Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4278/2024 05.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs X8, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri Natəvan-2 qəsəbəsi, R.Abdullayev küçəsi ev 19-da yaşayan X5 döymüş və bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi X12 təhqiqatın qərarına əsasən bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri Natəvan-2 qəsəbəsində yerləşən torpaq sahəsində Şəxs övladı Cavidin ev tikməsinə görə qonşusu X11 narazılığını bildirmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı R.X6 vurmuş və bununla bağlı təhqiqat araşdırılması aparılmışdır. Daha sonra isə Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və onun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilən şəxs Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri Natəvan-2 qəsəbəsində olan torpaq sahəsində ev tikmək üçün oğlanlarının hasar yeri qazdıqlarına görə Xanımzər Vəliyeva onlara maneçilik törətmiş və yaşadığı evin pəncərəsindən baxaraq onun və oğlanlarının ünvanına təhqiredici sözlər və söyüşlər işlətmişdir. O isə qadına söyüş söyməsinin ayıb olduğunu bildirərək oradan uzaqlaşmışdır. Növbəti dəfə oğlanları həmin ərazidə işlədiyi vaxt Xanımzər Vəliyeva DİN-in 102 xidmətinə zəng edərək onları şikayət etmiş və məhkəmə ekspertiziyasından keçərək guya onu döydüyünü bildirmişdir. İfadəsinin onunda o, ali təhsilli olduğunu ümumiyyətlə X.Vəliyevaya əl qaldırmağın öz şəxsiyyətinə və tərbiyəsinə uyğun olmadığını bildirərək barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 çıxışında bildirmişdir ki, o, Şəxs övladı Cavid yaşadıqları evin qarşısında olan avtomobil yolunu zəbt etdiyinə görə ona narazılığını bildirmiş və aralarında mübahisə yaranmışdır. Həmin vaxt Rasim də orda olmuş, onların arasında sözlü mübahisə baş vermiş və bir-birilərinin ünvanına nəlayiq ifadələr işlətmişlər. Daha sonra Rasim oradan çıxıb getmişdir. Təxminən 3-4 saatdan sonra o, marketə getmək üçün evdən çıxmış və yolda Rasimi görmüşdür. Rasim avtomobildən enərək onun üzərinə qəfildən hücum etmiş və əli ilə onun qolundan, kürək nahiyəsindən vuraraq xəsarətlər yetirmişdir. O, daha sonra tibbi ekspertizadan keçmiş və onun bədənində müxtəlif xəsarətlər aşkar edilmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Şəxs və X9 qonşusu kimi tanıyır. O, daha sonra X4 ümumiyyətlə ərazidə yaşayan qonşularla münasibətinin yaxşı olmadığını və mütəmadi olaraq qonşuları söyərək onların ünvanına nəlayiq ifadələr işlətdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs övladları X13 və X2 şəhəri Natəvan-2 qəsəbəsində olan torpaq sahəsində hasar çəkmək üçün bünövrə qazdıqlarına görə Xanımzər Vəliyeva yaşadığı evin pəncərəsindən baxaraq narazılığını bildirmiş və onların ünvanına nəlayiq ifadələr işlətmişdir. Daha sonra isə R. Qurbanov oradan çıxıb getmişdir. İfadəsini sonunda o, R. Qurbanovla X. Vəliyeva arasında yalnız sözlü mübahisə olmasını görmüş, lakin R.X1 döymədiyini və təhqir etmədiyini qeyd etmişdir. İş üzrə şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Şəxs onun atasıdır. xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri Natəvan-2 qəsəbəsində olan torpaq sahəsində hasar çəkmək üçün bünövrə qazdıqlarına görə Xanımzər Vəliyeva yaşadığı evin pəncərəsindən baxaraq narazılığını bildirərək onların ünvanına nəlayiq ifadələr işlətmiş və aralarında sözlə mübahisə yaranmışdır. Bundan sonra atası Rasim çıxıb getmiş, Xanımzər Vəliyeva isə evin pəncərəsini bağlayıb içəri keçmişdir. Sonda isə atası X10 döymədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X14 şahid X13 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1171 №-li rəyindən görünür ki, X3 bədənində müəyyən edilən xəsarətlər-sol bazu, sol kürək, sağ sarğı nahiyələrinin qançırları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 28 avqust 2024cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlardan, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və iş üzrə şahidlərin ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə onunla X11 ilə arasında mübahisə olmuş, həmin vaxt o, Xanımzər Vəliyevanı döyməmiş, ona qəsdən fiziki ağrı yetirməmişdir. Məhkəmə iş üzrə məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1171 saylı rəyini mötəbər sübut kimi qəbul etmir. Belə ki, işdəki digər sübutlarla (şahid ifadələri) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxs Xanımzər Vəliyevanı döyməklə, ona qəsdən fiziki ağrı yetirməsi öz təsdiqini tapmamış, yalnız Xanımzər Vəliyevanın veridiyi məlumat əsasında rəy verilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanının (vəzifələri şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşdəki mötəbər sübutlarla xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxs Xanımzər Vəliyevanı döyməsi və ona qəsdən fiziki ağrı yetirməsi öz təsdiqini tapmamış və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qanuna görə belə sübutları məhkəməyə təqdim etmək vəzifəsi isə bu icraatı başlamış şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 106, 110- 118 və 128-133-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4278/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4278/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver