Məhkəmə qərarları › İş №3(5-161)-23/2026

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(5-161)-23/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(5-161)-23/2026 02.02.2026 ŞUŞA RAYON MƏHKƏMƏSİ X11 Bəşərəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi, Şuşa Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, müdafiəçi- Presedent Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Şuşa şəhərində "xxxx" QSC-də iş icraçısı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olanmaqla yaşayan – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şuşa Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi, Şuşa Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 01 fevral 2026-cı il tarixdə təxminən saat 01.30 radələrində Şuşa Rayon Polis Şöbəsində əməliyyat qrupunda növbədə olarkən, Yeni Yaşayış massivində münaqişə olması ilə bağlı daxil olmuş məlumatla əlaqədar, orada nəzarətçi işləyən Ülvi Rüstəmli ilə birlikdə həmin yerə getdikdə, orada Şəxs və bir neçə nəfər digər şəxslərin yığışdığını, səs-küy yaratdığını görüb, onları polis şöbəsinə dəvət etmiş, lakin Şəxs ona qarşı aqressiya göstərərək, polisə getməkdən imtina etmişdir. Həmin gün saat 10.00-radələrində yenidən Şəxs yaşadığı mənzilə gedib onu polis şöbəsinə dəvət etdikdə, Şəxs yenə də səs-küy salaraq getməkdən imtina etmişdir. Bundan sonra polis şöbəsinə qayıdaraq bu barədə rəhbərliyə məlumat vermiş və rəhbərliyin göstərişinə əsasən Şuşa rayon Polis Şöbəsinin digər əməkdaşları ilə birlikdə yenidən Şəxs müvəqqəti yaşadığı mənzilə gedib onu Şuşa RPŞ-ə dəvət etdikdə, o yenidən çox aqressiv formada öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq, polis şöbəsinə getməkdən imtina edib, güya polisin ona qarşı zor tətbiq etməkləri ilə bağlı DİN-nin “102” xidmətinə şikayət etdiyini bildirib, polisin qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, işi ilə əlaqədar müvəqqəti olaraq Şuşa şəhəri, İsrafil İbrahimov küçəsində kirayə yaşayır. xx.xx.2026-cı il tarixdə, təxminən gecə saat 01.30 radələrində evdə olarkən polis əməkdaşı Ceyhun Qəfərov ora gələrək onun polis şöbəsinə getməsini istəmiş. O, buna hazır olmadığını və bunun üçün ona 1 saat vaxt lazım olduğunu deyərək, getməkdən imtina etmişdir. Bundan sonra C.Qəfərov getmiş və yenidən təxminən saat 10 radələrində qayıtmış və yenə də onun polisə getməsini istəmiş. Lakin o, yuxusuz olduğunu və hazırlaşmaq üçün ona 1 saat vaxt lazım olduğunu deyib, həmin vaxt C.Qəfərovla getməmişdir. Bundan bir müddət sonra C.Qəfərov yenidən başqa polis əməkdaşları ilə ora gəlmiş və onu polis şöbəsinə dəvət edərək bildirmişlər ki, orada yaşayan digər vətəndaşların ondan şikayət və narazılıqları var. Buna görə polis əməkdaşları ilə aralarında anlaşılmamazlıq və narahatçılıq baş vermişdir. Ancaq bir qədər sonra onlarla razılaşaraq polis şöbəsinə getmişdir. Hazırda səhv etdiyini başa düşür və əməlindən peşmandır. Bundan əlavə, Şəxs göstərmişdir ki, polis əməkdaşları onu dəvət edərkən polis formasında olmuşlar və ona qarşı hər hansı aqressiya, təsir göstərməmişlər. Həmin vaxt o, yuxusuz olmuş, içkili olmamış, 1 gün əvvəl spirtli içki qəbul etmişdir. Əsəbi olduğundan DİN-nin “102” xidmətinə zəng edib, polis əməkdaşlarının ona qarşı aqressiv hərəkət etdiklərini demiş, əslində isə belə bir şeylər olmamışdır. Hazırda bu işə görə əməlindən peşmançılıq çəkir. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin əlamətləri olmadığını göstərib, onun barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şuşa Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7, Şuşa Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 ilə eyni məzmunlu izahat verərək göstərmişdir ki, 01 fevral 2026-cı il tarixdə günorta vaxtları rəhbərliyin göstərişinə əsasən digər polis əməkdaşları ilə birlikdə Şuşa şəhəri, İsrafil İbrahimov küçəsində yaşayan Şəxs polis şöbəsinə dəvət etmək üçün onun yaşadığı ünvana getmiş, orada Şəxs onların hansı məqsədlə gəldiklərini bildikdən sonra, onlara qarşı aqressiv hərəkətlər edərək getməkdən imtina edib qapını bağlamış, bununla da polisin qanuni tələblərinə əməl etməmişdir. Bundan sonra onunla aparılmış söhbətlər əsasında o, polisə getməyə razı olmuş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şuşa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X10, Şuşa Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 və Şuşa Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 ilə eyni məzmunlu izahat verərək göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə, günorta saatlarında rəhbərliyin göstərişinə əsasən digər polis əməkdaşları ilə birlikdə Şuşa şəhəri, İsrafil İbrahimov küçəsində müvəqqəti yaşayan Şəxs polis şöbəsinə dəvət etmək üçün onun yaşadığı ünvana getmiş, özlərini təqdim edib məqsədlərini ona bildirmiş, lakin Şəxs onlara qarşı nümayişkəranə, aqressiv hərəkətlər edərək getməkdən imtina etmiş, qapını bağlamış, bununla da polisin qanuni tələblərinə əməl etməmişdir. Bundan sonra onunla söhbətlər aparılmış və nəticədə o, polisə getməyə razılıq verərək, onlarla birlikdə polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şuşa RPŞ-nin MSY-nin polis nəfəri, polis baş serjantı X5, Şuşa Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7, Şuşa Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 və Şuşa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X10 ilə eyni məzmunlu izahat verərək onların göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında göstərdi ki, Şuşa şəhəri, İ.İbrahimov küçəsi, bina 21, mənzil 3-də yaşamaqla, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” X16 Mənzil-kommunal və təmir xidmətinin Yaşayış massivində xidmət sahəsində nəzarətçi vəzifəsində işləyir. Şəxs qonşu binada kirayədə yaşayan biri kimi tanıyır. Şəxs dəfələrlə yaşadığı ünvanda digər yoldaşları ilə yığışıb səs-küy yaradaraq, nəlayiq ifadələr işlədərək, orada yaşayan digər vətəndaşları narahat etdiklərinə görə ona irad bildirmiş, lakin Şəxs bunlara məhəl qoymamış, hərəkətlərini davam etdirmişdir. Ona görə də sonuncu dəfə xx.xx.2026-cı il tarixdə, gecə yenə də Şəxs orada səs-küy saldığına görə irad bildirmiş, lakin o, buna məhəl qoymadığı üçün Şuşa Rayon Polis Şöbəsinə bu barədə şikayət vermişdir. 01.02. 2026-cı il tarixdə, saat 01:30 radələrində polis sahə rəisi C.Qəfərov həmin ünvana gəlmiş və özünü Şəxs təqdim edərək onun barəsində daxil olmuş şikayətlə əlaqədar onu polis şöbəsinə getməyə dəvət etdikdə, Şəxs polisə tabesizlik göstərib onunla getmədi, narazılıq etdi və mənzilə girib qapını bağladı. Bundan sonra onlar həmin yerdən getmişlər. Səhər açılandan sonra, təxminən saat 10-11 arası C.Qəfərov yenidən bir nəfər polis işçisi ilə ora gəlib, Şəxs yenidən polis şöbəsinə dəvət etmiş, lakin Şəxs yenidən narazılıq, səs-küy salaraq, C.Qəfərovu “102” xidmətinə zəng edəcəyi, video çəkəcəyi ilə hədələyərək, polisə getməkdən imtina etdi. Bundan bir qədər keçmiş, C.Qəfərov həmin yerə başqa 3 nəfər polis işçisi ilə gəldilər və yenə də polis şöbəsinə dəvət etmiş, lakin Şəxs yenidən narazılıq, səs-küy salaraq onlara tabesizlik göstərdi, içəri girib qapını bağladı. Ancaq bir müddətdən sonra Şəxs polislərlə birlikdə getdiklərini görmüşdür. Məhkəmə İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. “Polis haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə polis işçilərinin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, Şəxs bu hərəkətin davam etdirilməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci və 33.1.7-ci maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, Şəxs AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə təqsiri sübuta yetirildiyindən, məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən, hesab edir ki, Şəxs AR İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli onun faktiki saxlandığı, yəni, xx.xx.2026-cı il tarixdən, saat 14:00-dan hesablanmalı, qərarın icrası Şuşa Rayon Polis Şöbəsinə və Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 14:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şuşa rayon Polis Şöbəsinə və Bərdə Rayon Polis X3 Yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar