Məhkəmə qərarları › İş №6(3-6)-316/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-316/2026

10.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-316/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X3 və Əhmədov Zəfər Vahid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi ilə, Şərifov İnayət Nasir oğlunun müdafiəçisi Müdafiəçi İsmixan oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarından Müdafiəçi İsmixan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərifov İnayət Nasir oğlunun müdafiəçisi və nümayəndəsi Müdafiəçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs Şərifov İnayət Nasir oğlunun hüquqlarının və qanunla qorunun mənafelərinin kobud və yolverilməz şəkildə pozulması ilə əlaqədar Xəzər rayon Polis İdarəsinin baş müstəntiqi Bəşir Bəşirli tərəfindən qəbul edilmiş cinayət işinin başlanması haqqında qərarın, ## ###### 2026-cı il tarixli şübhəli şəxsi dindirmə protokolunun, ## ###### 2026-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının, hüquq və vəzifələrin izah edilməsi bildirişinin, ittihamın elan edilməsi haqqında protokolun, Avropa Konvensiyasının izah edilməsi haqqında protokolun, etiraz edilə bilən şəxslərin protokolunun, təqsirləndirilən şəxsin dindirilməsi protokolunun, qətimkan tədbiri seçilməsi haqqında qərarın elan edilməsi protokolunun, başqa yerə getməmək haqqında iltizam haqqında prosessal sənədlərdə İnayət Şərifov imza etmədiyinə, həmin sənədlərdə onun imzası saxtalaşdırıldığına görə qeyd edilən sənədlər etibarsız hesab edilməklə ləğv edilməsini, iş yenidən araşdırılması üçün Xəzər rayon Polis İdarəsinə qaytarılmasını, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin baş müstəntiqi Bəşir Bəşirli tərəfindən iş üzrə yol verilən ciddi prosessual qanun pozuntuları araşdırılmasını və aradan qaldırılmasını, həmin qanunsuz hərəkətlərə görə xüsusi qərar verilməklə məsuliyyət məsələsinin həll edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarı ilə Şərifov İnayət Nasir oğlunun müdafiəçisi Müdafiəçi İsmixan oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət ərizəsinin icraata götürülməsindən imtina edilmiş və şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayət verən şəxsə geri qaytarılmışdır. Məhkəmənin qərarından Şərifov İnayət Nasir oğlunun vəkili Müdafiəçi apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətin tam təmin edilməsini xahiş etmişdir. Verilmiş həmin apellyasiya şikayəti üzrə apellyasiya baxışı zamanı Şərifov İnayət Nasir oğlu və müdafiəçisi tərəflərindən birgə imzalanmış ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarından verilmiş apellyasiya şikayətindən imtina etdiyini göstərib apellyasiya şikayətinə baxılmasına xitam verilməsini, geri qaytarılmasını xahiş etdilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 122.7.1-ci maddəsinə əsasən, şikayəti verən şəxsin özü cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayəti geri götürmək hüququna malikdir (şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeləri naminə verilmiş şikayət yalnız onların razılığı ilə geri götürülə bilər). Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən hesab edir ki, Şərifov İnayət Nasir oğlu və müdafiəçisi verilmiş apellyasiya şikayəti üzrə apellyasiya tələblərindən imtina etdiyindən və iş üzrə digər iştirakçıların apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığından, apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 122, 396 və 452-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şərifov İnayət Nasir oğlu və müdafiəçisi tərəfindən verilmiş ərizə təmin edilsin və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarından şikayətçi Şərifov İnayət Nasir oğlunun vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Qərar qətidir, elan olunduğı andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar