Məhkəmə qərarları › İş №3(3-7)-273/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-273/2026

12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-273/2026 12.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Hakim Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi Quliyev Anar Elcan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Bitki Mühafizə və X2-Tədqiqat Institutu barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Bitki Mühafizə və X2-Tədqiqat Institutu barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və Xidmətin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Bitki Mühafizə və X2-Tədqiqat Institutu barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Bitki Mühafizə və X2-Tədqiqat Institutunun inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmasını xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121 )-****/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin Gəncə- Daşkəsən regional şöbəsi ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Bitki Mühafizə və X2-Tədqiqat Institutu inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə işə baxılmasında, yalnız barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Bitki Mühafizə və X2-Tədqiqat institutunun nümayəndəsinin müdafiəsi və məsuliyyətdən yayınması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. Inzibati xəta haqqında protokol tərtib etmiş orqanın mövqeyi nəzərə alınmadan, əsassız olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bildiririk ki, vətəndaş X3 Bitki Mühafizə və X2-Tədqiqat Institutu tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı öz təsdiqini tapmışdır. X3 ilə Bitki Mühafizə və X2-Tədqiqat Institutu arasında əmək müqaviləsi bağlanmalı olduğu halda xidməti müqavilə bağlanmış, nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3 və 2-3.4-cü hissələrinin tələbləri pozulmuşdur. X3 ilə Bitki Mühafizə və X2-Tədqiqat institutu arasında razılaşdırılmış münasibətlər əmək münasibətlərinin xarakterik xüsusiyyətləri ilə müşayət olunmuş həmçinin tərəflər arasındakı münasibətlər işçi və işəgötürən arasında olan müəyyən tabeçilik xüsusiyyətlərini öz üzərində daşımışdır. Lakin məhkəmə qərar qəbul edərkən yalnış nəticəyə gəlmiş X3 ilə Bitki Mühafizə və X2-Tədqiqat Institutu arasında olan münasibətləri mülki xarakterli münasibətlər kimi qiymətləndirmiş və əsassız qərar qəbul etmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Ili və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarında əmək və mülki huquqi münasibətlərin fərqi müəyyən edilmişdir. “Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir”. “Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir”. Göründüyü kimi bu iş üzrə müqavilənin bir tərəfi fiziki şəxsdir, şərtləşdirilmiş funksiyaları işəgötürən tərəfindən müəyyən edilmiş müvafiq iş yerində yerinə yetirərək,həmin iş yerində müəyyən nəzarət qaydalarına tabedir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında vurğulanır ki, “Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in “Əmək hüquq münasibətləri haqqında” *** nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il # ##### tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir”. Bununla da, Bitki Mühafizə və X2-Tədqiqat Institutu tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi sübut olunmuşdur. Xidmətin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş Bitki Mühafizə və X2-Tədqiqat Institutu barəsində ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tam qanuni və əsaslıdır. Həmçinin, Bitki Mühafizə və X2-Tədqiqat Institutu tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş tələblərin təmin edilməməsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas obyekti olan əmək qanunvericiliyinə və əlavə obyekti sayılan işçinin maraqlarına ziyan vurulduğu aşkar olunmuşdur. Eyni zamanda, Bitki Mühafizə və X2-Tədqiqat Institutu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edlir. Ona görə də Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və Xidmətin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Bitki Mühafizə və X2-Tədqiqat Institutu barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Bitki Mühafizə və X2-Tədqiqat Institutunun inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Iş materiallarında olan DƏMX-nin X13 tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X3 xüdmət müqaviləsinə əsasən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Bitki Mühafizə və X2-Tədqiqat Institutunun barəsində IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli ** nömrəli xidməti müqavilənin surətindən görünür ki, müqavilə “sifarışçi”- Bitki Mühafizə və X2-Tədqiqat Institutunun direktoru X5 ilə “icraçı” Ömərova Şərafət qızı arasında bağlanmışdır. Icraçı tərəfindən X11 fəhlə kimi pambıq və digər əkin sahələrinin əkilib-becərilməsi, toplanması işlərinin (xidmətlərin) yerinə yetirilməsi qeyd edilmişdir. Müqavilə tərəflərin imzaladığı tarixdən qüvvəyə minmiş və 2025-ci ilin sonunadək qüvvədə olmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehsal Bazarına Nəzarət Dövlət Agentliyinin tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinə və məlumat üçün Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş ##.##.2025-ci il tarixli *-**/*-****/**** nömrəli məktubundan görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmitədqiqat institutlarının kənd təsərrüfatının müxtəlif sahələrində-bitkiçilik, heyvandarlıq, üzümçülük, şərabçılıq, meyvəçilik, çayçılıq və tərəvəzçilik kimi sahələrdə elmi araşdırmalar apardığını, seleksiya işləri, aqrotexniki xidmətlər, suvarma, gübrələmə, xəstəlik və zərərvericilərlə mübarizə, torpaq münbitliyinin artırılması kimi mühüm sahələrdə innovativ texnologiyaların tətbiqinin təmin etdiyini, bu institutların fəaliyyəti nəticəsində kənd təsərrüfatı subyektlərinə elmi və praktiki dəstəyin göstərildiyini, kənd təsərrüfatının inkişafına yönələn əsas məqsədlərdən birinin də elmi tədqiqat fəaliyyətlərinin effektiv şəkildə dəstəklənməsi və elmi əsaslı təsərrüfatçılıq modelinin təşviq edilməsi üçün aqrotexniki xidmətlərin geniş şəkildə tətbiqinin təmin ediməsi olduğunu, bu məqsədlə elmi-tədqiqat institutlarının regionlarda fermerlərə aqrotexniki xidmətlər göstərdiyini, xidmətlərin vaxtında və keyfiyyətli şəkildə göstərilməsinin kənd təsərrüfatının məhsuldarlığını artıracağını, elmi yeniliklərin tətbiqinin fermerlərin istehsal qabiliyyətini yüksəldəcəyini, həmin sahələrdə yüksək məhsuldarlıq əldə edilməsi üçün aqrotexniki xidmətlərin (səpin, gübrələmə, suvarma, becərməvəs.) optimal müddətdə aparılmasının çox vacib məsələ olduğunu, taxıl yığımı zamanı kombayn çatışmamazlığı səbəbindən biçin işlərinin vaxtında başa çatdırılmadığını və bununda ciddi məhsul itkisinə səbəb olduğunu, həmçinin bəzi təsərrüfatlarda mövcud kombaynların çox köhnə və istifadə üçün yararsız olduğunu, eləcə də əkin sahələrinin respubilikanın müxtəli bölgələrində və bəzi hallarda kiçik sahələrdə olması, bu sahədə xüsusi ixtisaslaşmış şirkətlərin mövcud olmamasının ölkə daxilində geniş miqyasda aqrotexniki xidmətlərin həyata keçirilməsini çətinləşdirdiyini, sözügedən məsələlərin işlərin operativ icrasında böyük çətinlikər yaratdığını, bu səbəbdən elmi-tədqiqat institutlarının yerləşdiyi regionlarda, onların tələblərinə uyğun çevik və keyfiyyətli xidmətlərin (əkin sahələrinin suvarılması, şumlanması, məhsulun daşınması, biçin işlərinin aparılması və digər xidmətlərin) göstərilməsi üçün regionlarda fiziki şəxslərlə birbaşa müqavilələrin bağlanmasına zərurət yarandığını, Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X2-Tədqiqat Institutunun strukturuna daxil edilmiş “Mil təcrübə stansiyası”nda (50 ha) və “Şirvan təcrübə stansiyası”nda (20 ha) pambıq sahələrinin becərilməsi, alaq otlarından təmizlənməsi və məhsulun yığılması işlərinin aparılması üçün əlavə mövsümü işçi qüvvəsinə təcili tələbat yarandığını nəzərə alaraq, təqdim edilmiş məlumatlara əsasən əkin sahələrinin suvarılması, şumlanması, məhsulun daşınması, biçin işlərinin aparılması və bu qəbildən olan digər xidmətlərin göstərilməsi üçün ümumilikdə 80.000 (səksən min) manat məbləğində satınalmanın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49.1.2.1-ci maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodunu tətbiq etməklə fiziki şəxslər ilə həyata keçirilməsinə etiraz edilmir. Birinci instansiya məhkəməsi iş materialları və tərəflərin məhkəmə iclasında verdikləri izahatları əsasında belə qənaətə gəlmişdir ki, işə məhkəmədə baxılarkən X3 ilə Bitki Mühafizə və X2-Tədqiqat Institutu arasında əmək müqaviləsinin bağlanması üçün qanunvericilikdə nəzərdə tutulan hər hansı bir əsasın olması müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, Bitki Mühafizə və X2-Tədqiqat Institutu tərəfindən əmək qanunvericiliyinin pozulmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən hüquqi şəxsin əməlində IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Ona görə də birinci instansiya məhkəməsi iş üzrə yuxarıda qeyd edilən qərarı çıxarmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qeyd edilən qərarından verilmiş apellyasiya şikayətinin dəlillərini, həmin qərarın qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi şəxsin hərəkətlərinə inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: «Konstitusiya») 60cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ikinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. IXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin, IXM-nin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati, 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərin üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslərin iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən: 1. Işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 2. Bu Məcəllənin 7ci maddəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilərlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ##.##.2023-cü il tarixli qərarında göstərilir ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X3 ilə Bitki Mühafizə və X2-Tədqiqat Institutu arasında əmək müqaviləsi bağlanmalı olduğu halda qanunsuz olaraq xidməti müqavilənin bağlandığı qeyd edilsə də, X3 fəhlə kimi görmüş olduğu işlər (pambıq və digər əkin sahələrinin əkilib-becərilməsində, toplanmasında iştirak etmək) mövsümi xarekterli işlər olmuş və institutun əsas fəaliyyət sahəsinə aid olmamışdır. Belə ki, Azərbaycan Respublikasında becərilən dənli bitkilərin, pambıq və digər kənd təsərrüfatı bitkilərinin mühafizəsi, o cümlədən texniki bitkilərin genetikası, seleksiyası, toxumçuluğu, aqrokimyası, suvarılması və aqrotexnologiyası sahəsində elmi-tədqiqat və təcrübə-təsərrüfat xarakterli işlər aparan, qeyri-kommersiya hüquqi şəxsi olan, dövlət büdcəsindən ayrılan vəsait və qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilən dövlət elmi-tədqiqat müəssisəsidir. Göründüyü kimi Institutun əsas fəaliyyət sahəsi Azərbaycan Respublikasında becərilən dənli bitkilərin, pambıq və digər kənd təsərrüfatı bitkilərinin mühafizəsi, o cümlədən texniki bitkilərin genetikası, seleksiyası, toxumçuluğu, aqrokimyası, suvarılması və aqrotexnologiyası sahəsində elmitədqiqat və təcrübə-təsərrüfat xarakterli işlərini aparılması, qeyri-kommersiya hüquqi şəxsi olan, dövlət büdcəsindən ayrılan vəsait və qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilən dövlət elmi-tədqiqatın həyata keçirilməsi ilə bağlıdır. Əmək Məcəlləsində isə qeyd olunur ki, yalnız əsas fəaliyyət sahəsinə aid olan işlərin görülməsinə cəlb olunmuş işçilərlə əmək müqaviləsi bağlanmalıdır. Həmçinin qeyd edilməlidir ki, ##.##.2025-ci il tarixdən 2025-ci ilin sonunadək, yəni xidməti müqavilənin qüvvədə olduğu vaxt ərzində X3 ilə Institut arasında əmək müqaviləsinin bağlanması üçün zəruri olan əmək münasibətlərinin olmasını təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Beləliklə, iş materialları ilə Bitki Mühafizə və X2-Tədqiqat Institutunun IXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını işin bütün halları ilə müqayisəli şəkildə tədqiq edərək hərtərəfli, tam və obyektiv araşdırmış, sübutları düzgün qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq Bitki Mühafizə və X2-Tədqiqat Institutunun barəsində IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinin sübut olunmadığı və hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməli olduğu qənaətinə gəlmişdir. Beləliklə apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin barəsində şikayət verilən ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bitki Mühafizə və X2-Tədqiqat Institutu barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar