Məhkəmə qərarları › İş №8(103)-580/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-580/2020

29.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-580/2020 29.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin «Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-571/2020 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi» barədə təqdimatı üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(003)-216/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-571/2020 saylı icra sənədinə əsasən, Borclu hər ay iki uşağın saxlanması üçün cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsi (icra məmuru Rauf Ələsgərov) təqdimatla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, icra sənədinin icrasının təmin etmək məqsədilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-571/2020 saylı icra sənədi icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən – ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(003)-216/2020 saylı qərardadı ilə (hakim Ramilə Xəzri) təqdimat təmin edilməmişdir. Həmin qərardaddan narazı olan borclu şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(003)- 216/2020 saylı qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət - birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olması. hakimə etiraz verməsi, vəsatət təqdim etmsəsi lakin onlara baxılmaması və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və Xəzər rayon İcra və Probasiya şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə (bundan sonra, MPM) əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə dair məhkəmə təminatı hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüququdur. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. X6 Məhkəməsi «X3rşı» (xx xxxxxx 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. İşdən görünür ki, borclu tərəfindən xx.xx.2020-ci il tarixdə hakimə etiraz ərizəsi daxil olmuş, lakin birinci instansiya məhkəməsi ilk öncə etirazla bağlı məsələni həll etmədən (etiraza ümumiyyətlə münasibət bildirlməmişdir) təqdimata mahiyyəti üzrə baxılaraq yekun qərar qəbul etmişdir. Eyni zamanda, borclu tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından verilmiş şikayət də analoji məsələnin (hakimə etiraz verilməsi və s.) göstərilməsininə baxmayaraq, birinci instansiya məhkəməsi yenə də bu hala hüquqi qiymət verməmişdir. MPM-nin 22-ci maddəsinin tələbinə görə, etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir. İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. «Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 3-24/2005 nömrəli qərarındakı mövqeyinə görə hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərhal sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Etirazın əsasları məhkəmə iclas protokolunda öz əksini tapmalıdır. Göründüyü kimi, hakimə etiraz öz həllini tapdıqdan sonra, həmin hakim tərəfindən işə mahiyyəti üzrə baxıla bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(003)-216/2020 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin «Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)- 571/2020 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi» barədə təqdimatı üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(003)-216/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(003)-216/2020 saylı qərardadı ləğv edilsin, iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar