Məhkəmə qərarları › İş №3(125)-625/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-625/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-625/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" Firmasının vəkili X3 iştirakları ilə, "xxxx" Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "xxxx" Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Materiala əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə şəhəri, Abbas Səhhət küçəsi-1A ünvanında fəaliyət göstərən "xxxx" Firmasına məxsus “Zümrüd” adlı ictimai-iaşə obyektində atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi məqsədi ilə təmizləyici qurğu quraşdırılmamışdır. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə müasir qurğu və avadanlığın quraşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" Firmasına məktub göndərilmişdir. 14 mart 2023-cü il tarixdə tərtib edilmiş monitorinq aktına əsasən "xxxx" Firmasına məxsus “Zümrüd” adlı ictimai-iaşə obyektində qurğunun olmadığı aşkar edilmişdir. Ona görə də "xxxx" Firmasının barəsində İXM-nin 237.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Yekunda protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" Firmasının vəkili X4 protokola yazılı etirazını təqdim edərək izahatında bildirmişdir ki, hesab edirik ki, tərtib edilmiş həmin protokol heç bir hüquqi əsaslandırma olmadan tərtib edildiyinə görə və firmanın əməlində inzibati hüquq pozma hadisəsi olmadığına görə, İXM-nin 114.1.4-cü maddəsinə əsasən icraata xitam verilməsi haqqında qərar qəbul ediməlidir. Belə ki, tərtib edilmiş protokolda qeyd edilmişdir ki, onlar firmaya məxsus “Zümrüd” adlı ictimai-iaişə obyektində təmizləyici qurğu quraşdırmamışdırlar. Bununla da, İXM-nin 237.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişidirlər. Protokolda həmin faktın 10 saylı RETSİ tərəfindən onlara verilmiş xx.xx.2022-ci il tarixli, 2032 saylı məktubla əlaqədar aparılmış araşdırma olduğu qeyd edilmişdir. Bununla əlaqədar bildirir ki, xx.xx.2022-ci il tarixdə onların obyektdə heç bir araşdırma, monitorinq, yaxud ölçmə hərəkətləri aparılmamışdır. Yalnız 10 saylı RETSİ-nin nümayəndəsi obyektə gələrək onlara həmin tarixli bildiriş məktubu verərək, ümumi formada obyektə müəyyən qurğu və avadanlıqların quraşdırılmasını tələb etmişdir. Bir daha qeyd edir ki, həmin tarixdə nümayəndə tərəfindən obyektdə hər hansı bir monitorinq aparılmamış, havaya buraxılan tüstü, yaxud digər qatışıq maddələrin həddini xüsusi avadanlıq vasitəsi ilə ölçməmiş və bu barədə hər hansı akt tərtib etməmişdir. Bundan 3 ay sonra isə 10 saylı RETSİ tərəfindən əsassız protokol tərtib olunmuşdur. Hesab edir ki, onların əməlində İXMnin 237.1-ci maddəsinin tərkibi yoxdur, eyni zamanda inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən əsaslar yoxdur. Belə ki, İXM-nin 237.1 -ci maddəsinin dispozisiyasına əsasən nıüəsissələrdə təmizləyici qurğular və ya avadanlıqlar yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərər əşdirilməsi məqsədi ilə quraşdırılmalıdır. Bildirir ki, onların obyekti şəhərin kənarında, yaşayış massivindən aralıda yerİəşən ictimai-iaişə müəsissəsi olan kafe-yeməkxanadır. Həmin obeyktdə gün ərzində müştərilərin sifarişindən asılı olaraq bütün növ soyuq və isti yeməklər, o cümlədən kabablar verilir. Sifarişlərin müəyyən bir hissəsi kababların hazırlanmasına aid olduğu hallarda atmosferə cüzi miqdarda tüstü buraxılır. Hansı ki, bu halda həmin tüstü yol verilə bilən son hədlərin cüzi bir hissəsini təşkil edir. Belə olduğuna görə hesab edirlər ki, onların müəsissəsində atmosferə yol verilə bilən son hədlərin normativləri səviyyəsində artıq zərərli maddələr buraxılmadığına görə təmizləyici qurğu və avadanlığın quraşdırılmasına ehtiyac yoxdur. Ona görə də səlahiyyətli orqan obyektdə belə bir halı müəyyən etmək üçün mütləq xüsusi avadanlıqlar vasitəsi ilə monitorinqlər aparmaqla yol verilə bilən son həddin normativlərindən artıq zərərli maddələrin havaya buraxılmasını müəyyən etdikdə , bununla bağlı əsaslandırlımış akt tərtib etməli və bu aktın surəti onlara verilməli idi. Ona görə də hesab edirlər ki, firmanın fəaliyyətində İnzibatı Xəta hadisəsi baş vermədiyinə görə, eyni zamanda əməldə İnzibati Xəta tərkibi olmadığında inzibatı Xətalar Məcəlləsinin 53.1.1, 53.1.2 və 114 1 4-cü maddələrinə əsasən icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, müasir qurğu və avadanlığın quraşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" Firmasına məktub göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 mart 2023-cü il tarixli monitorinq aktından görünür ki, "xxxx" Firmasına məxsus “Zümrüd” adlı ictimai-iaşə obyektində təmizləyici qurğunun olmadığı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə- vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" Firmasına məxsus “Zümrüd” adlı ictimai-iaşə obyektinin təmizləyici qurğu və avadanlıqla təmin edilməməsi protkolu tərtib edən orqanın və hüquqi şəxsin nümayəndəsinin izahatları ilə yanaşı, inzibati xəta haqqında protokol, monitorinq aktı ilə tam sübuta yetirilir. Səlahiyyətli orqan tərəfindən hüquqi şəxsin əməli Azərbaycan Respublikası İXM-in 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. "xxxx" Firmasının vəkili X4 tərəfindən məhkəməyə təqdim edilmiş etirazın dəlillərindən müəyyən olunur ki, hüquqi şəxs qurğunun quraşdırlmadığını qəbul edir, lakin bunun səbəbi kimi son həddin normativlərini keçməməsi ilə əlaqləndirirlir. Məhkəmə etirazın dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: Ekoloji təhlükəsizlik haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə təsərrüfat və digər fəaliyyətə dair məhdudiyyətlər müəyyən edilmişdir.

1. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin aşağıdakı fəaliyyətə yol verə bilən qərarları qəbul etmələri və həyata keçirmələri qadağandır: 1.1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət;

2. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin ekoloji cəhətdən təhlükəli fəaliyyətin həyata keçirilməsinə, o cümlədən: 2.1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədə dair dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və digər fəaliyyətə, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən digər fəaliyyətə Hüquqi və fiziki şəxslərin də göstərilən fəaliyyət növlərini həyata keçirmələri qadağandır. Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən ekoloji ekspertiza təsərrüfat fəaliyyətinin ətraf mühitə ola bilən mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılması məqsədilə ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun müəyyən edilməsidir. Azərbaycan Respublikasında ekoloji ekspertizanı müvafiq icra hakimiyyəti orqanı və ictimai təşkilatlar həyata keçirirlər. Həmin qanunun 52-ci maddəsinə əsasən dövlət ekoloji ekspertizası təsərrüfat və başqa fəaliyyətlər nəticəsində ətraf mühitə təsirin qiymətləndirilməsinin dolğunluğunu və düzgünlüyünü, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini, təbii resurslardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi barədə təklif olunan tədbirlərin səmərəsini müəyyənləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil olunur və həyata keçirilir. Dövlət ekoloji ekspertizası ətraf mühitin mühafizəsi üçün zəruri tədbirdir və ətraf mühitə mənfi təsir göstərə biləcək təsadüfi qərarlar qəbul olunmasının qarşısını alır. Həmin qanunun 52-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət ekoloji ekspertizasının vəzifələri: 3.1. nəzərdə tutulan və həyata keçirilən, ətraf mühitin vəziyyətinə və əhalinin sağlamlığına hazırda və ya gələcəkdə bilavasitə və ya dolayısı ilə təsir göstərə biləcək, təsərrüfat və başqa fəaliyyətlərin ekoloji təhlükəsi səviyyəsini müəyyən etmək; 3.2. layihələşdirilən təsərrüfat və başqa fəaliyyətlərin ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə, gigiyena-sanitariya normalarına və qaydalarına uyğunluğunu qiymətləndirmək; 3.3. nəzərdə tutulan ətraf mühitin mühafizəsi tədbirlərinin keyfiyyətinin nə dərəcədə əsaslı olduğunu müəyyən etməkdən ibarətdir. Həmin qanunun 55-ci maddəsinə əsasən

1. Bu Qanunun 53-cü maddəsində verilmiş siyahıya daxil olan obyektlər üzrə layihələrin maliyyələşdirilməsinə, həyata keçirilməsinə yalnız dövlət ekoloji ekspertizasının müsbət rəyi olduqda icazə verilir.

2. Layihələrə aid sənədlərin sifarişçisi və ya hazırlayıcısı: 2.1. sənədlərin vaxtında dövlət ekoloji ekspertizasına təqdim edilməsinə; 2.2. təqdim edilən sənədlərin dövlət ekoloji ekspertizasının tələblərinə uyğun şəkildə tərtib edilməsinə; 2.3. dövlət ekoloji ekspertizasının keçirilməsi prosesində zəruriliyi aşkara çıxmış elmitədqiqat və axtarış işlərinin (əlavə axtarışlar, nəzarət ölçmələri, sınaq nümunələrinin götürülməsi, analizi və sair) maliyyələşdirilməsinə və aparılmasına; 2.4. dövlət ekoloji ekspertizasının aparılmasının maliyyələşdirilməsinə; 2.5. ekspertizanı keçirən orqanın tələbi ilə ekspert komissiyasının (qrupunun, ekspertin) işi üçün zəruri olan əlavə məlumatların verilməsinə borcludurlar. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" Firmasına məxsus “Zümrüd” adlı ictimai-iaşə obyekti fəaliyyətə başlamamışdan əvvəl ekoloji ekspertizanın keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olduğu halda bu barədə müraciə etməmiş və təmizləyici qurğu olmadan fəaliyyət göstərmişdir. Etirazda qeyd edilən havaya buraxılan tüstü, yaxud digər qatışıq maddələrin həddini xüsusi avadanlıq vasitəsi ilə ölçülməsi halı isə, qurğunun quraşdırılıb lakin normativlərə cavab vermədiyi halda aparılır. Hazırkı halda isə protokol qurğunun mövcud tələblərə cavab vermədiyinə görə deyil, quraşdırılmamasına görə tərtib edilmişdir. Belə ki, "xxxx" Firmasına məxsus “Zümrüd” adlı ictimai-iaşə obyekti fəaliyyətə başlamamışdan əvvəl ekoloji ekspertizanın keçirilməsi üçün müraciət etmiş olsa idi, həmin zaman orada müvafiq ölçmə işləri aparılıb, qurğunun quraşdırılıb-quraşdırlmamasına ehtiyacın olubolmadığı müəyyən edilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. "xxxx" Firmasının əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyənedilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

"xxxx" Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 7.500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Elxan Əiizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar