Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-614/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli AYN1903757 nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli AYN1903757 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10 yanvar 2026-cı il tarixli AYN1903757 nömrəli qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) manat məbləğində cərimə tətbiq edilmişdir. Hesab edir ki, qeyd olunan qərar tamamilə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. İXM-in 346-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat məbləğində cərimə nəzərdə tutulur. Bildirir ki, qeyd edilən tarixdə 1181 qısa nömrəsinə SMS vasitəsilə parklanmanın başlanması barədə mesaj göndərmiş, sonradan isə parklanmanın sonlandırılması barədə SMS təqdim etmişdir. Hər iki SMS müvafiq qaydada qəbul edilmiş, parklanma 10758 nömrəli məntəqədə qeydə alınmış və parklanma sonlandırıldıqdan sonra ödəniş çıxılmışdır. Sonradan barəsində cərimə tətbiq edilməsi barədə SMS daxil olduğuna görə məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 141 nömrəli Qaynar xəttinə müraciət etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2026-cı il tarixdə 10 yanvar 2026-cı il tarixli AYN ******* nömrəli qərar təqdim edilmişdir. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 53-cü maddəsinin Xİ hissəsinə əsasən, parklanma yerləri ödənişli və ödənişsiz ola bilər və parklanma haqqı nağd qaydada, plastik kartla, SMS, elektron ödəmə sistemləri və ya internet vasitəsilə həyata keçirilə bilər. Ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Həmin Qanunun 53-cü maddəsinin XXV hissəsinə əsasən, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən həyata keçirilir. Bundan əlavə bildirir ki, 10 yanvar 2026-cı il tarixdə saat 09:51-də sözügedən ünvanda ödənişli parklanma yerində parklanma etmiş və SMS vasitəsilə parklanma müddətinin başladılmasını göndərmişdir. 90LZ774 dövlət qeydiyyat nişanlı Chevrolet Orlando markalı minik avtomobili barədə tərtib edilmiş 10 yanvar 2026-cı il tarixli AYN1903757 nömrəli qərara əlavə olunmuş fotoşəkillərdən görünür ki, saat 09:58:42-də barəsində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərarına əsasən, “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin XV hissəsinə uyğun olaraq ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanmasına görə ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır. Beləliklə, saat 09:51-də parklanma etdikdən və SMS göndərdikdən sonra 15 dəqiqəlik ödənişsiz müddət başa çatmadan, yəni saat 09:58-də inzibati xəta haqqında qərar qəbul edilmişdir. İXM-in 76-cı maddəsinə əsasən, sübutlar tam, əsaslı, qərəzsiz və şübhə doğurmayan məlumatlar olmalıdır. Təqdim edilmiş foto materiallardan isə görünür ki, 15 dəqiqəlik ödənişsiz müddət nəzərə alınmadan qərar qəbul edilmişdir. Həmçinin İXMin 346-1-ci maddəsinin qeyd hissəsinə əsasən, ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün məsuliyyət yalnız nəqliyyat vasitəsi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerindən çıxarılmadıqda yaranır. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin XV hissəsinə əsasən isə, ödənişli parklanma yerlərində 15 dəqiqəyədək parklanma üçün ödəniş tələb olunmur və nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən faktiki müddətə uyğun olaraq ödəniş edir. Göstərilənlərə əsasən, 10 yanvar 2026-cı il tarixli AYN ******* nömrəli qərarın qanunsuz və əsassız olduğu qənaətinə gəlinir və həmin qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X6 çıxış edərək Vəliyev Firudinin nəqliyyat vasitəsinin parklanmasına görə göndərdiyi sms-in formatı düzgün olmadığı üçün, barəsində parklanma qaydalarını pozmaqla baqlı qərar qəbul edilmişdir. Lakin həm də ödəniş çıxmışdır. Hər bir halda avtomobil parklanma qaydaları üzrə müəyyən edilmiş formaya uyğun qeydiyyata alınmadığı üçün barəsində tərtib edilmiş qərar əsaslıdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli AYN1903757 nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərarın ləğv edilməsini, özünü parklanma qaydalarına riayət etdiyini, hətta parklanmaya görə ondan ödəniş çıxıldığını bildirmişdir. Məhkəmədən qərarın ləğv olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2026-cı il tarixli AYN1903757 nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-nin 346-1.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair xx.xx.2026-cı il tarixli AYN1903757 nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X1 İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədib törətməməsini müəyyən etmək mümkün deyil. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, X3 tərəfindən parklanma qayadalarına uyğun olaraq sms göndərilmiş və nəqliyat vasitəsinin qeydiyyata alınmasına dair cavab daxil olmuşdur. lakin buna baxmayaraq həm də barəsində parklanma qaydalarının pozulmaı ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X1 İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə parklanma qaydalarının pozulmasına yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X1 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2026-cı il tarixli AYN1903757 nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2026-cı il tarixli AYN1903757 nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(5-97)-614/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-614/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver