Məhkəmə qərarları › İş №3(5-104)-2381/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2381/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2381/2026 27.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Ağdam rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonu, Qasımlı Ə/D, Qasımlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 515.0.3-cü maddəsi ilə 26 fevral 2026-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 26 fevral 2026-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ünvan 1 ünvanınd 1-ci mərtəbəsində olan obyektdə uşaqlar və gənclər üçün xüsusi yığıncaqlar keçirib habelə ədəbiyyat dərnəkləri və qruplar yaradaraq din mərasimləri keçirib. Nəticədə Şəxs tərəfindən İXM-nin 515.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt raport və izahat təsdiq edilir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Şöbəsinin sahə rəisi X2 izahatında bildirmişdir ki, Şəxs dini qurumlar tərəfindən uşaqlar və gənclər üçün yığıncaqların keçirilməsi və onların keçirilməsi qaydalarını pozaraq bu hərəkətlərə yol vermişdir. Belə ki, 25 fevral 2026-cı il tarixdə Şərifzadə küçəsi ünvanında xidmət aparan zaman obyektə daxil olan xanımlardan birini görmüş, əvvəllər də həmin obyekt müəyyən edilmişdir, lakin qapı bağlı olduğu üçün daxil ola bilməmişdirlər. Qapını döymüşlər, özlərini təqdim etmişlər, orada hansı fəaliyyətlə məşğul olduqlarını soruşanda cavab belə olmuşdur ki, dərnək qurmuşdurlar və xeyriyyəçiliklə məşğul olurlar. Onların icazəsi ilə obyektə baxış keçirilmiş, daha sonra dərhal əməliyyat qrupu çağırılmış, təhqiqat araşdırılması aparılmış, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə Protokol tərtib edilib məhkəməyə göndərildi. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək məhkəməyə verdiyi izahatında göstərdi ki, onlar “Mənəvi dayaq” adında ictimai birlik yaratmışdırlar. Birlik ünvan 2 ünvanında 1-ci mərtəbədə olan 1 saylı mənzildə fəaliyyət göstərmişdir. Həmin birlik dini fəaliyyətlə yox yeniyetmələr və digər hər yaşdan uşaqların asudə vaxtlarını səmərəli keçirməyə yönəlmiş fəaliyyətlə məşğul olmuşdur. Həmin ictimai birliyə həm dindar, lakin həm də dindar olmayan ailələrin uşaqları gəlmişdirlər. Bu fəaliyyətlə 2024-cü ildən məşğuldur və hər hansısa qazanc əldə etmir. Həmçinin sözügedən ictimai birliyin rəhbər və ya səlahiyyətli şəxsi deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 26 fevral 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə Yasamal RPlnin 28-ci PŞ-nin polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində ünvan 2 ünvanında 1-ci mərtəbədə olan 1 saylı mənzildə qanunsuz olaraq dini dərslərin keçirilməsi və xeyriyyə işlərinin görülməsi müəyyən edilmişdir. Mənzilə baxış keçirilən zaman qeyd olunan mənzilin 4 otaqdan ibarət olması, otaqların birində ianə üçün nəzərdə tutulmuş təxminən 3040 ədəd ərzaq qutusunun olması aşkar edilmişdir. Şifahi sorğu zamanı həmin ərzaqlar xeyirsevər insanlar tərəfindən ianə olunmaqla şəhid və aztəminatlı ailələr üçün verilməsi məlum olmuşdur. Eyni zamanda həmin mənzildə aşkar olunmuş 4 nəfər qadının - xx.xx.2001-ci il təvəllüdlü X4, xx.xx.2001-ci il təvəllüdlü X3, xx.xx.1981-ci təvəllüdlü Şəxs və xx.xx.1983-cü il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci PŞ-nin təhqiqatçısı Zamiq Kərimovun xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 515.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs dini qurumların yaradılması və fəaliyyət qaydasının pozmasını özü etiraf etməsə də, şahid izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Beləliklə məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edimiş digər sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən, Şəxs İXM-nin 515.0.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2026-cı il tarixdə ünvan 3 ünvanında yerləşən mənzildə polis əməkdaşları tərəfindən dini yığıncaqların və dini dərslərin keçirilməsi faktı aşkar edilmişdir. Həmin fəaliyyət çərçivəsində azyaşlı və gənc şəxslərə islam dininin əsasları, dəstəmaz qaydaları, ibadət formaları və Məhəmməd peyğəmbərin həyatı barədə məlumatlar verilmişdir. Baxış zamanı mənzildə 4 otağın olduğu, otaqlardan birində ianə məqsədilə toplanmış çoxsaylı ərzaq qutularının mövcudluğu müəyyən edilmişdir. Həmin ünvanda olan şəxslərin izahatları alınmış, material üzrə cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmiş, lakin inzibati xəta tərkibinin mövcudluğu müəyyən olunaraq iş məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər kəsin vicdan azadlığı vardır. Lakin həmin hüquq qanunla müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçirilir və qanunvericiliklə müəyyən edilmiş tələblərin pozulması məsuliyyətə səbəb olur. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun dini təhsil adlanan 6-cı maddəsində deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin İİİ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Vətəndaşlar fərdi qaydada və (və ya) başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. Həmin Qanunun 12-ci maddəsinə görə bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini icmalar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən dini ibadət yerlərində və ziyarətgahlarda həmin dini icmalara bu Qanunla müəyyən olunmuş qaydada din xadimi təyin edildikdən sonra dini fəaliyyət göstərə bilərlər. Beləliklə, dini yığıncaqların, dini mərasimlərin və dini tədrisin təşkili və keçirilməsi xüsusi hüquqi rejimlə tənzimlənir və bu sahədə müəyyən edilmiş prosedur qaydalarına riayət olunması məcburidir. İş materialları ilə təsdiq olunur ki, Şəxs tərəfindən qeydiyyat və icazə prosedurlarına əməl edilmədən azyaşlı və gənclər üçün dini dərslər təşkil edilmiş və keçirilmişdir. Onun özü də məhkəmə iclasında həmin fəaliyyəti həyata keçirdiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, qeydiyyat müddətinin başa çatması barədə məlumatsızlıq məsuliyyəti istisna etmir, çünki qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmçinin valideynlərin razılığı və ya fəaliyyətin xeyriyyə xarakterli olması inzibati xəta tərkibini aradan qaldırmır. Bununla da, məhkəmə qeyd edir ki, dini fəaliyyət sahəsində inzibati məsuliyyətin tətbiqi üçün faktiki fəaliyyətin həyata keçirilməsi kifayətdir, qeydiyyat və ya icazə prosedurlarının pozulması formal tərkibli inzibati xəta hesab olunur və nəticənin baş verməsi tələb edilmir, qanunu bilməmək və ya qeydiyyat müddətinin başa çatmasından xəbərsiz olmaq məsuliyyəti istisna etmir, azyaşlıların cəlb edilməsi ictimai təhlükəlilik dərəcəsini artıran hal kimi qiymətləndirilir. Belə ki, dini azadlıq hüququnun həyata keçirilməsi dövlətin qanuni tələblərindən kənar şəkildə reallaşdırıla bilməz və hüquqi prosedurun pozulması məsuliyyət yaradır. Məhkəmə sübutları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hərtərəfli, obyektiv və tam araşdırmışdır. İş üzrə polis əməkdaşlarının raportu, izahatlar, təhqiqat materialları, təqsirləndirilən şəxsin etirafı bir-biri ilə uyğunluq təşkil edir və inzibati xətanın baş verdiyini təsdiq edir. Məhkəmə hesab edir ki, sübutlar arasında ziddiyyət yoxdur və onların mötəbərliyini şübhə altına alan hal müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbehin növünü və miqdarını müəyyən edərkən törədilmiş xətanın xarakterini, şəxsin ailəli olmasını, təqsirini etiraf etməsini və peşmanlığını yüngülləşdirici hal kimi hal kimi nəzərə alır. Beləliklə, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv və subyektiv əlamətlərinə tam uyğun gəlir və onun təqsiri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü madddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar