Məhkəmə qərarları › İş №3(5-157)-17/2026

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(5-157)-17/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(5-157)-17/2026 06.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Şamaxı şəhəri Xəqani küçəsi ev 12-də qeydiyyatdadır. Faktiki Şamaxı şəhəri, Amasiya küçəsi ev 4-də yaşayır. 08 yanvar 2026-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı RETSİ-dən ona məktub gəlmiş və həmin məktubda göstərilmişdir ki, guya o, Şamaxı rayonu “Şirvangöl” şadlıq sarayında əmələ gələn qaz-toz tutucu qurğu olmadan ətraf mühitə atılmasında təqsirli bilinib, Azərbaycan Respublikasının İXM-nin 237.2-ci maddəsinə əsasən 3500 (üç min beş yüz) manat inzibati cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqında qərarla razı deyildir. Belə ki, o, Şamaxı rayonu “Şirvangöl” şadlıq sarayının sahibi deyildir. Həmin şadlıq sarayında işləmir və maddi məsul şəxs deyildir. Nədənsə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı RETSİ onu səhvən həmin şadlıq sarayının sahibi kimi qeyd edilən İXM-nin 237.2-ci maddəsi ilə cərimə etmişdir. Ona görə də, bu qərarı qanunsuz hesab edir . Hesab edir ki, inzibati tənbeh etməyə dair qərar ləğv olunmalı və inzibati xətaya dair işin icraatına xitam verilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şamaxı rayon ərazisində yerləşən “Şirvangöl” şadlıq sarayında əmələ gələn tullantıların qaz-qoztutucu qurğu olmadan ətraf mühitə atılmasına görə təqsirli bilinərək cərimə edilmişdir. Həmin restoran atasına məxsusdur, atası rəhmətə gedib, vərəsə kimidə anasıdır. Hazırda da, başqa şəxsə icarəyə verilmişdir. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən heç bir yoxlama aparılmadan ptorokol tərtib etmişlər. Əməkdaşların dediyinnə görə ona zəng etmişlər, amma ona zəng gəlməmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, Şamaxı rayon ərazisində yerləşən “Şirvangöl” şadlıq sarayında inzibati protokol, tüstü ilə bağlı deyil, qurğunun olmaması səbəbindən protokol tərtib edilmişdir. Sarayın mətbəxi saraya birləşikdir. İlk dəfə xx.xx.2025-ci il tarixdə Şamaxı rayonu, ərazisində yerləşən “Şirvangöl” şadlıq sarayında keçirilmiş monitorinq aktına əsasən qeyd olunan şadlıq sarayının manqalxanasına, qaztoztutucu qurğusunun quraşdırılmadığı tərəflərindən müəyyən edilmişdir. Həmin monitorinqin mahiyyəti baxış keçirməkdir və monitorinqin sonunda qəbul edilmiş akt əsasında şəxsləri məsuliyyıtə cəlb edirlər. Monitorinqin keçirilməmişdən əvvəl şəxsə məlumat verilir. Lakin, onlar həmin monitorinqin keçiriməsi ilə bağlı X3 şifahi məlumat vermişdir, rəsmi deyil. Həmin yoxlama plandan kənar olmuşdur. Şikayətin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahisəsinə buraxdığını bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şamaxı rayon ərazisində yerləşən “Şirvangöl” şadlıq sarayında əmələ gələn tullantıların qaz-qoztutucu qurğu olmadan ətraf mühitə atılmasına görə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə təqsirli bilinərək, 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Şamaxı rayonu, ərazisində yerləşən “Şirvangöl” şadlıq sarayında xx.xx.2025-ci il tarixində keçirilmiş monitorinq aktına əsasən, qeyd olunan şadlıq sarayının manqalxanasına, qaztoztutucu qurğusunun quraşdırılmadığı tərəflərindən müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 ünvanlanmış məktubdan görünür ki, barəsində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokol tərtib olunmuş və xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi əsasında inzibati qaydada 3500 (üç min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə - fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən inzibati xətanın törədilib-törədilməməsi ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının yoxlamarı ilə aşkar edilir. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 71-ci maddəsinin 1-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. Həmin Qanunun 71-ci maddəsinin 2.1-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə pulsuz tanış olmaq hüquq vardır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 4-2.1.6-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlama zamanı yoxlayıcının vəzifəsidir. 14.1-ci maddəsinə əsasən, yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 15.1-ci maddəsinə əsasən, plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risklərin idarə olunması sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. 17.1-ci maddəsinə əsasən, yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. 17.3-cü maddəsinə əsasən, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)) və məhkəmə qaydasında şikayət verə bilər. İstinad olunan Qanunun tələblərindən çıxış edərək, məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan (nümayəndəsi) tərəfindən yoxlamnın keçirilməsinə dair qərarın qəbul edilib-edilməməsi, yoxlamanın “yoxlamaların vahid məlumat reyestrində” qeydiyyata alınınb-alınmaması, alındığı təqdirdə bu barədə çıxarışın əldə olunub-olunmaması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli normativ-hüquqi aktların tələbləri pozulmaqla keçirildiyindən hüquqi nəticəsi yoxdur və məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yol vermiş olduğu digər bir pozuntu ondan ibarətdir ki, həmin İdarənin nümayəndəsi ətraf mühitin mühafizəsi ilə əlaqədar monitorinq keçirdiklərini qeyd etsə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 90 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə ilə nəzərdə tutulmuş monitorinq tədbirlərini deyil, monitorinq adı ilə yoxlama hərəkətlərini həyata keçirmişlər. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 90 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamənin: 2-ci bəndinə əsasən, ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir. 6.1.1. Atmosfer havasının çirklənməsinin monitorinqi - təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosferə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir. 6.9-cu bəndinin 1-c hissəsinə əsaəsn, tullantıların monitorinqi - əmələ gələn, emal olunan, utilizasiya edilən və saxlanılan tullantıların növü, miqdarı, emal və basdırılma üsulları göstərilməklə uçota alınması və tullantıların düzgün yerləşdirilməsi qaydalarına riayət olunmasının təmin edilməsindən ibarətdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 90 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməsində nəzərdə tutulmuş monitorinq tədbirləri ətraf mühitin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemidir. Məhz bu səbəbdən də, aparılmış monitorinq nəticəsində məsuliyyət tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmamışdır. Lakin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən monitorinq adı altında icra etdikləri hərəkətlərdən (çəkilmiş foto şəkil, müvafiq məsuliyyət tədbirləri nəzərdə tutuan aktların qəbul edilməsi və s.) görünür ki, həmin İdarə monitoriq deyil, məhz yoxlama hərəkətləri həyata keçirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3.-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar