Məhkəmə qərarları › İş №8(105)-154/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-154/2024

17.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-154/2024 17.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadından Borclu3 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: Quba rayon İcra şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. "xxxx" QSC-nin “icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsi” barədə şikayətlə məhkəməyə müraciət edərək, icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Rahim Həsənov) şikayət təmin edilmiş, Quba rayon İcra şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu1 şikayət verərək, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadının ləğv edilməsi və "xxxx" QSC-nin icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 8(105)-8/2024 nömrəli qərardadı ilə Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra digər Borclu4 xx.xx.2024-cü il tarixdə Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək qərardadının ləğv edilməsi və "xxxx" QSC-nin icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu4 Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verməklə yanaşı, qərardaddan şikayət verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, 04 mart 2024-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilmiş, Borclu4 Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək prosessual müddətin bərpa edilməsi, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, 04 mart 2024-cü il tarixli qərardadından narazı qalan tələbkar "xxxx" QSC şikayət verərək Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Borclu4 ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, 14 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 8(105)-43/2024 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Quba Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 14 mart 2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı ləğv edilmiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından Borclu4 şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)- 359/2023 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddətin bərpasından imtina edilmiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından Borclu4 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Digər borclu X2 Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsi və "xxxx" QSC-nin icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu X2 Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verməklə yanaşı, qərardaddan şikayət verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından borclu X3 şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddətin bərpasından imtina edilməsi və Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından borclu X4 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır (hakim Vüqar Seyidov). X3 vəkili və nümayəndəsi Vəkil Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından apellyasiya şikayət vermək üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2024-cü il tarixli, 8(105)-93/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Digər Borclu3 nümayəndəsi və vəkili Vəkil Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından şikayət ilə məhkəməyə müraciət edərək, Quba rayon məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadının ləğv edilməsi, "xxxx" QSC-nin “icra sənədi üzrə icraatın dayandırılması barədə qərarının ləğv edilməsi” barədə şikayətin təmin edilməməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023cü il tarixli, 8(027)-359/2023 saylı qərardadı tərəflərə rəsmi qaydada göndərilmişdir. Hansı ki, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından şikayəti Borclu1 12 dekabr 2023-cü il tarixdə, Borclu4 31 yanvar 2024-cü il tarixdə, Borclu5 xx.xx.2024-cü il tarixdə vermişlər, Borclu3 isə xx.xx.2024-cü il tarixdə vermişdir. Belə ki, borcluların hamısı eyni ünvanda yaşayırlar. Onlardan birinin qərardaddan məlumatı olub, digərinin olmaması ağlabatan deyildir. Ona görə də Borclu3 şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Borclu3 vəkili və nümayəndəsi Vəkil Quba Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Quba Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə başqa ailə üzvlərinin həmin qərardadı almasının onun da həmin qərardaddan xəbərdar olması barədə səhv nəticəyə gəlmişdir. Qeyd etmişdir ki, bir ünvanda yaşamaqlarına baxmayaraq, onun həmin qərardadı alması barədə iş materiallarında heç bir sübut yoxdur. O, məhkəmənin 15 noyabr 2023-cü il tarixli qərardadını almamışdır. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı sayıla bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərardadından borclular Borclu1, Borclu4 və X5 tərəfindən şikayətlər verilmişdir və həmin şikayətlər üzrə yuxarıda sadalanan qərardadlar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qərardadda göstərilən hallardan başqa iş materiallarından həmçinin görünür ki, hazırkı şikayəti verən Vəkil Borclu3 xx.xx.2019-cu il tarixdən, Borclu4 isə xx.xx.2023-cü il tarixdən səlahiyyətli nümayəndəsidir. Əvvəlki şikayətləri üzrə isə qəbul edilmiş məhkəmə qərardadları “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vəkil və nümayəndə Vəkil məxsus şəxsi kabinetə yerləşdirilmişdir. Mülki Prosessual Məcəlləsinin 69-75-ci maddələrində nümayəndəlik institutunun prosessual hüquq və vəzifələri aydın şəkildə verilmişdir ki, həmin normaların məzmunundan da aydın olduğu kimi, nümayəndə şəxsin vermiş olduğu etibarnamə əsasında onun adından hərəkət etmək iqtidarında olur. Etibarnamə qüvvədə olduğu müddətdə nümayəndə şəxslə prosessual hərəkətləri həyata keçirə bilmək üçün eyni statusda olur. Kollegiya hesab edir ki, göstərilən hallar Borclu3 mübahisələndirilən həmin qərardaddan vaxtında xəbərdar olduğunu göstərir. Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, şikayət təmin olunmamalı, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar