Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4612/2025 03.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs böyük icra məmuru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 529.4-cü ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində 160 saat ictimai işlər inzibati tənbeh təyin edilmiş Şəxs içtimai işlərə çıxmadığı üçün ona xəbərdarlıq edilməsinə baxmayaraq təkrarən 4 gün içtimai işlərə çıxmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X2 ifadəsində protokolun məzmununa uyğun ifadə verərək məhkəmədən protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, astma xəstəliyi və təzyiqdən əziyyət çəkir, o, fərdi əməklə məşğul olur və evlərdə usta kimi işlədiyindən ona təyin edilmiş cəza ictimai işi yerinə yetirə bilməmişdir. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, xəstəliyi ilə bağlı rəsmi sənədləri yoxdur. İfadəsinin sonunda müharibə veteranı və ailəyə yeganə qazanc gətirən şəxs olmasını bildirərək ona güzəşt edilməsini məhkəmədən xahiş etmiş və bundan sonra davamlı olaraq ictimai işə çıxacağına dair söz vermişdir. İş materiallarında olan: - Kəlbəcər rayon Məhkəməsinin 3(040)-284/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh təyin edilmiş, üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. - xx.xx.2025-ci il tarixli göndərişdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin yaşıllaşdırma şöbəsinin 9 saylı sahəsində olmalı və müəyyən edilmiş ictimai işləri yerinə yetirilməsinə dair məlumat verilmişdir. - xx.xx.2025 və xx.xx.2025-ci il tarixli ictimai işlərin görüldüyü yerlərə baş çəkmə haqqında protokollardan görünür ki, MTKİB-nin ərazisinə baxış keçirilərkən Şəxs içtimai işləri yerinə yetirməyə çıxmadığı müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nin rəisi Nurəhməd Əhmədov tərəfindən verilmiş məlumatdan görünür ki, Şəxs 12, 20 və xx.xx.2025-ci il tarixləri istisna olmaqla xx.xx.2025-ci il tarixinədək iş yerinə çıxmamışdır. - xx.xx.2025-ci il tarixli Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nin rəisi Nurəhməd Əhmədov tərəfindən verilmiş məlumatdan görünür ki, Şəxs 25 və xx.xx.2025-ci il, o cümlədən 01 və xx.xx.2025-ci il tarixlərində içtimai işlərə cəlb edildiyi iş yerinə çıxmamışdır. - xx.xx.2025-ci il tarixli Gəncə şəhər Probasiya Şöbəsinin xəbərdarlıq məktubundan görünür ki, Şəxs ictimai işləri yerinə yetirmədiyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2025-ci il tarixli Şəxs probasiya şöbəsində verdiyi izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdə işə çıxmamasını təzyiqinin qalxması və digər tarixlərdə isə fərdi evdə usta işləməsi ilə əsaslandırmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və icra məmurunu dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 529-cü maddəsinin qeydinə əsasən 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək. Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırması, yəni üzrsüz səbəbdən ictimai işə çıxmaması və ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənməsi, beləliklə də İXM-in 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 154.9-cu maddəsinə əsasən işəgötürən ictimai işlərin həyata keçirilməsi üçün mövcud olan yerlər barədə müvafiq icra hakimiyyəti orqanına düzgün və tam məlumat verir, şəxs ictimai işlərin həyata keçiriləcəyi yerdə qəbul edilərək ictimai işə təhkim edildikdə, onun tərəfindən ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlini tərtib edərək üç gündən gec olmayaraq icra məmuruna göndərir, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işləri yerinə yetirməkdən boyun qaçırma halları barədə dərhal icra məmuruna məlumat verir. - 154.10-cu maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir. - 154.11-ci maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. İşin faktiki hallarından göründüyü kimi Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçıraraq üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamış və ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4612/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4612/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver