Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2278/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Məhkəmə iclas katibi Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi, Inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair ## #### 2026-cı il tarixli qərarından hüquqi şəxsin direktoru Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim edilmiş materiallardan görünür ki, Protokolu tərtib edən orqan tərəfindən hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ### 2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən X3 2025-ci ilin mart-dekabr ayında ünvan 1 ünvanında Əmək Məcəlləsində nəzərdə tululmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həkim statistik işinin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, “xxxx” MMC Azərbaycan Respublikasının IXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından hüquqi şəxsin direktoru Nümayəndə apellyasiya şikayəti verərək ləğv edilməsini, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, X1 ilə X3 arasında ##.##.2025-ci il tarixdə xidmət müqaviləsi bağlanmışdır. Məhkəmə qərarda xidmət müqaviləsinin hansı əsasla əmək münasibəti hesab edilməsini izah etməmişdir. Halbuki mülki hüquqi xidmət müqaviləsi ilə əmək müqaviləsi müxtəlif hüquqi institutlardır və onların hüquqi nəticələri fərqlidir. Prokurorluq tərəfindən aparılmış araşdırma nəticəsində qəbul edilmiş qərarda Aygün Aslanova ilə Əziz Quliyev arasında bağlanmış xidmət müqaviləsi araşdırılmlş və hüquqi qiymət verilmişdir. Iş materiallarından müəyyən edilir ki, xidmət müqaviləsinin tərəfi “xxxx” MMC deyil, müqavilə Əziz Quliyev tərəfindən bağlanmışdır. Direktor həmin müqavilənin bağlanmasından xəbərsiz olmuşdur. Əziz Quliyev öz izahatında həmin müqaviləni şəxsən bağladığını təsdiq etmişdir. Buna baxmayaraq, X5 xidməti prokurorun qərarında adı çəkilməyən “xxxx” MMC barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Prokurorun qərarında “xxxx” MMC barəsində IXM-in 192.1-ci maddəsi üzrə inzibati məsuliyyət məsələsinin həll edilməsi və ya bu hüquqi şəxs haqqında protokol tərtib olunması barədə heç bir göstəriş yoxdur. Belə olan halda X7 məsuliyyət subyektini dəyişdirmiş və qanunla müəyyən edilmiş səlahiyyət həddini aşmışdır. Birinci instansiya məhkəməsi isə bu mühüm prosessual pozuntuya ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən Protokolu tərtib edən orqan Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, məhkəməyə bunun üzrlü səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası IXM-in 75-84-cü maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu öz daxili inamı ilə qiymətləndirmiş, şahidin izahatını, yazışmaları və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək “xxxx” MMC-ni Azərbaycan Respublikası IXM-in 192.1-ci maddəsi ilə təqsirli bilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Bakı şəhəri Binəqədi rayon prokurorunun ##.##.2026-cı il tarixli qərarından görünür ki, fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması, qərar və material baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi qərara alınmışdır. X3 izahatında bildirmişdir ki, ailəvi tanışları olan X1 onu terapevt kimi tibbi praktika toplaması üçün öz mülkiyyətində olan “Istanbul” klinikasında praktikant kimi gəlib-getməsini təmin etmək məqsədilə xidməti müqavilə bağlamış və klinikaya cəlb etmişdir. Nümayəndə Əfi oğlu izahatında bildirmişdir ki, Aygün Aslanovanı ümumiyyətlə tanımır, sonuncunu işə heç vaxt götürməmişdir, aralarında işçi işəgötürən münasibəti olmamışdır. Aygün Aslanovanı klinikada fəaliyyətinə klinikanın mülkiyyətçisi Əziz Quliyev şərait yaratmışdır. X1 izahatında bildirmişdir ki, X3 onun ailəvi tanışıdır. Aygün Aslanovanın ali tibb təhsili olduğundan terapevt kimi tibbi praktika toplaması üçün klinikaya gətib-getməsinə şərait yaratmaq məqsədilə Aygün ilə öz arasında xidmət müqaviləsi bağlamışdır, Aygün sadəcə klinikaya gəlib həkimlərin yanında xəstə qəbulu zamanı və müalicə işlərinin aparılması zamanı tibbi praktika toplamalı idi. Aygünün klinikaya gəlib-getməsindən Nümayəndə məlumatı olmamışdır. Apellyasiya məhkəməsi şikayət müəllifinin həmin dəlili ilə də razılaşmır. Çünki, X3 2025-ci ilin mart-dekabr ayında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmçinin, X3 izahatında da, “xxxx” MMC-də işə cəlb edildiyini göstərmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Məhkəmə hüquqi şəxsin işçisi tərəfindən müvafiq inzibati xətanın törədilməsini, hüquqi şəxsin xeyrinə, onun maraqlarının qorunması üçün törədilən inzibati xətaya görə hazırda hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini də əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ####### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olubolmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. Əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. Işçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məcburi əməklə bağlı qadağalar bir sıra beynəlxalq aktlarda - “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin üçüncü hissəsində, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində, X11 (bundan sonra – BƏT) “Məcburi əmək haqqında” 1930-cu il və “Icbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il tarixli Konvensiyalarında da təsbit olunmuşdur. BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Məcburi əməyin qadağan edilməsi BƏT-in ## #### 1998-ci ildə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsi ilə əmək münasibətlərinin tənzimlənməsində əsas prinsiplərdən biri olaraq qəbul edilmişdir. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Bu prinsip, həmçinin azad iradə ifadəsi nəticəsində bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulmayan əmək funksiyalarının icrasına, işlərin yerinə yetirilməsinə məcbur edilmənin yolverilməzliyini ehtiva edir. Şəxsin iradəsinə zidd olaraq hər hansı işlərin yerinə yetirilməsinə məcbur edilməsi müvafiq məsuliyyətin yaranmasına səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Belə ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülki-hüquqi müqavilələrdən fərqli olaraq, əmək müqavilələri üzrə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq öhdəliyi daşıyır. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi “xxxx” MMC-nin barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxs tərəfindən IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gələrək hüquqi şəxsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Hüquqi şəxsə tətbiq edilmiş tənbehə münasibətdə isə məhkəmə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətinini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq “xxxx” MMC barəsində minimum həddə cərimə növündə inzibati tənbeh tətbiq etməklə qanuni və ədalətli nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin “xxxx” MMC-nin IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilməsinə dair ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin “xxxx” MMC-nin IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinə dair ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2278/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2278/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver