Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-115/2026 26.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə X1 və Azərbaycan Respublikasının Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X7 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X7 şikayət ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək, qanunsuz və əsassız olduğundan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» 04 fevral 2026-cı il tarixli MN ******* № li qərarı ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Quba rayonunun Susay kəndində yaşayır. 21 yanvar 2026-cı il tarixdə təxminən saat 11-12 radələrində həmkəndlisi X4 ilə birlikdə kəndlərindən təxminən iki kilometr aralıdakı meşə sahəsində yerləşən ot sahələrindəki ot tayalarının salamat olub-olmamasını yoxlamaq üçün həmin sahəyə getdilər. Gedərkən özlərinə məxsus olan ov tüfənglərini də götürdülər ki, qış vaxtı özlərini meşədə ola biləcək vəhşi heyvanların hücumundan qoruya bilsinlər. Həmkəndlisi Əlövsətin ot tayaları ona məxsus ot tayalarından xeyli aralıda yerləşir. Ona görə hər ikisi öz tüfənglərini ehtiyat üçün götürmüşdülər. Ona məxsus olan ov tüfəngi «Tula» markalı, qoşalüləli 16 kalibrli ov tüfəngidir, qanuni şəhadətnaməsi də vardır. İki patronu lülədə, 15 ədəd patron isə patrondaşda idi. Tayaları yoxladılar, salamat idi, geri qayıdanda yolda onlara iki nəfər adam rast gəldi. Onlar özlərini Xudat ekologiya idarəsinin işçiləri kimi təqdim edərək, bir başa tüfənglərini çiynlərindən aldılar və sonra ciblərindən bir sənəd çıxarıb göstərdilər ki, ekologiyanın işçiləridirlər. Onları qanunsuz ov etməkdə təqsirləndirdilər, ot tayalarını yoxlamaq məqsədilə gəldiklərini deməklərinə baxmayaraq, onlara inanmadılar. Dedilər ki, qanunla üstündə tüfənglə meşə ərazisinə çıxmaq özü qanunsuz ov sayılır, kəndə düşəndə onlara kömək edəcəklərini, elə bir ciddi qanun pozuntusu olmadığını bildirdilər. Onlar də onlara inandılar. Kənddə şosse yola çıxan kimi tüfənglərini də götürüb getdilər. Sonra onları Quba şəhərinə, Xaçmaz şəhərinə gedən yol ayrıcındakı restorana dəvət etdilər. Restoranda oturdular, burada tam doldurulmamış sənədlərə imza etdirdilər. 3-4 gündən sonra Xudat şəhərinə gəldilər ki, barələrində tərtib etdikləri protokolların surətlərini götürüb məhkəməyə şikayət etsinlər. Çünki onların hərəkətlərinin qanunsuz olduğunu başa düşmüşdülər. Xudat şəhərində protokolların surətlərini onlara verəndə gördülər ki, artıq protokol blankları onlarsız tam doldurulmuşdur, halbuki onlar imzalayanda sənəd tam doldurulmamışdır. Tüfəngi qanuni olduğu üçün ona qaytarıldı. Əlövsətin tüfənginin sənədi olmadığı üçün onu saxladılar. Protokolları götürəndə onlara bildirdilər ki, məktub yazıb nə vaxt qərar qəbul edəcəklərini deyəcəklər. Nəhayət 04 fevral 2026-cı il tarixdə, güya AR İXM-nin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiklərinə görə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə olunmağları barədə Xudat 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarlarını əldə edə bildilər. Qeyd edir ki, barəsində Xudat 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi qərarı aşağıda göstərilən səbəblərə görə əsassız hesab edir; onlar heç bir qanunsuz ov etməmişlər və ya ov etmə qaydalarını pozmamışlar. Onlar ov etmək üçün çıxmamışlar, ot tayalarının salamat olub-olmamasını yoxlamaq üçün çıxmışlar. Sadəcə qış vaxtı meşə ərazisində vəhşi heyvanların ola biləcək hücumundan özlərini qorumaq üçün tüfənglərini götürmüşdülər. Onların kəndlərinin ətrafında vəhşi heyvanlar çox olur. Qüvvədə olan «Ovçuluq haqqında» qanunun 1.0.1-ci maddəsində açıq göstərilir ki, ovçuluq ov obyektlərinin izlənilməsi,təqib edilməsi, tutulması və vurulmasıdır. Onlar bu hərəkətlərin heç birini etməmişdilər. Ov etmək niyyəti də olmamışdır, ümumiyyətlə o, heç vaxt ovçuluqla məşğul olmamışdır. Qeyd edilən səbəblərdən barəsində qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməli və barəsindəki inzibati xəta üzrə işə xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X7 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayəti qəbul etməyərək şikayəti əsassız hesab edərək göstərmişdir ki, Mahmud Məmmədovun heç bir hüquqi əsası olmadan ov etməsi tam təsdiqini tapmışdır. Şikayətçinin yalnız silah üçün icazəsi var, qanunvericiliyin tələblərinə uyğun olaraq silah öz xüsusi qablaşmasında daşına bilərdi. Şikayəti əsassız hesab edir, rədd olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 yanvar 2026-cı il tarixli Akta əsasən X7 tərəfindən qanunvericiliyin normaları pozulmuş və bu fakt həmçinin M.Məmmədov tərəfindən də imza edilməklə təsdiq edilmişdir. Həmçinin Məhkəmə iclasında müvafiq foto və video materiallar işə əlavə olunmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Ovculuq haqqında Qanun: 1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. ov aləti - həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov silahları, ov itləri, ovçu quşları və başqa ov vasitələridir. 12-ci maddəsinə əsasən Ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. 13-cü maddəsinə əsasən Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəddir. Ovçuluq bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14-cü maddəsinə əsasən Ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmir "Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları"nın və "Ovçuluq təsərrüfatları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2005-ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması” Qaydalarının 1.2-ci hissəsinə əsasən ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrıayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri ov yerləridir. Həmin Qaydaların 1.5-ci hissəsinə əsasən ovçuluq fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində ovçuluq bileti və üzvlük bileti əsasında verilmiş ov etmək üçün icazəyə müvafiq olaraq həyata keçirilir. Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquqi sənəddir. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs ovçu sayılır. Həmin Qaydaların 2.1-ci hissəsinə əsasən quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunun: 2-ci maddəsinə əsasən ov silahı - vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması qaydaları”nın: 4-cü maddəsinə əsasən vətəndaşlar özləri ilə onlara məxsus olan özünümüdafiə silahını hər zaman, odlu ov və idman silahını isə müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər. Yivli və yivsiz odlu uzun lüləli ov silahları çexolda, qısa lüləli və idman silahı isə qoburda gəzdirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Odlu silahın tətbiqi ilə bağlı ov etmə, eləcə də idmanla məşğul olma qaydaları”nın: 2-ci maddəsinə əsasən ov etmək məqsədi ilə vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və yivsiz odlu ov silahı, o cümlədən atıcı və pnevmatik silah tətbiq edilə bilər. Ov silahları ov məqsədi ilə yalnız qadağan edilməyən yerlərdə və vaxtda, habelə ovlanması qadağan edilməyən vəhşi heyvanlara və quşlara qarşı tətbiq edilə bilər. Ov tüfəngləri doldurulmamış halda gəzdirilməlidir. Tüfəng yalnız bilavasitə atəş açılmamışdan qabaq doldurula bilər. Atəş açılması başa çatdıqdan sonra tüfəng, silah sahibi atəş yerindən uzaqlaşmamış boşaldılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, ov etmək hüququnun xüsusi hüquq kimi yaranması ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazə kimi sənədlərin (hüquqi faktların) mövcud olması ilə şərtləndirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 272.3- cü maddəsində qanunverici müvafiq məsuliyyəti müəyyən edərkən lazımi icazə olmadan müddəası ilə ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənədin (ovçuluq biletinin) və ya həmin fəaliyyətə icazə verən hüquqi sənədin (ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtlərini müəyyən edən) olmamasını nəzərdə tutmuşdur. İstinad edilən qərarda vurğulanır ki, “...İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin normaları həmin Məcəllənin Ümumi hissəsinin normaları nəzərə alınmaqla tətbiq edilməli olduğundan, ov etmək hüququ olmayan şəxsin törətdiyi inzibati xətaya görə ona xüsusi hüququn (ov hüququnun) məhdudlaşdırılması növündə tənbehin tətbiqinin mümkün olubolmaması məsələsinin həlli zamanı Ümumi hissənin norması kimi Məcəllənin məhz 27.1-ci maddəsinin məzmunu rəhbər tutulmalıdır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. İş materialından görünür ki, X7 21 yanvar 2026-cı il tarixdə heç bir hüquqi sənədi olmadan ovçuluq haqqında Azərbaycan Respublikası qanunun tələblərini pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu fakt ərazidə yerində çəkilmiş fotoşəkillər ilə təsdiq olunur. Belə ki, orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş video görüntüdə M.Məmmədovun ov silahı və ov aləti sayılan ov iti ilə görüntüsü əks olunmuşdur. Həmçinin ov silahının xüsusi çexolda olmadığı aydın görünür. Digər tərəfdən inzibati araşdırma zamanı Mahmud Məmmədovun verdiyi ifadəsində onun ov edərkən əməkdaşlar tərəfindən aşkarlandığı qeyd olunur. Məhkəmə Mahmud Məmmədovun məhkəmədə verdiyi ifadəsini özünümüdafiə xarakterli hesab edir. Məhkəmədə müəyyən edildi ki, X7 barəsində Azərbaycan Respublikasının İXM-nin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 21 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuş, Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 04 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikasının İXM-nin 272-1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. X2 barəsində Xudat 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi qərarın əsassız olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» 04 fevral 2026-cı il tarixli MN ******* № li qərarın ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsi haqqında X6 şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» 04 fevral 2026cı il tarixli MN ******* № li qərarın ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsi haqqında X6 şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(5-139)-115/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-115/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver