Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-285/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri – İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayət verərək, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X5 ***-C-** saylı material üzrə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" ## #### 2025-ci il tarixli qərarının qanunsuz hesab edilməsini, material üzrə effektiv və hərtərəfli araşdırmanın aparılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, Şikayət verən şəxs işgəncəyə məruz qalması faktı üzrə onu döyən, hədələyən polislərin şəxsiyyətinin müəyyən edilərək barələrində cinayət işinin başlanması barədə xüsusi qərar qəbul edilərək işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa göndərilməsi, Şikayət verən şəxs İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3, 8 və 13-cü maddəsinə göstərilən hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Ərizəçi Şikayət verən şəxs Azərbaycanda fəaliyyət göstərən müstəqil jurnalist və hüquq müdafiəçisidir. Ərizəçi gənc yaşlarından etibarən Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edir. O, 2012-2016-cı illərdə NİDA Vətəndaş Hərəkatının üzvü olmuş, X15 fəaliyyətində və Hərəkatın həbs edilmiş üzvlərinə dəstək məqsədilə təşkil olunan ictimai kampaniyalarda iştirak etmişdir. Həmin dövrdə ərizəçi çoxsaylı dinc aksiyalarda iştirak etmiş və polis tərəfindən qanunsuz saxlanılmışdır. Sonrakı illərdə o, seçki proseslərində fəal iştirak etmiş, 2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndə, 2020-ci il parlament seçkilərində isə seçki kampaniyası rəhbəri kimi fəaliyyət göstərmişdir. 2018-ci ildə ərizəçi Belarus və Ukraynadan olan hüquq müdafiəçiləri ilə birlikdə Krım yarımadasına həyata keçirilmiş faktaraşdırıcı səfərin nəticəsi olaraq X2 Foundation tərəfindən hazırlanmış "Crimea: Breaking the Wall of Silence" adlı hesabatın həmmüəllifi olmuşdur. 2016-cı ildən etibarən ərizəçi jurnalist fəaliyyəti ilə məşğul olmuş, Azadlıq Radiosunun Azərbaycan xidməti (RFE/RL), Toplum TV, Fakt Yoxla, Mikroskop Media, Amerika Səsi (Voice of America), OC Media və JAMnews kimi müxtəlif müstəqil media qurumları ilə əməkdaşlıq etmişdir.² Həbs edilməzdən əvvəl ərizəçi Azərbaycanda fəaliyyət göstərən azsaylı müstəqil jurnalistlərdən biri olmuşdur. O, siyasi məhbusların məhkəmə proseslərini sistemli şəkildə izləyərək ictimaiyyətə çatdırmış, siyasi motivli cinayət təqiblərini sənədləşdirmiş və bu işlər barədə müstəqil jurnalist materialları hazırlamışdır. Ərizəçi həmin məlumatları, o cümlədən sosial media hesabları vasitəsilə dərc etmişdir. Ərizəçi 2019-2025-ci illərdə Amerika Səsi ilə əməkdaşlıq etmişdir. 2025- ci ilin fevral ayında Amerika Səsinin Azərbaycandakı akkreditasiyasının ləğv edilməsindən sonra isə jurnalist fəaliyyətini müstəqil qaydada davam etdirmiş, ictimai əhəmiyyət kəsb edən məsələlərə dair materialları şəxsi "X" (əvvəllər Twitter) hesabında və "Facebook" səhifəsində yayımlamışdı X6 Press Unlimited təşkilatı tərəfindən təqdim olunan X1 2025 çərçivəsində "2025-ci ilin ən Dözümlü Jurnalisti" (X8) nominasiyasına layiq görülüb. Ərizəçinin həbsinə gətirib çıxaran vəziyyətin qısa təsviri və ərizəçinin həbsi. ## ###### 2021ci il tarixdə Azərbaycanda yeni Media haqqında Qanun qəbul edilmişdir və ölkədə media sahəsində ciddi məhdudlaşdırmalar tətbiq olunmağa, müstəqil jurnalistlər və media qurumları təqib olunmağa başlamışdır. Avropa Şurası nəzdində Venesiya Komissiyasının Azərbaycanda qəbul olunan "Media haqqında" qanun barədə yekun rəyində qeyd olunub ki, "Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da "çəkindirici effekt"ə (chilling effect) malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi" rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir," Venesiya Komissiyası Avropa Şurasına üzv olan bir ölkədə belə bir qanunun tətbiq edilməməli olduğu qənaətində olduğunu bildirib. Komissiya "Media haqqında” qanunla bağlı təcili olaraq Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırır. Eyni zamanda 2023- cü ilin noyabr ayından etibarən Azərbaycanda müstəqil jurnalistlərə və media qurumlarına qarşı cinayət təqibi aparılmağa başlanmış və çox sayda jurnalistlər təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmiş, şahid qismində dindirilmiş, bank hesabları bloklanmış, izlənilmiş və ölkədən çıxışa məhdudiyyətlər tətbiq edilmişdir. ## ###### 2024-cü ildə Bakı Şəhər Baş Polis İdarəsi Meydan.Tv-nin jurnalistlərinə qarşı əməliyyat keçirmiş və Meydan TV-nin baş redaktoru Qənbərova Aynur, jurnalistləri Natiq Cavadlı, Aysel Umudova, Aytac Əhmədova, Ramin Cəbrayılzadə, Xəyalə Ağayeva və X17 rəhbəri Ülvi Tahirov zorakılıqla saxlanılmış və onlara qarşı Azərabaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq) ittihamı ilə cinayət işi başlanıb. Bundan əlavə 2024-cü ildə Amerikanın səsi (Voice of America) 5 və BBC-nin Azərbaycandakı akkreditasiyaları ləğv edilmiş, nəticədə onların yerli jurnalistlərinin ölkə daxilində peşə fəaliyyətinə faktiki olaraq xitam verilib. Ərizəçi ## ###### 2025-ci ildə Bakı Şəhər Baş Polis İdarəsi ("BŞBPİ") tərəfindən cinayət işi üzrə şahid qismində ifadə verməyə çağırılıb. ## ###### 2025-ci ildə dindirilmədən dərhal sonra ona ölkədən çıxışına qadağa qoyulduğu şifahi şəkildə bildirilib, lakin bu barədə heç bir yazılı qərar təqdim olunmayıb. Ərizəçinin ölkədən çıxışına məhdudiyyət qoyulmasına dair verdiyi şikayət Xətai Rayon Məhkəməsi tərəfindən icraata götürülməyib. # ### 2025-ci ildə gecə saatlarında ərizəçi yaşadığı evin yaxınlığında saxlanılıb və həbs edilib. # ### 2025-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə ərizəçi barəsində həbs qətimkan tədbiri seçilib. Həbs qətimkan tədbirinin müddəti ardıcıl olaraq üç dəfə uzadılıb və ərizəçi hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Hazırda Şikayət verən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri təqsirləndirilən şəxsdir. Ərizəçi 0# ### 2025-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Həsən Əliyev 78 ünvanında yaşadığı evin qarşısında polis əməkdaşı ona yaxınlaşmış və onu saxlamış; ərizəçi isə heç bir müqavimət göstərmədən avtomobilə əyləşmişdir. Həmin zaman onu saxlayan polis əməkdaşı onun 2 ədəd mobil telefonunu ondan almışdır. Evin ətrafında bir neçə dəqiqə avtomobil ilə hərəkət edib yenidən həmin yerə qayıtmışlar. Ərizəçi avtomobildən düşərkən yaşadığı evə getmiş, qapını açmaq istəyərkən onunla həmin ünvanda birlikdə yaşayan Ramin Quluzadəyə “məni tutublar, çölə xəbər ver" demiş, həmin vaxt polis əməkdaşı onun ağzını və burun nahiyəsini güc tətbiq edərək əli ilə bağlamış, buna mane olmuşdur. Bunun nəticəsində Ərizəçinin üzündə qançırlar yaranmışdır. Daha sonra R. Quluzadə qapını açmış, içəri müstəntiq Əlibala Hacıyev və digər polis əməkdaşları, həmçinin 2 nəfər hal şahidi daxil olmuş, orada vəkilin iştirakı olmadan evə qanunsuz baxış keçirilmiş, polis əməkdaşları tərəfindən ona məxsus "Asus" markalı kompüter, "İphone 15 pro max" və "HUAWEI Nova 5T" markalı telefonlar, 1 ədəd harddisk, 2 ədəd modem, 2 ədəd yaddaş kartı və kameranın "RODE" markalı mikrofonları, R. Quluzadəyə məxsus 1 ədəd telefon və 1 ədəd yaddaş kartı götürülmüşdür. Axtarış prosesi prosessual pozuntularla müşayiət olunub. Belə ki, Ərizəçi pis rəftara məruz qalıb, polislər zorakılıqla Ərizəçinin mənzilinə daxil olub, lakin bu axtarış prosesində ərizəçinin müdafiəçisi iştirak etməyib, polis əməkdaşları mənzilə sərbəst şəkildə daxil olubçıxıb, əməliyyatçılar ərizəçinin mənzilinə pul yerləşdirib və daha sonra ərizəçinin evində tapılmış kimi rəsmiləşdiriblər. Pullar isə əlcək istifadə edilmədən götürülüb və Ərizəçinin bütün etirazlarını axtarış protokolunda qeyd etməsinə imkan verilməyib. Axtarış prosesi təxminən 3 saat 20 dəqiqə davam etmişdir – Saat 23.15-dən-02.40-dək. Gecə saat 03:00 radələrində polislər Ərizəçini və onun dostu Ramin Quluzadəni Bakı şəhər BPİ-nə aparıb və orada onları ayrı-ayrı otaqlara saxlayıblar. Ərizəçi BŞBPİ-də saxlanıldığı müddətdə pis rəftara məruz qalıb, müstəntiqlər tərəfindən iki dəfə zorlama ilə hədələnib, təhqir olunub və fiziki zorakılığa məruz qalıb. Ərizəçinin bildirdiyinə görə, o və dostu Ramin Quluzadə Bakı Şəhər Baş Polis İdarəsinə aparıldıqdan sonra ayrı-ayrı otaqlara yerləşdirilmişlər. Ərizəçi qeyd edir ki, saxlanıldığı otaqda öncə dörd polis əməkdaşı olmuş, onlardan biri isə özünü Həsən kimi təqdim edən, üzünün aşağı hissəsini maska ilə örtmüş şəxs birbaşa onun qarşısında əyləşərək mobil telefonlarının və kompüterinin şifrələrini tələb etmişdir. Ərizəçi şəxsi məlumatlarını təqdim etməkdən imtina etdiyini bildirmiş, bunun müqabilində isə həmin şəxs tərəfindən hədələrə məruz qaldığını göstərmişdir. Ərizəçinin sözlərinə əsasən, otağa daha sonra mülki geyimli, orta boylu və kök bədən quruluşlu başqa bir şəxs daxil olmuş və baş verənləri müşahidə etmişdir. Özünü "JEK işçisi” kimi təqdim edən bu şəxs müdaxilə etməmişdir. Ərizəçi şifrələri verməkdən imtina etdikdə, Həsən adlı polis əməkdaşı onun baş nahiyəsinə dəfələrlə zərbələr endirmişdir. Ərizəçi ümumilikdə başının arxa hissəsinə beş, orta hissəsinə iki və gicgah nahiyəsinə iki dəfə yumruq vurulduğunu bildirmişdir və bununla bağlı öz əl xətti ilə izahat yazmışdır. Ərizəçinin ifadəsinə görə, bundan sonra otaqa sonradan daxil olan digər şəxs də onun saçlarını müxtəlif istiqamətlərə dartmış, eyni zamanda elektroşok cihazının gətirilməsi barədə göstəriş vermişdir. Ərizəçi əlavə etmişdir ki, həmin şəxs onun ünvanına cinsi zorakılıq göstərilməsi təhdidi edən açıq xarakterli alçaldıcı və təhdidedici ifadələr işlətmişdir. Həsən adlı polis əməkdaşı ona "sənin xanımxatınlığını pozaram" demiş, onu hədələmək və psixoloji təzyiq göstərmək məqsədilə digər elektroşok cihazını göstərib (bax ərizəçinin izahatı). Fiziki zorakılıq, elektroşok tətbiqi ilə hədələnmə və ləyaqəti alçaldan davranışlar nəticəsində ərizəçi şəxsi məlumatlarını təqdim etməyə məcbur qalmışdır. 2017-ci ildə keçirdiyi beyin şişi ilə bağlı əvvəlcədən mövcud sağlamlıq problemi olan ərizəçi baş nahiyəsinə endirilən zərbələr nəticəsində dərhal güclü baş ağrıları, ürəkbulanma və qusma halları yaşadığını bildirib. Daha sonra polis əməkdaşları ərizəçini müstəntiq Əlibala Hacıyevin otağına aparıb. Ərizəçi Ə. Hacıyevə zorakılığa məruz qaldığını bildirib, müstəntiq isə “mən görmədim axı" demişdir. Ərizəçi bu hadisədən sonra Xətai rayonu ərazisində yerləşən müvəqqəti saxlanma yerinə (MSY) aparılıb. Həmin günün səhər saatlarında saxlanma yerində mülki geyimli iki polis əməkdaşı, o cümlədən özünü Daxili İşlər Nazirliyindən gəldiyini bildirən və Samir kimi təqdim edən şəxs ərizəçinin telefonunu zorla açıb. Həmin şəxslər zorakılıq hədələrini yenidən təkrar edərək ərizəçini Telegram hesabının şifrəsini verməyə məcbur edib. Belə ki, özünü Samir kimi təqdim edən şəxs ərizəçini hədələyərək ona "Azərbaycan xanımısan, özünü dəliliyə qoyma, elə et ki, sabah üz-üzə gələndə salamlaşa bilək" ifadəsini işlədib. Ərizəçi MSY-də olduğu müddətdə iki dəfə zorlama təhdidlərinə məruz qalıb. Bütün bu proses ərzində Ərizəçi müdafiəsiz qalmış, fiziki və psixoloji zorakılığa məruz qalmışdır. Ərizəçi 06-07 may tarixlərində BŞBPİ-də saxlanıldığı müddətdə polis əməkdaşları tərəfindən mobil telefonunun şifrələrini açıqlamağa məcbur etmək məqsədilə baş nahiyəsinə çoxsaylı zərbələr endirilmişdir. Polis nəzarətində məruz qaldığı fiziki işgəncə və pis rəftarla bağlı Ərizəçinin səhhətində ciddi simptomlar yaranmış, lakin Ərizəçinin bu barədə davamlı şikayətlərinə baxmayaraq adekvat tibbi müayinə və zəruri tibbi yardıma çıxışı təmin edilməmişdir. Həmçinin Ərizəçinin dərhal və davamlı məhkəmətibbi ekspertizasının keçirilməsi ilə bağlı müraciətlərinə baxmayaraq, müvafiq qaydada ekspertiza keçirilməmişdir. Ərizəçinin şikayətləri cavabsız qalmışdır. Baş Prokurorluq yalnız 2025-ci ilin ## #### tarixində, hadisədən təxminən iki ay sonra Ərizəçinin şikayətinə reaksiya vermiş və cinayət işi başlanmasından imtina etmişdir. 15 may tarixində ərizəçinin vəkili tərəfindən maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsinin aparılması barədə verilmiş müraciət isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən bir aydan artıq müddət sonra “zəruri deyil" əsası ilə rədd edilmişdir. 26 may tarixli açıq məktubunda Ərizəçi döyülmə hadisələrindən sonra davam edən simptomlar güclü baş ağrıları, qusma, başgicəllənmə, huşunu itirmə halları halları və burun qanaxmaları barədə ətraflı məlumat vermişdir. O, diaqnostık xüsusilə 2017-ci ildə diaqnoz qoyulmuş 4 mm ölçülü hipofiz mikroadenoması nəzərə alınmaqla, işgəncə izlərinin sənədləşdirilməsinin qarşısının alınmasına xidmət edə biləcəyi barədə ciddi narahatlığını ifadə etmişdir. Ərizəçinin bu narahatlığı onun müdafiəsini təşkil etmək üçün yaradılmış "Voice of Ulviyya Ali" adlı Facebook səhifəsində 2# ### 2025ci il tarixində yayılmışdır. Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru X5 ## #### 2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı Ərizəçinin vəkili ərizəçinin fiziki və psixoloji zorakılığa, habelə işgəncəyə məruz qalması ilə bağlı Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətdə Şikayət verən şəxs 0# ### 2025-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsində fiziki və psixoloji İşgəncəyə məruz qalması faktı üzrə araşdırma aparılması və şikayətçinin Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə qorunan hüquqlarının bərpa edilməsinin təmin olunması xahiş edilmişdir. Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X5 ## #### 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qərarda göstərilmişdir ki, aparılmış araşdırma zamanı Şikayət verən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncə və digər qanunsuz hərəkətlərə yol verilməsi müəyyən olunmadığından, material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilir. Baş Prokurorluğun qərarı 8 ay müddətində Ərizəçiyə və vəkillərinə təqdim edilməmiş, Ərizəçinin vəkilinin sorğusu əsasında yalnız 2026-cı ilin fevral ayında qərar Ərizəçinin vəkilinə təqdim edilmişdir. Qərarın təhlili göstərir ki, Baş Prokurorluğun araşdırması formal xarakter daşıyır, iş hərtərəfli araşdırılmayıb, Ərizəçiyə işgəncə verən, onun həbsini prosessual pozuntularla icra edən, Ərizəçiyə fiziki zorakılıq göstərəm, xəsarət yetirən, həmçinin Ərizəçiyə qarşı cinsi zorakılıq hədələri edən BŞBPİ-nin əməkdaşlarının ifadələri alınmayıb, onlar araşdırma ilə bağlı sorğulanmayıb və məsuliyyətə cəlb edilməyib, iş üzrə digər şahidlər dindirilməyib İş üzrə araşdırma zamanı BŞBPİ-nin yalnız iki əməkdaşının izahatı alınıb. İzahatı alınmış Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin CCQMB-nin rəisi X3 izahatında bildirmişdir ki, axtarış və sonrakı istintaq hərəkətləri zamanı ərizəçiyə qarşı hər hansı fiziki və ya psixoloji zorakılığın tətbiq edilməyib. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi İsmayılov Samir Nazir oğlu da X3 ilə eyni məzmunda izahat vermişdir. Ərizəçiyə fiziki və psixoloji zorakılıq göstərən, zorlama və elektroşok cihazı ilə hədələyən idarənin digər əməkdaşlarının, xüsusilə ərizəçini zorlama ilə hədələyərək "sənin xanımxatınlığını pozaram" deyən Həsən adlı polis əməkdaşının, habelə müstəntiq Əlibala Hacıyevin izahatları alınmamışdır. Ərizəçinin tibbi durumu, 2017-ci ildə keçirdiyi beyin şişi ilə bağlı əvvəlcədən mövcud sağlamlıq problemi, buna baxmayaraq polislərin ərizəçinin baş nahiyəsinə zərbələr endirməsi nəzərə alınmayıb. Endirilən zərbələr nəticəsində Ərizəçi dərhal güclü baş ağrıları, ürəkbulanma və qusma halları yaşadığını bildirib. Belə ki, 0# ### 2025-ci il tarixdə Ərizəçi barəsində həbs-qətimkan tədbiri seçildikdən sonra Bakı İstintaq Təcridxanasına daxil olarkən formal xarakterli qəbul proseduru zamanı Ərizəçiyə tibbi baxış və müvafiq müayinə təmin edilməmişdir. Ərizəçinin dərhal və davamlı məhkəmə-tibbi ekspertizasının keçirilməsi ilə bağlı müraciətlərinə baxmayaraq, müvafiq qaydada ekspertiza keçirilməmişdir. Ərizəçinin şikayətləri həftələrlə cavabsız qalmışdır. 15 may tarixində ərizəçinin vəkili tərəfindən maqnitrezonans tomoqrafiyası (MRT) müayinəsinin aparılması barədə verilmiş müraciət isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən bir aydan artıq müddət sonra "zəruri deyil" əsası ilə rədd edilmişdir. Ərizəçi bildirir ki, ## ### 2025-ci il tarixdə Bakı Şəhər Prokurorluğunun müstəntiqi Fərid Əsədli və ekspert Bakı İstintaq Təcridxanasına gəlmişdir. Görüş zamanı o, hadisədən artıq 23 gün keçdiyini qeyd edərək, müayinənin bu qədər gec aparılmasının məqsədəuyğun olubolmadığını soruşmuşdur. Müstəntiq isə şikayətin ona yeni daxil olduğunu əsas gətirmişdir. Ekspert öz növbəsində hadisədən 23 gün sonra tibbi müayinə aparılmasının faktiki olaraq nəticə verməyəcəyini görmüş, MRT və ya KT müayinələrinin aparılması üçün hər hansı şərait olmamış, ekspert yalnız əl ilə baxış aparmışdır. Ərizəçi bildirir ki, nəticədə ekspert onun izahatlarını yazılı şəkildə qeydə almış və əlavə müayinə aparılmadan təcridxananı tərk etmişdir. Halbuki ərizəçinin tibbi müayinəsi onun həbs olunduğu 0# ### 2025-ci il tarixdən xeyli müddət sonra (23 gün) aparılıb və bu səbəbdən xəsarət izlərinin müayinə zamanı artıq vizual olaraq müəyyən edilməməsi təbiidir. Həmçinin hərtərəfli tibbi müayinə aparılmamışdır. Hadisə ilə tibbi müayinə arasında uzun zaman intervalının olması xəsarət izlərinin itməsi ehtimalını artırır və bu hal zorakılıq faktının baş vermədiyini göstərən əsas kimi qiymətləndirilə bilməz. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd olunub ki, materiallara əlavə edilmiş "MTE və PA Birliyi" PHŞ-nin Nizami rayon şöbəsinin *** nömrəli rəyinə əsasən Şikayət verən şəxs məhkəmə-tibbi müayinəsi zamanı hər hansı xəsarət aşkar edilməmiş, həmçinin onun adına tərtib edilmiş tibbi sənədlərdə xəsarətin obyektiv əlamətləri göstərilmədiyindən ##.##.2025-ci il tarixli hadisə zamanı xəsarət alıbalmaması barədə qəti fikir bildirməyin mümkün olmadığı göstərilmişdir. Ərizəçinin səhhətində problemlər olduğunu nəzərə alaraq, daha sonrakı mərhələdə də ərizəçinin sağlamlıq vəziyyəti ilə bağlı hərtərəfli tibbi müayinə və ətraflı analizlər aparılmamışdır. Bundan əlavə tibbi müayinə və analizlərin aparılması üçün imkanlar yaradılmayıb. Ərazi üzrə kamera görüntüləri, İdarənin daxili və xarici kameraları, Ərizəçinin 0# ### 2025-ci ildə polislər tərəfindən saxlanıldığı ərazinin kameralarındakı görüntülər iş üzrə materiallarına əlavə edilməyib İş üzrə hərtərəfli araşdırmalar aparılmayıb, əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılıb. Ərizəçinin 06-0# ### 2025-ci il tarixdə BŞBPİ-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması, hədələnməsi ilə bağlı işgəncə faktının hərtərəfli araşdırılmaması nəticəsində onun konstitusion hüquqları pozulmuşdur: Konstitusiyanın 31-ci maddəsinə görə, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. 32-ci maddəyə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. AR Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. CPM-in 15.2.1 və 15.2.3-cü maddələrinə əsasən cinayət təqibi gedişində fiziki və psixi zorakılıq tətbiq etmək, hədə-qorxu ilə ifadə almaq qadağandır. Hadisə zamanı tətbiq olunmuş zorakılıq bu normaların pozulduğunu göstərir. Cinayət Prosessual Məcəlləsinin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Hazırkı iş üzrə zorakılıq iddiaları cinayət tərkibinin əlamətlərini ehtiva etdiyindən belə qərar əsassızdır. Cinayət Məcəlləsinin 293-cü maddəsinə əsasən dövlət vəzifəli şəxsləri tərəfindən şəxsin qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qoyulması cinayət məsuliyyəti yaradır. Hadisə zamanı tətbiq edilmiş fiziki zər və hədələr bu maddədə nəzərdə tutulmuş əməlin əlamətlərini ehtiva edir və bu hallara hüquqi qiymət verilməməsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın əsassız olduğunu göstərir. Ərizəçi polislər tərəfindən saxlanılarkən hüquqları izah ediməyib, müdafiəçi ilə təmin edilməyib. Bütün bunlar nəticəsində onun İnsan hüquqlarının və X13 haqqında Avropa Konvensiyasının 3-cü maddəsində göstərilən hüquqları pozulub. Avropa İnsan Hüquqları Məhkəməsi işgəncənin, qeyri-insani rəftarın və insan ləyaqətini alçaldan rəftarın bütün hallarda yolverilməz olduğunu bildirib. 06-0# ### 2025-ci il tarixlərində Ərizəçi BŞBPİ əməkdaşları tərəfindən saxlanıldığı müddətdə ərizəçi fiziki və psixoloji zorakılığa məruz qalmış, baş nahiyəsinə zərbələr endirilmiş, saçları dartılmış, təhqir edilmiş və cinsi zorakılıqla hədələnmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı psixoloji təzyiq göstərilmiş, elektroşok cihazı nümayiş etdirilərək telefon şifrələrini verməyə məcbur edilmişdir. Ərizəçinin polis nəzarəti altında fiziki və psixoloji zorakılığa, o cümlədən cinsi zorakılıq hədələrinə məruz qalması Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin maddi aspekti üzrə pozuntu yaratmışdır. Ərizəçi baş vermiş pis rəftardan sonra özünü pis hiss etmiş və polis əməkdaşlarının onu cinsi zorakılıqla hədələmələrindən ciddi şəkildə qorxmuşdur. O, gecə saatlarında 5 nəfər şəxsin əhatəsində tək vəziyyətdə olmuşdur, bu şəxslərdən biri maskalı olmuş, həmin şəxslər eyni zamanda ona fiziki zorakılıq göstərmişdir. Ərizəçi fiziki zorakılığın və hədələrin təsiri altında dərin psixoloji sarsıntı keçirmişdir. Polis tərəfindən cinsi zorakılıq hədələrinin irəli sürülməsi ərizəçidə güclü qorxu, çarəsizlik və müdafiəsizlik hissləri yaratmışdır. Ərizəçi qeyd edir ki, o, iki dəfə cinsi zorakılıq ilə hədələnmiş, ona toxunmamaları üçün cihazlarının şifrələrini açıqlamaq məcburiyyətində qalmışdır. Polislər onun ləyaqətini alçaltmış və şəxsiyyətinə ciddi mənəvi zərbə vurmuşdur. Ərizəçi özünü real təhlükə altında hesab etmiş, baş verənlərin istənilən anda həyata keçirilə biləcəyini düşünərək intensiv təşviş və stress yaşamışdır. Ərizəçinin zorakılığa məruz qalması nəticəsində sağlamlıq vəziyyətinin pisləşdiyini bildirməsinə baxmayaraq şikayətləri nəzərə alınmamışdır. Nəticədə ərizəçi bütün proses ərzində müdafiəsiz vəziyyətdə saxlanılaraq fiziki və psixoloji işgəncəyə məruz qalmışdır. Avropa Məhkəməsi qeyd edir ki, şəxs azadlıqdan məhrum edildikdə, onun davranışı müqabilində ciddi surətdə zəruri olmayan fiziki gücdən istifadə edilməsi insan ləyaqətini alçaldır və prinsipcə 3-cü maddədə əks olunan hüququn pozuntusudur (Labita İtaliyaya qarşı, 2000). Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tələb edir ki, pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: "İrlandiya Birləşmiş Krallığa qarşı" (Ireland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) "Kudla Polşaya qarşı" [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000- XI) və "Pirs Yunanıstana qarşı" (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-III)). Məhkəmə qeyd edir ki, "polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır" (bax: "Tomasi Fransaya qarşı" (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) Polis nəzarəti altında saxlanılan şəxslərə qarşı baş verən cinsi xarakterli qısnama və alçaldıcı davranışlar Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində xüsusilə ciddi qiymətləndirilir. AİHM Aydın Türkiyəyə qarşı (Aydın v. Turkey, Ərizə № *****/**, §83) işində qeyd etmişdir ki, dövlət vəzifəli şəxsi tərəfindən saxlanılan şəxsə qarşı törədilən zorlanma, cinayətkarın qurbanın həssaslığından və zəif müqavimət imkanlarından asanlıqla sui-istifadə edə bilməsi səbəbindən, pis rəftarın xüsusilə ağır və iyrənc forması hesab edilməlidir. Bundan əlavə, zorlanma qurbanın psixikasında zaman keçdikcə digər fiziki və psixi zorakılıq formalarına nisbətən daha gec sağalan dərin psixoloji izlər buraxır. Hazırkı iş üzrə Ərizəçiyə qarşı olan pis rəftar ilə bağlı aparılmış araşdırma formal xarakter daşımış, hadisənin bütün halları hərtərəfli və obyektiv araşdırılmamış, zəruri istintaq hərəkətləri həyata keçirilməmiş və məsul şəxslərin müəyyən edilməsi istiqamətində effektiv tədbirlər görülməmişdir. Bu səbəbdən, dövlət tərəfindən Konvensiyanın 3-cü maddəsi üzrə effektiv araşdırma aparmaqla bağlı prosessual öhdəlik yerinə yetirilməmişdir. Assenov və başqaları Bolqarıstana qarşı işində (§102) Avropa İnsan Hüquqları Məhkəməsi bildirmişdir ki, şəxs polis və ya dövlətin digər nümayəndələri tərəfindən qanunsuz olaraq və Konvensiyanın 3cü maddəsini pozmaqla ciddi pis rəftara məruz qaldığı barədə əsaslı iddia irəli sürdükdə, dövlətin "öz yurisdiksiyası daxilində hər kəsin Konvensiyada nəzərdə tutulan hüquq və azadlıqlarını təmin etmək üzrə ümumi öhdəliyindən irəli gələrək, effektiv rəsmi araşdırmanın aparılmasını tələb edilir. Bu araşdırma məsul şəxslərin müəyyən edilməsinə və cəzalandırılmasına gətirib çıxara biləcək səviyyədə olmalıdır. Əks halda isə işgəncə və qeyriinsani rəftarın hüquqi qadağası praktiki baxımdan mənasız olar və dövlət nümayəndələrinin onların nəzarəti altında olan şəxslərin hüquqlarından faktiki olaraq cəzasız şəkildə suiistifadə etməsi riskini yaradar. Dövlətin apardığı araşdırma səthi olmamalı, hadisənin bütün hallarını real şəkildə araşdırmağa yönəlmiş və kifayət qədər ciddi olmalıdır. İstintaqın effektivliyinin minimum həddini təmin edən araşdırmanın xarakteri və dərəcəsi konkret işin hallarından asılıdır. Onlar bütün müvafiq faktlar əsasında və istintaq işinin praktiki reallıqları nəzərə alınmaqla qiymətləndirilməlidir (X və Başqaları Bolqarıstana qarşı [GC], 2021, § 190) Ərizəçi iş üzrə araşdırılma aparılması, sağlamlıq vəziyyətinin müayinəsi ilə əlaqədar dəfələrlə şikayətlər etmişdir. Ərizəçinin şikayətləri həftələrlə cavabsız qalmışdır. Ərizəçi qeyd edir ki, ekspert onu 23 gün sonra müayinə etmək üçün gəlmiş, hadisədən 23 gün sonra tibbi müayinə aparılmasının faktiki olaraq nəticə verməyəcəyini görmüş, MRT və ya KT müayinələrinin aparılması üçün hər hansı şərait olmamış, ekspert yalnız əl ilə baxış aparmışdır. Ərizəçi bildirir ki, nəticədə ekspert onun izahatlarını yazılı şəkildə qeydə almış və əlavə müayinə aparılmadan təcridxananı tərk etmişdir. Avropa Məhkəməsi qeyd edir ki, rəsmi şikayət daxil olan kimi hakimiyyət orqanlarının dərhal hərəkətə keçmək öhdəliyi vardır. Bununla yanaşı, açıq şikayət olmadıqda belə, işgəncə və ya pis rəftarın baş verməsi barədə kifayət qədər aydın göstəricilər mövcud olduqda araşdırma başlanmalıdır. Məsələ hakimiyyət orqanlarının diqqətinə çatdığı andan etibarən onlar öz təşəbbüsləri ilə hərəkət etməlidirlər (X9 İcması və başqaları Gürcüstana qarşı, 2007, § 97). Araşdırma hərtərəfli olmalıdır; bu o deməkdir ki, hakimiyyət orqanları baş verənləri müəyyən etmək üçün ciddi səy göstərməli və istintaqı tez-tələsik və ya əsassız nəticələrlə bağlamamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların əldə olunması üçün mövcud olan bütün ağlabatan tədbirləri görməlidirlər; buna, digər məsələlərlə yanaşı, şahid ifadələri və məhkəmə-tibbi sübutlar daxildir. Araşdırmadakı hər hansı çatışmazlıq xəsarətlərin səbəbinin və ya məsul şəxslərin kimliyinin müəyyən edilməsinə mane olarsa, bu, həmin standartın pozulması riskini yaradır (El-Masri keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı [Böyük Palata], 2012, § 183). Ərizəçi qeyd edir ki, araşdırma qeyri-adekvat və prosesual pozuntularla aparılmışdır. Belə ki, istintaq zamanı yalnız iki polis əməkdaşının izahatı alınmış, ərizəçiyə zorakılıq göstərən və onu hədələyən digər polis əməkdaşlarının kimliyi müəyyən edilməmiş, onlar dindirilməmiş, habelə hadisənin digər mümkün şahidlərinin izahatları alınmamışdır. Buna baxmayaraq, araşdırma əsaslı hesab edilmişdir. Bu, araşdırmanın həm adekvatlıq, həm də müstəqillik meyarlarına cavab vermədiyini göstərir. Avropa Məhkəməsi presedent hüququ göstərir ki, Məhkəmə aşağıdakı hallarda araşdırmanı qeyri-adekvat hesab etmişdir: istintaq orqanları ərizəçinin polis tərəfindən pis rəftara məruz qalması barədə iddialarını rədd edərkən əsasən iddia olunan təqsirkarların və digər polis əməkdaşlarının ifadələrinə, eləcə də polis orqanlarının daxili sənədlərinə istinad etmişlər (M.F. Macarıstana qarşı, 2017, § 55; həmçinin Archip Rumıniyaya qarşı, 2011, §§ 66-71 burada məhkəmə orqanları hadisənin faktiki hallarını ətraflı araşdırmadan və sübutları isə sübutların diqqətlə qiymətləndirmədən nəticəyə gəlmiş, istintaq qiymətləndirilməsində seçici və müəyyən qədər ziddiyyətli yanaşma tətbiq etmişdir); hakimiyyət orqanları onların diqqətinə çatdırılmış inandırıcı pis rəftar iddialarına baxmayaraq passiv mövqe tutmuş və rəsmi araşdırma aparmamışlar (M.S. Xorvatiyaya qarşı (№ *), 2015, §§ 81-84; həmçinin Hovhannisyan Ermənistana qarşı, 2018, §§ 58-59; Lapunov Rusiyaya qarşı, 2023, § 115); ərizəçi tərəfindən şəxsiyyəti müəyyən edilməsinə baxmayaraq, pis rəftarda iştirak edən şəxslərdən biri rəsmi qaydada müəyyən edilməmiş və barəsində ittiham irəli sürülməmişdir (Barovov Rusiyaya qarşı, 2021, § 39; həmçinin Ochigava Gürcüstana qarşı, 2023, § 59 - həmin işdə sistemli pis rəftara görə bir sıra həbsxana əməkdaşları təqsirli bilinmiş olsa da, yüksək vəzifəli rəhbər şəxslərin iştirakı araşdırılmamışdır); evdə aparılan əməliyyat zamanı maskalı və üzərində identifikasiya nömrəsi və ya hərfi olmayan xüsusi polis bölməsi əməkdaşlarının şəxsiyyəti müəyyən edilməmiş və onlar dindirilməmişdir (Hristovi Bolqarıstana qarşı, 2011, § 91); Ərizəçinin şikayəti nəticəsində Baş Prokurorluğun araşdırması formal xarakter daşıyır, iş hərtərəfli araşdırılmayıb, Ərizəçiyə işgəncə verən, onu həbs edən, döyən, xəsarət yetirən, Ərizəçiyə qarşı zorlama hədələri edən BŞBPİ-nin əməkdaşları məsuliyyətə cəlb edilməyib, izahatları alınmayıb, iş üzrə digər şahidlər dindirilməyib. Ərizəçinin sağlamlıq vəziyyəti ilə bağlı hərtərəfli tibbi müayinə və ətraflı analizlər aparılmamışdır. Ərazi üzrə kamera görüntüləri, İdarənin daxili və xarici kameraları, Ərizəçinin 0# ### 2025-ci ildə polislər tərəfindən saxlanıldığı ərazinin kameralarındakı görüntülər iş üzrə materiallarına əlavə edilməyib. Baş Prokurorluq sadəcə formal və eyni məzmunlu izahatlara əsaslanaraq qanunsuz qərar qəbul edib. Ümumiyyətlə işgəncə ilə bağlı şikayətlər üzrə Azərbaycanda səmərəli hüquqi müdafiə vasitələri praktikada mövcud deyildir. Prosedurlar formal olaraq mövcud olsa da, praktikada effektiv işləmir və araşdırmalar müstəqil xarakter daşımır. Polis əməkdaşları barəsində verilən şikayətlər əksər hallarda eyni sistem daxilində araşdırılır ki, bu da obyektiv və qərəzsiz istintaqın aparılmasına ciddi şübhələr yaradır. Polis nəzarəti altında baş verən hadisələr adətən qapalı şəraitdə baş verdiyindən müstəqil şahid və ya texniki sübutların əldə edilməsi çətin olur, saxlanılan şəxsin ifadəsi isə çox vaxt yetərli sübut kimi qəbul edilmir. Xüsusilə cinsi qısnama kimi hallarda bu vəziyyət şikayətlərin sübut çatışmazlığı əsası ilə rədd edilməsinə və ya effektiv araşdırma aparılmadan bağlanmasına səbəb olur. Azərbaycanda polis sistemində geniş işgəncələr tətbiq edilir. Lakin Hökümət qurumları, o cümlədən Ombudsman aparatı daim bu işgəncələri gizlətməyə çalışır. İşgəncə faktları artmasına və hətta işgəncədən ölənlərin sayının çoxalmasına baxmayaraq işgəncə verməsinə görə heç bir polis əməkdaşı məsuliyyətə cəlb edilməyib. Hətta işgəncə faktları Avropa Məhkəməsində tanınmış şəxslərlə bağlı belə Azərbaycan Höküməti işgəncə hallarını araşdırmayıb və işgəncə verən şəxsləri müəyyən edib məsuliyyətə cəlb etməyib (N *****/04, Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı, 2007, N *****/07, Layıcov Azərbaycana qarşı, 2014). Hökümət polis orqanlarında işgəncəni birmənalı olaraq həmişə təkzib edib, polisdə belə halın olmadığını bildirib. Bu problemlər beynəlxalq hesabatlarda da öz əksini tapır və polis nəzarəti altında baş verən zorakılıq və alçaldıcı rəftar hallarının Azərbaycanda sistemli problem olaraq qaldığını göstərir. ABŞ Dövlət Departamentinin 2024-cü il üzrə İnsan Hüquqları Hesabatında 10 polis tərəfindən saxlanılan şəxslərə qarşı işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar, eləcə də zorakılıq hallarına dair etibarlı məlumatların mövcud olduğu qeyd edilir. Hesabatda xüsusilə vurğulanır ki, bu cür pozuntularla bağlı dövlət orqanları tərəfindən effektiv və müstəqil araşdırmalar aparılmır, insan hüquqları pozuntuları törətmiş vəzifəli şəxslərin müəyyən edilməsi və cəzalandırılması üçün inandırıcı addımlar və ya tədbirlər görülməyib. Eyni zamanda, Daxili İşlər Nazirliyi sistemində zorakılığa görə cəzasızlığın ciddi problem olaraq qaldığı qeyd olunur. Cinayət-Prosessual Məcəllənin 449.2, 449.3 və 449.3.5-ci maddələrinə əsasən zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru Namiq Məmmədov tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz hesab edilməsi, material üzrə effektiv və hərtərəfli araşdırmanın aparılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, Şikayət verən şəxs işgəncəyə məruz qalması faktı üzrə onu döyən, hədələyən polislərin şəxsiyyətinin müəyyən edilərək barələrində cinayət işinin başlanması barədə xüsusi qərar qəbul edilərək işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa göndərilməsi, Şikayət verən şəxs İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3, 8, və 13-cü maddəsində göstərilən hüquqlarının pozuntusunun tanınması barədə yeni qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokuroruluğunun Xidməti Araşdırmalar İdarəsinin ## #### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. Şikayətçi Şikayət verən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, şikayətinin təmin olunması xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi, onun müdafiəçisi və prokurorluğun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətlə əlaqədar iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Baş Prokuroruluğunun Xidməti Araşdırmalar İdarəsinin ## #### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, materiala əlavə edilmiş “MTE və PA Birliyi” PHŞ-in Nizami rayon şöbəsinin *** nömrəli rəyindən görünür ki, Şikayət verən şəxs məhkəmə-tibbi müayinəsi zamanı xəsarət aşkar edilmədiyindən, eləcə də şəxsin adına tərtib edilmiş tibbi sənədlərdə hər hansı bir xəsarətin obyektiv əlamətləri göstərilmədiyindən, onun ##.##.2025-ci il tarixdə baş vermiş hadisə zamanı xəsarət alıb-almaması barədə fikir söyləmək mümkün olmamışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, təhqiqat orqanı düzgün olaraq izahatlara və “MTE və PA Birliyi” PHŞ-in Nizami rayon şöbəsinin *** nömrəli rəyinə mötəbər sübut kimi istinad edərək Şikayət verən şəxs məhkəmə-tibbi müayinəsi zamanı ## #### 2025-ci il tarixə bədəni səthində xəsarət aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işi başlanmasını rədd etməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı şikayət verən şəxs Şikayət verən şəxs tərəfindən qərarın ləğvi ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2025-ci il tarixli qərarından qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası toplanmış materialları və birinci instansiya məhkəmə iclasında tədqiq olunmuş sübutları nəzərə alaraq hesab edir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətində göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmadığından, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin təmin edilməməsinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-285/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-285/2026
21.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver