Məhkəmə qərarları › İş №3(125)-755/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-755/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-755/2023 15.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, X3 xx.xx.2023-cü il tarixli, EQ 13689250 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Heydər Əliyev prospektində(Para bank ərazisində) xx.xx.2023 tarixdə idarə etdiyim avtomobilə (DQN **- LO-***) xüsusi texniki vasitənin köməyi ilə İXM 327.2 maddəsi ilə (elektron qərar) cərimə tədbiq edilmişdir. Onu qeydiyyata alan texniki vasitə təhlükəsiz şəhər stansiyasıdır və həmin stansiyada kameralar yalnız müşahidə aparmaq və ümumi olaraq şəhərin təhlükəsizliyini təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Avtomat reyimində inzibati xəta qeydə almaq funksiyasına malik deyildir. Hesab edir ki, ona tədbiq olunan elektron qərar müşahidə kamerasının müşahidə monitorundan əldə olunan məlumat əsasında tədbiq olunmuşdur, bu da qanunsuzdur. Belə ki, inzibati protokolun tərtib olunması pozuntularla həyata keçirilmişdir. İXM 81.1 və 81.2-ci maddələri, həmçinin İXM 99.1.1-ci maddəsi və İXM 100.1.8 maddəsi açıq şəkildə göstərirki xüsusi texniki vasitə sertifikatdan keçməli, onun təyinatı açıq şəkildə göstərilməlidir. Müşahidə kameraları sertifikatlaşma təyinatı yalnız müşahidə aparmaqdır, cərimə yazmaq deyildir. Bununla İqtisadiyyat Nazirliyi sertifikatlaşmanı həyata keçirdən quruma sorğu verilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyası yuxarıdakılar baxımından pozulmuşdur. Sonda o, barəsində olan qərarın ləğv edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında X4 bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində idarə etdiyi Opel Astra markalı, 90LO326 dövlət qeydiyyat nişanlı avtomobillə sola dönərkən qoşa xətti tapdalamamış, onun döndüyü hissədə xətt olmamışdır. Buna görə də onun barəsində qanunsuz və əsassız qərar qəbul edilərək cərimə olunmuşdur. İş üzrə şikayətçi və Gəncə şəhər DYPŞ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə prosesində iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Gəncə şəhər DYPŞ-nin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 13689250 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən 60 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əlavə edilmiş foto şəkildən görünür ki, Opel Astra markalı, 90LO326 dövlət qeydiyyat nişanlı avtomobil qoşa xəttin üzərindən keçərək sola dönmüşdür. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X2 şikayətdə göstərdiyi halı, yəni dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayıran qoşa xətti tapdalamadığını sübut edə bilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş fotodan aydın görünür ki, X4 xx.xx.2022-ci il tarixdə saat 11:42:02 radələrində Opel Astra markalı, 90LO326 dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, H.Əliyev pr., 32 nömrəli məktəbin qarşısında qoşa xəttin üzərindən keçərək sola dönmüşdür. Göründüyü kimi X4 barəsində törətdiyi inzibati xətaya görə, yəni dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayıran qoşa xətti kəsib keçdiyinə görə qanuni şəkildə inzibati xəta haqqında qərar qəbul edilmişdir. Çünki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinə əsasən üfuqi nişanlama xətti olan 1.3 xəttini (dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır) kəsib keçmək qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2023-cü il tarixli, EQ 13689250 nömrəli inzibati tənbeh vermə haqqında eletron qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X4 barəsində xx.xx.2023-cü il tarixli, EQ 13689250 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar