifadəsi və inzibati xəta haqqında iş üzrə icraat materialında olan digər sənədlərlə tam olaraq təsdiq edilir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMCyə məxsus aptek təşkilatında məxsus aptekdə xx.xx.2025-ci il tarixdə saat 10:05-də aptek təşkilatlarına dair tələblərin pozulması aptekin otaqlarının divar və döşəməsi hamar olmaqla özündə toz saxlamayan və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənməyə davamlı olan örtüyə malik olmaması (döşəmədə bəzi yerlərdə çatlar əmələ gəldiyindən kosmetik təmir aparılmalıdır) faktı müəyyən edilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də aydın görünür. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin Şəxs nümayəndəsi isə sonuncu məhkəmə iclasında əməli etiraf etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs Şəxs nümayəndəsi tərəfindən əməlin etiraf edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, əməlin etiraf edilməsi kimi məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 452.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar