Məhkəmə qərarları › İş №3(5-134)-212/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-212/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-212/2026 05.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Məhkəmə iclas katibi Nəsirova Aydan Fərhad qızının katibliyi Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin İnzibati tənbeh vermə haqqında EQ 32360685 saylı, xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlilzadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32260685 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixində sat 12:13-də M-6 91.6 km imişli rayonu Qaradonlu kəndi Hacıqabul istiqamətində MAN TGX 18.440 yük markalı 77QV953 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərardan X1 Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayətdə qeyd olunmuşdur ki, E.Ə.Kərimov özünə məxsus "MAN" markalı, **-QV-*** nömrəli ağır tonajlı yük maşınını, "SCHMİTZ" markalı yarım qoşqunu isə etibarnamə əsasında idarə edir. İdarə etdiyi yük avtomobili yarımqoşqu ilə birlikdə 5 oxludur. xx.xx.2025-ci il tarixdə həmin avtomobili yarımqoşqu ilə qanunvericijiyin tələbinə görə iriqabaritli və ya ağırçəkiii nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmamaqla ümumi istifadədə olan avtomobil yollarında idarə idarə edərək ümumilikdə 40 ton 880 kq yük gətirmişdir. Belə ki, o "xxxx" MMC-yə məxsus şirkətdən yük götürüb elektron tərəzidə çəkdirdikdən sonra İmişli-Bakı magisral yolunda Hacıqabul istiqamətində hərəkət etmiş, qanuna müvafiq olaraq gətirdiyi yük iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini uyğun olmuş, yəni qanuna görə 5 oxa düşən çəki 42 ton olduğu halda onun gətirdiyi yükün çəkisi oxa düşən kütlə ilə birlikdə 40 ton 880 kq olmuşdur. Həmin tarixdə İmişli rayonu Qaradonlu M-6.91.6 km-də hərəkətdə olarkən X2 əməkdaşı onu saxlatdırmış və orada quraşdırılmış elektron tərəzdə yük çəkilmiş və əsassız olaraq faktiki yük 40 ton 880 kq olduğu halda onların quraşdırdığı tərəzi 42 ton 060 kq göstərmiş və buna görə də barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. X2 əməkdaşının həmin əsassız protokol əsasında AR İXM-nin 353.2-ci maddəsi ilə barəsində inzibati tənbeh vermə haqqında qərarla 600 manat cərimə etmişdir. Məhkəmə iclasında X6 ərizədə qeyd edilən halları təsdiq edərək izahatında bildirdi ki, qeyd olunan qərar işin halları tam araşdırılmadan və heç bir hüquqi qiymət verilmədən qəbul edilmişdir. Ona görə də o, həmin qərarı qanunsuz və ədalətsiz hesab edir. Belə ki, İdarə etdiyi avtomobillə yarımqoşquya icazə verilən maksimal kütlə 42000 kq.dır. Lakin onun gətirdiyi maksimal kütlə 40880 kq olmuşdur. Cərimə edildikdən sonra idarə etdiyi avtomobili yüklə birlikdə Bakı şəhərinə getmiş və avtomobili Xocahsəndə avtopakrda saxlayaraq Nərimanov rayonunda yerləşən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə getmişdir. Agentlikdə onu 117-ci otaqda oturan Elman adlı şəxs qarşılamış və ona şikayətini bildirəndə o, cavabında onlarda mütəxəssis olmadığını və quraşdırılan elektron tərəzinin 2-3 ton yuxarı-aşağı çəkdiyini bildirmişdir. E.Ə.Kərimov izahatının sonunda bildirdi ki, şikayət etdiyi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlilzadə tərəfindən qəbul edildiyi halda, texniki səhv olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” göstərmişdir. Göstərilənləri nəzərə alaraq, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İşin hallarına əsasən məhkəmə işə Azərbaycan Respublikası DİN BDYPİ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İş materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli EQ 32260685 nömrəli elektron qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. -xx.xx.2025-ci il tarixli tərəzi qəbzindən məlum olur ki, 77QV953 dövlət qeydiyyat nişanlı MAN nəqliyyat vasitəsinin qum yükü ilə birlikdə çəkisi 40880 kq (tara-14020, netto- 26860=brutto-40880) olmuşdur. - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası, ölçmə vasitələrinin yoxlanılması, layihəkonstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizası xidmətləri üzrə C tipli inspeksiya xidməti göstərən orqanının ÖVY0006947/25 nömrəli yoxlama haqqında şəhadətnaməsində "xxxx" MMC-nin avtomobil tərəzisində çəki daşları istifadə olunmaqla aparılan ölçmə zamanı xarici baxışda hər hansı qüsur aşkar olunmadığı və hər hansı maneəyə rast gəlinmədiyi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin X4 ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, **-QV-*** dövlət qeydiyyat nişanlı ağırçəkili nəqliyyat vasitəsinin icazə verilən çəki parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə tətbiq olunan cərimənin ləğv edilməsilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış 10 dekabr 2025-ci il tarixli təkrar müraciətə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (Nazirlik) baxılmışdır. Bildiririk ki, əvvəlki eyni məzmunlu müraciətləriniz ilə bağlı aparılan araşdırma zamanı, 27 noyabr 2025-ci il tarixində "MAN" markalı **-QV-*** dövlət qeydiyyat nişanlı beşoxlu avtonəqliyyat vasitəsinin M-6 Hacıqabul - Bəhramtəpə - Mincivan avtomobil yolunun 91.6-cı km də (Bakı istiqaməti) yerləşən elektron tərəzidə saat 12:13 radələrində çəkisi 42060 kq olmaqla çəki parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında nəqliyyat vasitəsinin idarə edilməsinə görə real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarıldığı məlum olmuşdur. Eyni zamanda, qeyd edilən avtonəqliyyat vasitəsinin M-2 Bakı -Ələt Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47.9 km - də (Bakı istiqaməti) yerləşən elektron tərəzidə eyni gündə saat 16:07-də çəkisinin 43090 kq qeydə alındığı məlum olmuşdur. 27 noyabr 2025-ci il tarixində tərəfinizdən Nazirliyin tabeli qurumu olan Azərbaycan X2 Çağrı mərkəzinə ünvanlanmış müraciətinizdə təqdim edilmiş yükləmə yerinə aid stasionar tərəzi qəbzində nəqliyyat vasitəsinin yüklə birlikdə Ümumi çəkisinin 40880 kq, 28 noyabr 2025-ci il tarixində yazılmış ərizəyə əlavə edilmiş tərəzi qəbzində isə nəqliyyat vasitəsinin çəkisi 39800 kq göstərilmişdir. Nəqliyyat vasitəsinin ardıcıl keçidi qeydə alınan hər iki elektron tərəzidə yüklə birlikdə ümumi çəkinin normadan çox olduğu, eləcə də tərəfinizdən təqdim edilən yükləmə yerinə aid olduğu bildirilən eyni daşımaya aid iki qəbzdə məlumatların fərqli olması nəzərə alınaraq, qeydə alınan məlumatların doğru olması qənaətinə gəlinmişdir. Əlavə olaraq bildiririk ki, 27 noyabr 2025-ci il tarixi üzrə M-6 Hacıqabul - Bəhramtəpə -Mincivan avtomobil yolunun 91.6-cı km-də (Bakı istiqaməti) yerləşən elektron tərəzidən keçidi qeydə alınan 330 ədəd yük nəqliyyat vasitəsindən 1 ədədi, M-2 Bakı - Ələt - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47.9 km də (Bakı istiqaməti) yerləşən elektron tərəzidən keçidi qeydə alınan 3947 ədəd yük nəqliyyat vasitəsinin isə 4 ədədi normadan artıq yük daşıması halı qeydə alınmışdır. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətin dəlillərindən göründüyü kimi, şikayət verən Azərbaycan Respublikası DİN BDYPİ-nin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin maddəyə əsasən. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlilzadəyə məhkəmə sorğusu göndərilərək, qəbul etdiyi xx.xx.2025-ci il tarixli EQ 32260685 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın və ona əsas verən sənədlərin məhkəməyə təqdim edilməsinin zəruruliyi bildirilmiş, lakin həmin sənədlər məhkəməyə göndərilməmişdir. Şikayətin məzmunundan görünür ki, Elnur Kərimov özünü təqsirli bilmir. Verilmiş şikayətin dəlilləri ilə bağlı ilkin olaraq “İnzibati tənbeh vermə haqqında” qərarın qanunvericiliyin tələblərinə uyğun qəbul edilib-edilməməsi yoxlanılmış və müəyyən olunmuşdur ki, inzibatin icraatın başlanmasına əsas olan prosessual hərəkətlər səlahiyyəlti vəzifəli şəxslər tərəfindən pozulmuşdur. Belə ki, iş materiallarında olan “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, İXM-in 127-1-ci maddəsi iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasını müəyyən edir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Qeyd olunan Məcəllənin 127-1.2.-127-1.4.-cü maddələrində göstərilmişdir ki, inzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Bölünən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. İXM-in 127-1.5. və 127-1.6-cı maddələrinə müvafiq olaraq, nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə icazə verilən qabarit parametrlərinə, habelə bölünməyən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən yükün həmin və ya digər nəqliyyat vasitəsilə hərəkətinə icazənin alınması təmin edilməlidir. Göstərilən hallar onü göstərir ki, inzibati xəta hadisəsinin baş verməsi şübhə doğurur. Belə ki, qanunvercilik birmənalı olaraq müəyyən etmişdir ki, İXM-in 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Lakin həmin tələblərə əməl olunmaqla elektron qərarın qəbul edilməsi müəyyən olunmur. Bundan başqa, inzibati xəta haqqında protokol təqdim edilmədiyindən şikayət verilən elektron qərarın real vaxt rejiminə əməl olunub-olunmadan çıxarılmasını müəyyən etmək mümkün olmamışdır. İXM-in 122.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İXM-in 122.3-cü maddəsinə görə, inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: -122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); -122.3.2. inzibati xəta haqqında elektron protokolla əlaqədar vəsatət verilməsi qaydası; -122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. Bundan əlavə, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tərəzi qəbzindən məlum olur ki, "xxxx" MMC-nin avtomobil tərəzisində 77QV953 dövlət qeydiyyat nişanlı MAN nəqliyyat vasitəsinin qum yükü ilə birlikdə çəkisi 40880 kq (tara-14020, netto- 26860=brutto-40880) olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası, ölçmə vasitələrinin yoxlanılması, layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizası xidmətləri üzrə C tipli inspeksiya xidməti göstərən orqanının ÖVY0006947/25 nömrəli yoxlama haqqında şəhadətnaməsində "xxxx" MMC-nin avtomobil tərəzisində çəki daşları istifadə olunmaqla aparılan ölçmə zamanı xarici baxışda hər hansı qüsur aşkar olunmadığı və hər hansı maneəyə rast gəlinmədiyi qeyd olunmuşdur. İnzibati xətanın əsasını təşkil edən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nə məxsus elektron tərəzi barəsində hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən kifayət qədər araşdırma aparılmamış, sübutlar toplanmamışdır. Bu onu göstərir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-in 76.1. və 76.2-ci maddələrinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qeyd olunan Məcəllənin 84.1. və 84.2-ci maddələrinə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla əlaqədar nəzərə alınmalıdır ki, təqsirsizlik prezumpsiasından bəhs edən İXM-nin 8.1.-8.3-cü maddələrində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İsitnad olunmuş Məcəllənin 135.1 və 135.1.5-1-ci maddələrinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. İXM-in 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd olunanlara əsasən X3 əməlində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olmadığı müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1- ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə qeyd edir ki, inzibati icraata xitam verilməsi üçün hər iki qanuni əsas olmuş olsa da, qanunun tələbinə görə yalnız bir əsasla iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan elektron qərar ilkin olaraq İXM-in 127-1-ci maddəsinin tələblərinə əməl olunmadan qəbul edilmişdir. Bu vəziyyət qanuna zidd yolla əldə olunmuş sübut kimi qiymətləndirilməlidir. Ona görə də, inzibati icraata İXM-in 53.2-ci maddəsi ilə xitam verilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlilzadə tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli EQ 32260685 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53. 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlilzadə tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli EQ 32260685 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar