Məhkəmə qərarları › İş №3(5-102)-256/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-256/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-256/2026 18.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi ilə, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli EQ 33665208 nömrəli inzibati tənbehvermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli EQ 33665208 nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-ci ildə idarə etdiyi 77XZ245 dövlət qeydiyyat nişanlı “honda civic” markalı nəqliyyat vasitəsi ilə 20 yanvar dairəsində hərəkət zamanı yolayrıcını keçmə qaydalarının pozulması əsası ilə AR İXM-nin 327.2-ci maddəsi ilə EQ 33665208 nömrəli elektron qərar tərtib edilmişdir. Aşağıdakılara əsasən hesab edilir ki, sözügedən qərar ləğv edilməlidir. İlk öncə onu bildirmək istəyir ki, tərəfindən "Yol hərəkəti haqqında" AR Qanununda əks olunmuş heç bir yol nişanının tələbləri pozulmamışdır. Hərəkətin dayanması nəticəsində məcburən həmin hissədə gözləməli olmuşdur. Digər tərəfdən "Yol hərəkəti haqqında" AR Qanununda həmin xəttin mənası və təsviri əks olunmamışdır. Belə ki, hər bir yol nişanının öz nömrəsi olmaqla, özünə məxsus rəngi və forması və anlayışı vardır ki, bu da "Yol hərəkəti haqqında" AR Qanunu ilə tənzimlənir. Qanunda belə bir məzmunda nişan növü nəzərdə tutulmamışdır. Belə olan halda, həmin xəttin yol nişanı kimi qəbul edilməsi özü qanunaziddir. Həmçinin xüsusilə vurğulmaq istəyir ki, həmin hissə yolayrıcı sayılmır. Qanunvericiliyə əsasən, yolayrıcı - yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; Əlavə olunmuş fotoşəkildən açıqaydın müəyyən olunur ki, 20 yanvar dairəsinin (yolun) kəsişməyən hissəsindədir. Bundan başqa, avtomobilin qeyd olunan həmin xəttin üzərində durması yolun digər iştirakçılarının hərəkətini məhdudlaşdırmamış və tıxac səbəbindən sağa və sola manevr edərək həmin xətdən kənara çıxmaq mümkün olmamışdır. Bu halda, sürücü qabaqdakı avtomobillərin hansı intervalla dairədən çıxacağını təxmin etmək ümumiyyətlə mümkün deyil. Bu cərimə etmək üçün sadəcə bir tələdir. Əks halda avtomobil tamamilə arxada (həmin yola münasibətdə ya əvvəlki svetofordan əvvəl, yaxud dairədən sola dönmədən) gözləməli idiki, həmin dairənin genişliyi, yəni məsafənin uzun olması və hərəkət intensivliyi baxımından bu mümkünsüzdür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsində göstərilir: Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. "Yol hərəkəti haqqında" AR Qanununun əlavə məlumat nişanları adlanan 1-ci maddəsinin 11-ci bəndinə əsasən, yolayrıcı - yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. İşə baxan məhkəmə qanunu tətbiq edib qərar çıxarmalıdır. Məhkəmə hansısa qurumun və ya məmurun özbaşınalığına haqq qazandıra bilməz. Yuxarıda göstərilənlərə nəzərə alaraq, məhkəmədən xx.xx.2026-ci il tarixli, EQ 33665208 nömrəli elektron elektron qərarı ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətini müdafiə edərək göstərmişdir ki, son bir ildir çıxan yol nişanları “Yol hərəkəti haqqında” qanunda nömrə və təsvirlə əks olunmadığı üçün nəzərə alınmamalıdır. Çünki “Yol hərəkəti haqqında” qanunda göstərilmişdir ki, bütün yol nişanları birbaşa qanunda əks olunmalıdır. Əlavə olaraq, 20 Yanvar dairəsi yolayrıcı sayılmır. Göstərilənlərə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli EQ 33665208 nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli EQ 33665208 nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X2 xx.xx.2026-cı il tarixdə, saat 12:22-də 20 Yanvar dairəsi ərazisində “Honda Civic minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Honda Civic minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolayrıcını keçmə qaydalarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X1 təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Belə ki, fotoşəkillərdən və izahatdan görünür ki, X2 yolayrıcını keçmə qaydalarını pozmamışdır. Bu səbəbdən X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 barəsində qəbul edilmiş inzibati xəta üzrə təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X1 verdiyi şikayət təmin edilməli və Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026cı il tarixli EQ 33665208 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli EQ 33665208 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar