Məhkəmə qərarları › İş №8(103)-60/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-60/2021

19.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-60/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-301/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi X3 Natiq Sabir oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək Borclu tərəfidın ona ödənilməli olan 17130 manat pul məbləğinin indeksasiyası barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-301/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət verərərək, məhkəmə iclasının onun iştirakı olmadan və o dinlənilmədən keçirildiyini, məhkəmə tərəfindən icra işinin tələb edilmədiyini, qətnamənin 2016-cı ildə icraya yönəldilməsinə baxmayaraq indeksasiyanın 2013-cü ildən hesablandığını, borcdan hissə-hissə 1000 manatdan artıq pul ödədiyini bildirmiş, həmçinin maddi imkanının yaxşı olmadığı üçün dəfələrlə icra məmuruna müraciət edərək, mülkiyyətində olan “Lexus RX 300” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsini xahiş etsə də, icra məmuru buna məhəl qoymamışdır. Həmin şikayət məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar A.Əliyev şikayətlə razılaşmayaraq qeyd etdi ki, borclu qətnamənin icrasından müxtəlif yollarla yayınır, onun ölkədən xaricə çıxmasına məhdudiyyət qoyulsa da, sonradan hansı yollasa bu məhudiyyət götürülmüşdür, bu səbəbdən, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayətə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız Borclu məhkəməyə göndərdiyi vəsatətdə işə onun iştirakı olmadan baxılaraq, şikayətin təmin edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və ərizəyə icra işi tələb edilməklə, eyni zamanda tərəflərin və icra məmurunun iştirakı ilə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Belə ki, hazırkı işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında xx.xx.2016-cı ildə icraata başlanılmışdır (icraata başlamaq haqqında qərarın surəti- i/v 11). Rayon məhkəməsi isə 17.130 manat məbləğin indeksasiyası üzrə 2013-cü ilə əsasən hesabat aparmışdır. Bundan əlavə, icra işi məhkəmə tərəfindən tələb edilmədiyindən, iş materialları ilə icranın hansı səbəbən baş tutmamasını, bu müddət ərzinə hansı icra hərəkətlərinin həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 269.1-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qərardadlardan verilmiş şikayətə elə həmin məhkəmələr tərəfindən baxılmalıdır. Məhkəmələrdə işlərə baxılmasının qaydaları isə Məcəllənin «Əsas Qaydalar» adlı İ fəsilində nəzərdə tutulmuşdur. Həmin fəsildə yer alan 9.1-ci maddənin tələbinə görə – ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən … məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. Məcəllənin 9.3-cü maddəsinə görə isə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. …. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda aydın olur ki, MPM-in 269.1-ci maddəsində nəzərdə tutulmuş «qərardaddan verilmiş şikayətə məhkəmədə baxılır» göstərişi mütləq qaydada şikayətin məhkəmə iclasında, həm də onun təyin olunma vaxtı və yeri barədə tərəflərə məlumat verilməklə baxılmalı olduğunu tələb edir. Hazırkı halda isə şikayətə baxmış birinci instansiya məhkəməsi qanunun bu imperativ tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35) Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, ərizəyə icra işi tələb olunaraq tərəflərin və icra məmurunun iştirakı təmin edilməklə yenidən baxılması üçün iş materialları Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 8(011)-301/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. X2 tərəfindən verilmiş ərizəyə icra işi tələb olunaraq tərəflərin və icra məmurunun iştirakı təmin edilməklə yenidən baxılması üçün iş materialları Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar