Məhkəmə qərarları › İş №8(103)-224/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-224/2021

18.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-224/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Tələbkar iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli 8(001)-253/2021 saylı qərardadından Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyev və icra sənədi üzrə Tələbkar tərəfindən ayrı-ayrılıqda verdikləri şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Kamran X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0350 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 380/2019 saylı 20.06.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu 3432 manat tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi üzrə 16.02.2021-ci il tarixdə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Elektron-icra sistemində borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar, daşınmaz əmlak və pul vəsaitinin olmasına dair bank hesabı aşkar edilməmişdir. Elektron-icra sistemində Borclu ilə birgə nikahda olan X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0350 olan 0,0350 həyətyanı torpaq sahəsi aşkar edilmişdir. İcra sənədi üzrə qalıq borcun Borclu ilə birgə nikahda olan X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0350 olan 0,0350 həyətyanı torpaq sahəsinə yönəldilməsi məqsədə müvafiqdir. Ona görə Borclu ilə birgə nikahda olan X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0350 olan 0,0350 həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli 8(001)-253\2021 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Qərardaddan Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyev şikayət verərək ləğv edilməsini Borclu ilə birgə nikahda olan X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0350 olan, 0.0350 həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Qərardaddan Tələbkar da şikayət verərək, qərardadı ləğv edib borclunun birgə nikahda olan arvadına məxsus əmlakı üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli 8(001)-253/2021 saylı qərardadı ilə şikayətlər təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Tələbkar şikayətin təmin olunmasını xahiş etdi. Şikayətə baxılması vaxtı və yeri haqqında borcluya və icra məmuruna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiya məhkəməsi, onların iştirakı olmadan şikayətlərə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin Qanunun 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasının təmin etmək üçün həbs qoyulur. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, icra məmurunun borclunun ümumi mülkiyyətdə olan əmlakına tələb yönəldilməsi üçün həmin əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmək hüququ yoxdur. Belə ki, tələbin borclunun ümumi mülkiyyətdə olan payına yönəldilməsi qaydası Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş və bu halda kreditor (icra sənədi üzrə tələbkar) həmin əmlakda borclunun payının müəyyən edilməsi, daha sonra payın naturada ayrılmasının mümkün olmasına dair iddia ərizələri ilə məhkəməyə müraciət etməli, payın naturada ayrılması mümkün olmadığı və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edikləri halda, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini təklif etməlidir.Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikləri halda isə kreditor tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etmək hüququ yaranır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, təqdimat əsassız olduğundan təmin edilə bilməz Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. X2 Borclu ilə nikahda olması o demək deyil ki, qeyd olunan torpaq sahəsi onların ümumi birgə mülkiyyətindədir yaxud birgə nikah dövründə əldə edilmişdir. Bu hal iş materialları ilə təsdiq olunmur. Bu cür vəziyyətdə, yəni borclu olmayan şəxsin torpaq sahəsinin üzərinə həbs qoyula bilməz. İkincisi, "İcra haqqında" Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Təqdimata borclunun pul vəsaitlərinin və başqa sərvətinin olmamasına dair hər hansı bir sübut əlavə edilməmişdir. Borclunun pul vəsaitlərinin olmasını tələbkar da inkar etmir. Üçüncüsü, “İcra haqqında" Qanunun 48.1-ci maddəsinə əsasən tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Demək bu normada borclunun başqa əmlakı kifayət etmədikdə, tələbin girov qoyulmuş əmlaka yönəldilməsini mümkün edir. Borclunun başqa əmlakının ümumiyyətlə olub-olmaması isə təqdimatdan və əlavə edilmiş sənədlərdən görünmür. Bu cür vəziyyətdə tələbin ilk növbədə borclu ilə nikahda olan şəxsin mülkiyyətində olan torpaq sahəsinə yönəldilməsinə dair təqdimat verilməsi isə anlaşılan olmamışdır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətlər təmin edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli 8(001)- 253/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayətlər təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli 8(001)-253/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar