Məhkəmə qərarları › İş №3(5-158)-284/2026

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-284/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-284/2026 05.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikası Şəki Şəhər İcra Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Manaf qızının nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Şəki rayonu Suçma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Manaf qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə Şəki Şəhər İcra Hakimiyyətindən daxil olmuş inzibati xətaya dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Manaf qızının Azərbaycan Respublikası İXM-in 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının hüquq və kadr məsələləri sektoru müdiri X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2026-cı il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli protokolda göstərilmişdir ki, Şəxs Manaf qızı xx.xx.2026-cı il tarixdə ünvan 2 ünvanında barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlamasına Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulan əsas olmadan tikinti işləri aparmışdır. Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, protokolu müdafiə etdiyini, Şəxs Manaf qızının İXM-nin 395.1-2-ci maddəsi ilə təqsirli bilinməsini, həmin maddənin sanksiyası çərçivəsində onun barəsində yüngül tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. O, əlavə olaraq, məhkəməyə sübutlar təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs başqa ünvanda apardığı tikintini qanunvericiliyə uyğun məlumatlandırma icraatına uyğun tikinti işləri apardığını bildirmiş, dolaysı ilə vətəndaşın bu barədə məlumatlı olduğunu sübut etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Manaf qızının nümayəndəsi Nümayəndə bildirdi ki, barəsində protokol tərtib edilən şəxs anasıdır. Faktiki olaraq onun bütün işlərinin onun özü aparır. Anası yaşlı qadın olduğu üçün binadakı evi satıb, həyət evi tikmək qərarına gəlmişlər. İcra hakimiyyətinin nümayəndəsinin dediklıri ilə razı deyildir. O, layihəni tərtib edilməsi üçün Təbriz adlı şəxsə sənədləri vermişdir. Həmin şəxs icra hakimiyyətinin binasında fəaliyyət göstərir. Lakin həmin şəxs işi müxtəlif bəhanələrlə yubatdığından layihə tərtib edilməmiş və qeyd edilən portala yüklənməmişdir. Bundan əvvəl isə başqa ünvandakı layihə ilə bağlı başqa şəxsin xidmətindən istifadə etmiş, o, qaydasında sənədləri təsdiq etdirmişdir. O, hesab edir ki, heç bir pozuntu törətməmişdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq, Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi bildirdi ki, Təbriz adında onların strukturunda Təbriz adlı şəxs işləmir. Həmin binada ayrıayrı şəxslər müvafiq dövlət orqanından icarə olaraq otaqlar götürərək fəaliyyət göstərir. Həmin şəxs bu şəkildə fəaliyyət göstərir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokolda qeyd olunur ki, İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli protokolda göstərilmişdir ki, Şəxs Manaf qızı xx.xx.2026-cı il tarixdə ünvan 2 ünvanında barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlamasına Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulan əsas olmadan tikinti işlərinə başlamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan məlum olur ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətçisi Şəxs Manaf qızıdır. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə faktla bağlı məlumat verilmiş və müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. Şəxs Manaf qızına ünvanlanmış xx.xx.2026-cı il tarixli bildirişlər şəxsə tikinitinin dayandırılması tövsiyə edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2026-cı il tarixli məktubu və xx.xx.2026-cı il tarixli qərarından görünür ki, ünvan 2 ünvanında yerləşən evin tikinti işlərinin dayandırılmasına qərar verilmiş, tikintinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işləri aparıldığı təsvir edilmiş, məlumatlandırma icraatı ilə bağlı sənədlərin Agentliyə təqdim olunması tələb edilmişdir. Tikintilərin dövlət reyestrinin internet səhifəsindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında tikinti niyyəti Şəxs Manaf qızı tərəfindən xx.xx.2026-cı il tarixdə qeydə alınmışdır. Təqdim olunmuş protokola qoşma fotoşəkillərdən görünür ki, fərdi yaşayış evi tikilməkdədir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyətindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Manaf qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Manaf qızı tərəfindən aparılmış tikinti işlərinin qanunamüvafiq olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə nəzər yetirilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsindən görünür ki, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə sənədləri tədqiq edərək bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliəkbərova X5 şəhəri, Bəşarət Paşayev küçəsi, giriş 62 ünvanında məlumatlandırma icraatına əməl etməyərək tikinti işləri aparmışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 395.1-2-ci maddəsində göstərilən inzibati xətanının törədilməsində təqsirli bilinməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyətindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Manaf qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını və digər halları nəzərə alaraq, Şəxs Manaf qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Manaf qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Manaf qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar