Məhkəmə qərarları › İş №3(5-98)-472/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-472/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-472/2026 05.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov, ev 115, mənzil 21; VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən vətəndaş X4 və X5 müraciətləri əsasında AR Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov, ev 115, mənzil 21 ünvanında qeydiyyatda olan Şəxs MMC-yə 3-17-5/2- 101980/2025 nömrəli, xx.xx.2025-ci il tarixli göndərilən məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuş, lakin sənədlər natamam (son haqq-hesabın hesablanması) təqdim olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X10 protokolun məzmununa uyğun izahat verərək MMC tərəfindən sorğuda göstərilən sənədlərin əksəriyyəti təqdim edilsə də, son haqq-hesabın hesablanmasına dair sənədlərin təqdim olunmadığını bildirmiş və Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X6 izahatında bildirmişdir ki, X9 Xidməti tərəfindən verilmiş sorğuya tərəflərindən cavab verilmiş, dəfələrlə X9 Xidmətinə gedib sənədlərin qaydasında olubolmaması barədə maraqlandıqda onlara hər şeyin qaydasında olduğu bildirilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17-5/2-101980/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X4 və X5 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə idarəyə ünvanladıqları müraciətə baxılması məqsədi ilə X7 və X8 aid sənədlərin 7 iş günü ərzində X9 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Məktubda iş vaxtı uçotu sənədlərinin surətinin (son 12 ayı üzrə), əmək haqqı cədvəllərinin surətinin (son 12 ayı üzrə), əmək haqqının ödənilməsini təsdiq edən sənədlərin surətinin (son 12 ayı üzrə ödəniş tapşırığı, bank çıxarışı), əmək müqaviləsinə xitam veriləcəyi barədə işçiyə edilmiş xəbərdarlıq məktubunun surətinin, əmək müqavilələrinə xitam verilməsinə dair Həmkarlar İttifaqı Komitəsinin razılığını təsdiq edən sənədlərin surətinin (olduğu təqdirdə), məzuniyyət hüququndan istifadə etmələrinə dair ərizə və əmrin (son 2 il üzrə), olduğu təqdirdə növbəlilik cədvəllərinin surətinin, iş vaxtından artıq iş saatlarına cəlb olunduğu təqdirdə işçinin razılıq ərizəsinin və işəgötürənin əmrinin, işdən çıxarma müavinətinin ödənilməsini təsdiq edən sənədlərin surətinin (ödəniş tapşırığı, bank çıxarışı), son haqqhesabın hesablanmasını təsdiq edən sənədlərin surətinin, son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlərin surətinin, yemək pullarının düzgün hesablanmamasına münasibət bildirilməsi və vətəndaşın müraciətində qeyd etdiyi məsələlərə münasibət bildirilməsi ilə bağlı cavab məktubunun surətinin təqdim edilməsi tələb olunmuşdur. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, DƏMX-nin 04 noyabr 2025-ci il tarixli 3-17-5/2-10980/2025 nömrəli məktubu xx.xx.2025-ci il tarixində Cəmiyyətə daxil olmuş və bununla əlaqədar olaraq tələb olunan sənədlər əlavədə təqdim olunur. Məktubda, həmçinin qeyd edilmişdir ki, tələb olunan sənədlər siyahısında olan növbəlilik cədvəllərinin surəti həmin hallar olmadığı üçün, iş vaxtından artıq iş saatlarına cəlb olunduğu təqdirdə işçinin razılıq ərizəsi və işəgötürənin əmri müraciət edən işçilər əlavə iş saatına cəlb edilmədiyi üçün təqdim edilməmişdir. Yemək pullarının düzgün hesablanmamasına münasibət bildirilməsi ilə bağlı bildirilmişdir ki, vətəndaşlar işlədiyi dövrdə hər hansı yemək pulu ödənişi almamışdır, belə ki, həmin işçilər ilə işəgötürən arasında belə razılaşma olmamışdır. Qeyd olunan məktubda, həmçinin vətəndaşın müraciətində qeyd etdiyi məsələlərə Cəmiyyət tərəfindən münasibət bildirilmişdir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, DƏMX-nin 04 noyabr 2025-ci il tarixli 3-17-5/2-10980/2025 nömrəli məktubunda göstərilən son haqqhesabın hesablanmasını təsdiq edən sənədlər X9 Xidmətinə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 və X5 müraciətləri əsasında AR Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Şəxs MMC-yə 3-17-5/2- 101980/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində idarəyə təqdim edilməsi xahiş edilmiş, lakin Şəxs MMC tərəfindən tələb olunana sənədlər natamam təqdim edilmişdir. İnzibati Xətalar Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Şəxs MMC-yə inzibati cərimə şərti olaraq tətbiq edilməli, qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, hüquqi şəxs ona tətbiq edilmiş inzibati cərimədən azad edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Bu Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Qeyd olunan Məcəllənin 116.3-cü maddəsinə görə bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat inzibati cərimə edilsin. Şəxsnə bu cərimə şərti olaraq tətbiq edilsin və hüquqi şəxs tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Şəxs MMC bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar