Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-606/2026 24.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının X6 üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin rəisi X2 iştirakı ilə xx xxx 1996-cı il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Quba rayonunun Amsar-Palasa kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 515.0.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının X6 üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin rəisi X3 tərəfindən Şəxs barəsində 22 yanvar 2026-cı il tarixdə İXM-nin 515.0.2-ci maddəsi ilə MN ******* nömrəli “inzibati xəta haqqında protokol” tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs tərəfindən 22 yanvar 2026-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Osman Mustafayev küçəsi 116-da yerləşən şəxsi evdə dini yığıncaqlar və digər dini mərasimlərin təşkili və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması faktı aşkar edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs A.X.Kazımov izahatında göstərdi ki, Dövlət Təhlükəsizliyi Xidməti, DİN-in müvafiq qurumları və X6 üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin nümayəndələrinin iştirakları ilə keçirilmiş əməliyyat tərbirləri nəticəsində 22 yanvar 2026-cı il tarixdə protokolda göstərilən ünvanda yerləşən evdən yataqxana kimi istifadə olunması, həmin yataqxanada dini yığıncaqlar, dərslər təşkil edildiyi müəyyən edilmişdir. Evdən 280 ədəd müxtəlif məzmunlu dini kitab sübut olaraq götürülmüşdür. Şəxs da həmin yığıncaqların təşkilatçılarından biri kimi barəsində hazırki protokol tərtib edilmişdir. Hazırda protokolu müdafiə edir və Şəxs inzibati məsuliyyətə cəlb olunmasın xahiş edir. Məhkəmənin 11 fevral 2026-cı il tarixli iclasında iştirak etmiş barəsində icraat aparılan Şəxs protokolda göstərilən inzibati xəta hadisəsi üzrə özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, 3-cü qrup əlil olduğundan ağır işlərdə işləyə bilmir. “Seyid müəllim”lə öncədən tanışlığı olmuş, ona yüngül iş olarsa işləmək istəyini bildirmişdir. Həmin şəxs də onu tələbə yataqxanasına gözətçi kimi işə dəvət etmişdir. Sözügedən yataqxanada işlədiyi müddət 1 ay olmadığından, onunla rəsmi əmək müqaviləsi bağlanmamışdır. O, yataqxanadakı tələbələrin ümumi vəziyyətini yoxlamaq, yataqxananın özünün təhlükəsizliyinin təmin edilməsi işlərini görmüşdür. Yataqxanada istifadəsi qadağan olunmayan kitablardan ibarət bölmələr olmuş, oradakı tələbələr könüllü olaraq həmin kitablardan istifadə etmişlər. O, özü dindardır, vaxtaşırı dinlə bağlı yaranmış suallarını yataqxanadakı müəllimlərdən soruşmuşdur. Həmin müəllimlər yataqxadana dərs keçməmiş, tələblərin yemək, qalmaq şəraitlərinin təmini işləri ilə məşğul olmuşlar. Ümumilikdə həmin yataqxanada yaşayan tələblər özləri də dindar olduqları üçün bəzi hallarda toplanıb ibadətlə bağlı müzakirələr aparmışlar. O özü heç bir dərsdə, yığıncaqda iştirak etməmişdir. Yataqxanadakı kitablar isə oradaki müəllimlərə aid olmuşdur. Verilmiş suallara cavab olaraq Şəxs bildirmişdir ki, inzibati xəta haqqında protokolda onun izahatı kimi göstərilmiş etirafedici ifadələr ona məxsus olmamış, o, protokola imza etməmişdir. İXM-nin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər; 6-1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur; 28-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında qanunvericiliyinin icrası üzərində nəzarət qüvvədə olan qanunvericiliyə müvafiq surətdə həyata keçirilir; 30-cu maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən 22 yanvar 2026-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Osman Mustafayev küçəsi 116-da yerləşən şəxsi evdə dini mərasimlərin keçirilməsinin qanunla müəyyən olunmuş qaydası pozulduğundan o, İXM-in 515.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında Şəxs inzibati xəta üzrə özünü təqsirli bilməsə də, onun izahahatından, eləcə də məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən edilmişdir ki, sözügedən ünvanda müəyyən şəxslər - “müəllimlər” tərəfindən dini yığıncaqlar keçirilmiş, Şəxs isə yataqxananın gözətçisi kimi bu yığıncaqların keçirilməsinin təşkilində iştirak etmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinib, barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(5-93)-606/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-606/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver