Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-563/2026 26.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, icra sənədinə əsasən iddiaçı Şəxs azyaşlı uşağı ilə ünsiyyət qaydası müəyyən edilmiş, eyni zamanda icra sənədinə əsasən azyaşlı uşağın yaşadığı ünvandan alınaraq həmin ünvanda da təhvil verilməli olması qeyd edilmişdir. İnzibati xəta haqqında protokola əsasən isə tərəfindən Şəxs tərəfindən azyaşlı uşaq anasına qaytarılmamış, həmçinin sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarına əlavə edilmiş Şəxs icra idarəsində verdiyi izahatından isə görünür ki, o, uşağı anasına verməkdən imtina etmir, uşağı anasına qaytarmağa cəhd etsə də uşaq anasına getməkdən imtina edir. Məhkəmə hesab edir ki, indiki halda toplanmış və məhkəməyə təqdim edilmiş sənədlər əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinə hüquqi qiymət verilməsi mümkün deyil. Belə ki, qanunvericiliyin tələblərinə əsasən icra məmuru icra sənədlərinin düzgün, vaxtında və tam icrasını təmin etmək üçün qanunla nəzərdə tutulmuş bütün zəruri icra hərəkətlərini həyata keçirməli, icra hərəkətləri aparılarkən tərəflərin hüquq və qanuni mənafelərinin qorunması təmin edilməli, icra tədbirləri konkret şərait nəzərə alınmaqla, icra sənədinin mahiyyətinə uyğun və proporsional qaydada həyata keçirilməlidir. Eyni zamanda, qüvvədə olan qanunvericliyin tələbinə əsasən valideynlərin uşaqlarla ünsiyyət hüququ təmin edilməli, valideynlik hüquqlarının həyata keçirilməsi zamanı isə hər bir halda uşağın mənafeyi üstün tutulmalıdır. Uşağın maraqlarının üstünlüyü prinsipi həmçinin Azərbaycan Respublikasının qoşulduğu “Uşaq Hüquqları haqqında” Konvensiyada da təsbit olunmuşdur. İş materiallarından görünür ki, barəsində inzibati icraat aparılan şəxs uşağı anasına qaytarmaqdan imtina etmədiyini, uşağın özünün anasına getmək istəmədiyini bildirmişdir. Belə olan halda, icra məmuru tərəfindən uşağın real iradəsinin, psixoloji vəziyyətinin və valideynə münasibətinin obyektiv şəkildə müəyyən edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əlavə tədbirlər görülməli idi. Xüsusilə, azyaşlı uşağın mənafeyinə toxunan icra hərəkətləri həyata keçirilərkən psixoloqun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin cəlb edilməsi məqsədəuyğun və zəruri hesab olunur. Lakin, iş materiallarında uşağın anasına getməkdən həqiqətən də imtina edibetməməsi, imtina etdiyi halda bunun səbəblərinin araşdırılması, uşağın psixoloji durumunun qiymətləndirilməsi, eləcə də bu məqsədlə psixoloqun və ya müvafiq mütəxəssisin dəvət olunması ilə bağlı hər hansı sübut mövcud deyildir. Bu isə onu göstərir ki, icra sənədinin icrası zamanı hərtərəfli araşdırma aparılmadan və bütün zəruri zəruri tədbirlər tam həyata keçirilmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi üzrə məsuliyyətin yaranması üçün şəxsin icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi sübuta yetirilməlidir. İnzibati məsuliyyətin tətbiqi isə yalnız təqsirlilik prinsipi əsasında mümkündür. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən şəxs yalnız təqsiri sübuta yetirildikdə inzibati məsuliyyət daşıyır. Hazırkı iş üzrə isə məhkəməyə təqdim olunmuş materiallar əsasında Şəxs qəsdən və bilə-bilə icra sənədinin icrasından boyun qaçırması, yaxub bunun əksi barədə birmənalı nəticəyə gəlmək mümkün deyil. Uşağın iradəsinin müəyyən edilməməsi, bu istiqamətdə psixoloji rəyin alınmaması və digər zəruri icra hərəkətlərinin aparılmaması şəraitində şəxsə istinad edilən əməl sübuta yetirilmiş hesab edilə bilməz. Azərbaycan Respublikasının İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamam olduğundan və icra məmuru tərəfindən icra prosesində qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri tədbirlər, o cümlədən uşağın həqiqi iradəsinin müəyyən edilməsi üçün psixoloqun cəlb olunması kimi tədbirlər həyata keçirilmədiyindən, hazırkı materiallar əsasında işə mahiyyəti üzrə baxılması və şəxsin əməlində inzibati xəta tərkibinin olub-olmamasına hüquqi qiymət verilməsi mümkün deyildir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-155)-563/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-563/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver