Məhkəmə qərarları › İş №3(5-123)-41/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-41/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-41/2026 05.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.2007-ci ildə Göyçay rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokola görə,o,xx.xx.2026-cı il tarixdə saat 20.30 radələrində Göyçay rayonu Çərəkə kəndindəki evdə dini yığıncaqların və digər dini mərasimlərin qanunla müəyyən edilmiş qaydada keçirilmə tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay rayonu Çərəkə kəndində atası Amid Əzizova məxsus olan evdə yaşayır.Yaşadıqları ev 2 otaqdan ibarətdir.xx.xx.2026-cı il tarixdə saat 18 radələrində yaşadıqları evdə olduğu vaxtı atasının qonaqları gəlmişdir. Ora gələn adamları tanımır. Həmin vaxtı evlərində olan adamların nə üçün ora gəldiyini bilmir.Qonaqların əyləşdiyi otaqda o da olmuşdur.Belə ki,digər otaqda qadınlar olmuşdur. Atası və ora gələn adamlar öz aralarında danışırdılar. Həmin danışıqların nə olduqunu bilmir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 20.30 radələrində Amid Əzizovun yaşadığı evdə dini dərslərin keçməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumata əsasən Amid Xəlilovun yaşadığı Çərəkə kəndində yerləşən evinə getmişlər. Evə baxış keçirilən zaman bir neçə adamların həmin evdə yığışaraq dini dərslərin keçirlidiyini müəyyən etmişlər. Şəxs da həmin şəxslərin olduğu otaqda olmuşdur. Orada olan dini ədəbiyyatlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra cəmi 9 nəfəri barələrində qanuni tədbirlər görülməsi üçün rayon polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində izahat vermiş X6 bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 18 radələrində yaşadığı evə 7 nəfər dost tanışlarını dəvət etmişdir. Onlar gəldikdən sonra evdə çay içmişlər. Daha sonra onun evində olan dini kitablara baxmışlar. Onda olan kitabı gələn qonaqlara oxumuşdur.Oğlu Şəxs qonaqlar olan otaqda oturmuşdur. Onun qarşısında heç bir dini kitab olmamışdır.Oğlu Şəxs psixi xəstədir,psixiatriya şöbəsində qeydiyyatdadır.O orada keçirilən mərasimin mahiyyətini dərk etmək qabiliyyətində deyil.Belə ki,nə oxuya ,nədə yaza bilir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli 029899 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 22:00-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, xx.xx.2007-ci ildə anadan olmuş Şəxs «davranış və emosiyaların qarışıq pozuntusu» diaqnozu təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 29 yanvar 2026-cı il tarixli, 3(5-123)-33/2026 saylı qərarının surətindən görünür ki,X6 İXM-in 515.0.2.-ci maddəsi ilə təqsirli bilinərək 1300 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 515.0.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə görə Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni: dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. «Dini etiqad azadlığı haqqında»Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Həmin Qanunun 6-1.1-ci maddəsinə görə kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Həmin Qanunun 6-1.2-ci maddəsinə görə kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Göründüyü kimi «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlər təşkil edilməli və keçirilməlidir.Bu Qanunla müəyyən edilmiş qaydalara zidd olaraq dini yığıncaqların, yürüşlərin və digər dini mərasimlərin təşkili və keçirilməsi dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasıdır,inzibati xətadır. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Şəxs atası X1 rayonu Çərəkə kəndindəki evində dini yığıncaqlar və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə İXM-in 515.0.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati tənbehə məruz qalmışdır.Onunla birlikdə yaşayan ailə üzvü Şəxs dini mərasim keçirilən vaxtı dini mərasim keçirilən yerdə olması heç də onun da İXM-in 515.0.2-ci maddəsi ilə inzibati xəta törətməsi anlamına gəlməməlidir.Belə ki, Şəxs məhkəmə iclas zalında narahat,gərgin,ünsiyyətə həvəzsiz görsənməsi, davranış və danışıq tərzi,bir sözlə psixi durumu, onun tərəfindən dini mərasimləri təşkil etmək və keçirtmək imkanına (psixi xəstə olması səbəbindən) malik olması inandırıcı deyil.Bundan başqa o da nəzərə alınmalıdır ki, Şəxs yaşadığı ev 2 otaqlıdır,bir otaqda qadınlar olduğu üçün dini mərasim keçirilən yerdə 2-ci otaqda qalmaq məcburiyyətində olmuşdur.Qeyd olunanları nəzərə alıb hesab edirəm ki, Şəxs İXM-in 515.0.2-ci maddəsi ilə təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinin tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 515.0.2-ci maddəsi ilə inzibati məsuliyyətdən azad olunaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar