Məhkəmə qərarları › İş №3(5-132)-50/2026

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(5-132)-50/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(5-132)-50/2026 27.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1999-cu il tarixdə İsmayıllı rayonu Zərnava kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 333.2 və 342.5-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 27 yanvar 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs Məcəllənin 333.2 və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 yanvar 2026-cı il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İsmayıllı Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, həmin gün dostunu idarə etdiyi “Opel Astra” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə başqa kəndə aparıb geri qayıdarkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Yol patrul xidməti əməkdaşı ondan spirtli içki qəbul edib-etməməsini soruşmuş və o, cavabında spirtli içki qəbul etmədiyini bildirmişdir. Buna baxmayaraq alkotester vasitəsi ilə iki dəfə yoxlanılmış və fərqli miqdar göstərmişdir. O, polis əməkdaşından alkotesterin nəticəsi ilə razı olmadığını, həkim müayinəsinə aparılaraq yenidən tibbi müayinədən keçirilməsini tələb etmişdir. İsmayıllı rayon Mərkəzi Xəstəxanasında olarkən həkimin qəbulunda olmuş və həkim aparatlarının işləmədiyini müayinənin polis əməkdaşının alkotesteri ilə aparılacağını bildirmişdir. O. buna etiraz etsə də, yenidən orada müayinədən keçirilmiş və onun sərxoş olduğu qeyd edilmişdir. Polis əməkdaşları ilə oradan uzaqlaşaraq getmişdir. Bir neçə dəqiqə sonra yenidən xəstəxanaya qayıtmış və həkimdən yenidən onu müayinə etməsini xahiş etmişdir. Həkim müayinə aparatlarının işləmədiyini yenidən onu müayinə edə bilməyəcəyini bildimişdir. O, barəsində tərtib edilmiş protokolla razı deyil. Belə ki, avtomobili spirtli içki qəbul edib idarə etməmişdir. Ona görə də, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İsmayıllı rayon Polis Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi gəlməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Məcəllənin 112.1.4-cü maddəsinə əsasən işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 21 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş protokolu tərtib edən İsmayıllı rayon X6 X9 yol patrul xidməti inspektoru X2 izahat verərək bildirmişdir ki, 19 yanvar 2026-cı il tarixdə axşam saatlarında rayon ərazisində xidmətdə olarkən, “Opel Astra” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin işıq cihazları nasaz olduğundan tərəfindən saxlanılmışdır. Sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və ona qayda pozuntusunu izah edərkən, sürücüdən spirt qoxusu gəlmişdir. Sürücü sonradan şəxsiyyəti məlum olan Şəxs alkotester vasitəsi iki dəfə müayinə olunmuş və onun sərxoş vəziyyətdə olması məlum olmuşdur. Avtomobil duracağa yerləşdirilmiş və sürücü həkim müayinəsindən keçməsini tələb etmişdir. Sürücü müayinə olunmaq üçün rayon mərkəzi xəstəxanasına aparılmışdır. Xəstəxananın müayinə aparatı işləmədiyi üçün Şəxs onlarda olan alkotester vasitəsi ilə müayinə olunmuşdur. Müayinə zamanı yenidən onun sərxoş olması müəyyən olunmuş və bu barədə akt tərtib olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 21 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid İsmayıllı rayon X6 X9 yol patrul xidməti inspektoru X3 izahat verərək bildirmişdir ki, sürücü Şəxs alkotester vasitəsi iki dəfə müayinə olunmuş və onun sərxoş vəziyyətdə olması məlum olmuşdur. Avtomobil duracağa yerləşdirilmiş və sürücü həkim müayinəsindən keçməsini tələb etmişdir. Sürücü müayinə olunmaq üçün rayon mərkəzi xəstəxanasına aparılmış, xəstəxananın müayinə aparatı işləmədiyi üçün Şəxs onlarda olan alkotester vasitəsi ilə müayinə olunmuşdur. Müayinə zamanı yenidən onun sərxoş olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müayinədən keçirilərkən onun yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində (alkoqolun miqdarı 0,6 %) olduğu müəyyən edilmişdir. Portal məlumat bazası üzrə çıxarışdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Məcəllənin 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 26 yanvar 2026-cı il tarixli, 18-1-47/2-118/2026 saylı sorğuya cavab məktubundan görünür ki, İsmayıllı rayon Zərnava kənd sakini xx.xx.1999-cu il təvəllüdlü Şəxs Ramiz oğlu xx.xx.2026-cı il tarixində saat 02:25 radələrində sərxoşluğun müayinəsi üçün polis baş serjantı Pərvin Feyruzlu tərəfindən İsmayıllı Rayon Mərkəzi X1 Bölməsinə gətirilmiş, xəstəxananın alkotestr cihazı işləmədiyi üçün polis əməkdaşlarının alkotestr cihazı ilə TTTYB-nin həkimi Xəndanlı Nəcəf tərəfindən müayinə aparılmış, müayinə zamanı “yüngül sərxoşluq (06)-“ təyin olunmuşdur. Şəxs Ramiz oğlunun İsmayıllı RMX-ya təkrar gəlişi olmamışdır. Müayinə aparmış həkim X4 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin X5 xx.xx.2026-cı il tarixədək təcili və təxirəsalınmaz yardım üzrə həkim işləmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Məcəllənin 333.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Tətbiq edilən hüquq və məhkəmənin mövgeyi: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir. Həmin Qanunun 3.2.16-cı maddəsinə əsasən Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları” təsdiq edilmişdir. Sözügedən Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 aprel tarixli 864 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmış və nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi və tibbi müayinənin aparılması qaydalarını müəyyən edir. Belə ki, Qaydaların 2.1-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2-ci bənd Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.7. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. 3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs 19 yanvar 2026-cı il tarixdə idarə etdiyi “Opel Astra” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, avtomobilin işıq cihazları nasaz lduğu üçün yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmışdır. Sənədlərə baxış zamanı Şəxs spirtli içki qəbul etməsi şübhəsi yaranmış və polis əməkdaşı onu alkotester vasitəsi ilə müayinə etmişdir. Müayinə zamanı şəxsin sərxoş vəziyyətdə olması müəyyən edilsə də, Şəxs alkotesterin nəticəsi ilə razılaşmamış və həkim müayinəsindən keçirilməsini tələb etmişdir. Polis əməkdaşı tibbi müayinədən keçmək üçün Şəxs rayon mərkəzi xəstəxanasına aparmış və həkim müayinəni yenidən polis əməkdaşının alkotesteri vasitəsi ilə aparmışdır. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktında, müayinənin vaxtı və yeri, həkimin vəzifəsi göstərilməmişdir. Lakin qanunvericiliyin tələbindən də göründüyü kimi, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilməlidir. Yuxarıda qeyd olunan normaları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində sərxoşluğun müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməmiş, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün hüquqi qiymət vermədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İsmayıllı rayon X6 X10 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində Məcəllənin 333.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İsmayıllı rayon X6 X10 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində Məcəllənin 333.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar