Məhkəmə qərarları › İş №3(5-93)-1771/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1771/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-93)-1771/2026 18.03.2026 BAKI ŞƏHƏRI BINƏQƏDI RAYON MƏHKƏMƏSI Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci ərazi Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi X1 iştirakları ilə, “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci ərazi Dövlət yanğın nəzarəti idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 1ci ərazi Dövlət yanğın nəzarəti idarəsi tərəfindən “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 518.1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci ərazi Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru X2 bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid reyestr məlumatından çıxarılmış çıxarışa əsasən ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək ünvan 1 ünvanında yerləşən, “TƏCHİZATÇI” ASC-yə məxsus mebel istehsalı sexində plan üzrə yanğın-texniki müayinə aparılması nəzərdə tutulmuşdur. Qeyd edilən obyektdə olarkən “TƏCHİZATÇI” ASC-nin nümayəndələri tərəfindən heç bir sənəd təqdim edilmədiyinə görə həmin ASC barəsində İXMin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsində göstərilmişdir ki, yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri var. Müəssisə tərəfindən planlı yoxlama ilə bağlı lazımi sənədlər təqdim edilmədiyi üçün “TƏCHİZATÇI” ASC barəsində İXM-in 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, “TƏCHİZATÇI” ASC tərəfindən Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq “TƏCHİZATÇI” ASC-nin inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid reyestr məlumatından çıxarılmış çıxarış “TƏCHİZATÇI” ASC-yə məxsus obyektə aparılmış, lakin mühafizəçi həmin sənədi qəbul etməkdən imtina etmişdir. Lakin bununla bağlı rəsmiləşdirmə aparılmamışdır. Yoxlamanın keçirilməsinə maneə törədilməsi ilə bağlı hər hansı akt tərtib edilməmişdir. Məhkəmə iclasında “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyətinın nümayəndəsi X1 bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci ərazi Dövlət yanğın nəzarəti idarəsi tərəfindən “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 518.1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci ərazi Dövlət yanğın nəzarəti idarəsi tərəfindən “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyətinə məxsus mebel sexində planlı yoxlamanın aparılması ilə bağlı ASC-yə heç bir məlumat verilməmiş, rəsmi müraciət ünvanlanmamışdır. ASC-nin direktoruna və ya hər hansı nümayəndəsinə planlı yoxlama ilə bağlı bildiriş göndərilməmişdir. Məhkəmə tərəfindən inzibati xəta haqqında işlə bağlı ASC-yə bildiriş göndərildikdən sonra həmin inzibati işin olması ilə bağlı məlumatlanmışlar. İnzibati xətanın baş verdiyi iddia edilən obyekt icarəyə verilmişdir və həmin obyektdə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi müqavilə ilə icarəçinin üzərinə qoyulmuşdur. Qeyd edilənləri nəzərə alaraq “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: ##.##.2026-cı il tarixli, KY********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışından görünür ki, “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyətə məxsus, ünvan 1 ünvanında yerləşən mebel istehsalı sexində plan üzrə (növbəti) yoxlamanın aparılması nəzərdə tutulmuşdur. ##.##.2026-cı il tarixli, *-**-**/Q-***/**** nömrəli “Planlı (növbəti) yoxlamanın aparılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci ərazi Dövlət yanğın nəzarəti idarəsi tərəfindən “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyətə məxsus, ünvan 1 ünvanında yerləşən obyektdə ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək müayinə aparılması qərara alınmışdır. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci ərazi Dövlət yanğın nəzarəti idarəsi tərəfindən “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyətə məxsus, ünvan 1 ünvanında yerləşən mebel istehsalı sexində plan üzrə yanğın təhlükəsizliyinin müayinəsi zamanı sənədlər təqdim edilmədiyi üçün planlı yoxlamanın keçirilməsi mümkün olamamışdır. Nəticədə “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 518.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Yanğın Təhlükəsizliyi haqqında” Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. Həmin Qanunun 25-ci maddəsinə əsasən Dövlət yanğın nəzarəti dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Sahibkarlara münasibətdə dövlət yanğın nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən plan üzrə (növbəti) yoxlama - risklərin idarə olunması sisteminə və yoxlamaların aparılmasının bu Qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlamadır. Həmin qanunun 4-2.1.11-ci maddəsinə əsasən yoxlama zamanı yoxlayıcı yoxlama müddətində sonradan sübut edilməsi mümkün olmayan və ya yoxlamanın icrasına mane olan hər hansı fakt (reyestrə daxil edilmiş hüquqi ünvanda sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin olmaması, yoxlamanın keçirildiyi yerə girişə məhdudiyyət, tələb olunan sənədləri təqdim etməkdən imtina və s.) barədə qeydi yoxlama aktına daxil etmək və sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə, onlar imtina etdikdə və ya onların iştirakı mümkün olmadıqda, müvafiq qeyd etməklə rəsmiləşdirmək vəzifəsi daşıyır. Həmin qanunun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Həmin qanunun 20.3-cü maddəsinə əsasən sahibkar və ya onun səlahiyyətli nümayəndəsi yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Götürülmüş sənədlərin əsli yoxlayıcı tərəfindən yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə qaytarılmalıdır. Həmin qanunun 31.10-cu maddəsinə əsasən sahibkar yoxlama aktını almaqdan və (və ya) onu imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən yoxlama aktında müvafiq qeydlər aparılır. Bundan sonra yoxlama aktının müvafiq surəti alınmasını təsdiq edən istənilən vasitə ilə yoxlama başa çatdığı tarixdən növbəti üç iş günü ərzində sahibkara göndərilir. İXM-in 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci ərazi Dövlət yanğın nəzarəti idarəsi tərəfindən “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyətə məxsus, ünvan 1 ünvanında yerləşən obyektdə aparılmış planlı yoxlama ilə bağlı hüquqi şəxsə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada məlumat verilməmiş, həmin obyektdə keçirilmiş yoxlama zamanı tələb edilən sənədlərin təqdim edilməməsi ilə bağlı yoxlama aktında qeydlər göstərilməmiş, “TƏCHİZATÇI” ASC-ə məxsus obyektdə “Yanğın təhlükəsizliyi haqqında” qanunun hansı tələblərinin pozulması müəyyən edilmədən həmin hüquqi şəxs barəsində İXM-in 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki İXM-in 518.1-ci maddəsinin dispozisiyasında yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə əməlində İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci ərazi Dövlət yanğın nəzarəti idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyətinın əməlində İXM-in 518.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 1ci ərazi Dövlət yanğın nəzarəti idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair “TƏCHİZATÇI” Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar