Məhkəmə qərarları › İş №8(105)-223/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-223/2025

06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-223/2025 06.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz rayon İcra və Probaiya Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilmgsi) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 8(067)-625/2025 nömrəli qərardadından tələbkar "xxxx"MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. "xxxx" MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin 2(067)-1794/2017 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı, Maraqlı şəxs hərəkətsizliyi qanunsuz hesab edilərək aradan qaldırılması, məcburi icra tədbirlərinin görülməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş etmişdir.

2. Şikayət ərizəsində göstərilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin (hakim Namidar Misirzadə) 2(067)-1794/2017 saylı iş üzrə xx.xx.2021-cu il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yaşayan X4 nisyə alqı-satqı müqaviləsinin şərtlərinin pozulduğuna görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə 632 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1 %-i həcmində 60 ABŞ dolları cərimə, cəmi 692 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulması qət edilmişdir. X1 onlarda olan məlumata əsasən Xaçmaz zavodunda rəsmi olaraq Xəzinadar işləyir. Bu barədə Xaçmaz rayon icra şöbəsinə məlumat verilməsinə baxmayaraq tələb borclunun əmək haqqına yönəldilməmişdir, nə də borclu barədə protokol tərtib edilməmişdir. Xaçmaz rayon icra şöbəsinin hərəkətsizliyi nəticəsində icra sənədi icra olunmur.

3. Maraqlı şəxs böyük icra məmuru Vidadi Dadaşov tərəfindən "xxxx" MMC-yə eləcə də məlumat üçün "xxxx" MMC-yə ünvanlanmış məktubdan görünür ki, X2 692 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair Xaçmaz rayon məhkəməsinin 2(067)-1794/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 24.1.1-ci maddəsinə əsasən icra edilməsi üçün göndərilərək borcun ödənilməsinin təmin edilməsi üçün MMC-də işləyən Pərviz Bədirxanovun əmək haqqının 50% -nə yönəldilməsinin təmin edilməsi xahiş olunmuşdur.

4. "xxxx" MMC tərəfindən Maraqlı şəxsnə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-1794\2017 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X1nun 692 ABŞ dolları və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Hal-hazırda qalıq borc 313,26 ABŞ dolları və 20 manat dövlət rüsumudur.

Birinci instansiya məhkəməsində icraat

5. Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 8(067)-625/2025 nömrəli qərardadına əsasən (hakim Aynur Əliyeva) "xxxx" MMC-nin Maraqlı şəxs hərəkətsizliyi qanunsuz hesab edilərək aradan qaldırılması, məcburi icra tədbirlərinin görülməsi barədə şikayəti təmin edilməmişdir.

6. Həmin qərardaddan narazı qalan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X7 xx.xx.2025-ci il tarixdə elektron qaydada şikayətlə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin 8(067)-625/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, icra məmurunun fəaliyyətsizliyi faktının tanınmasını, borclunun maaşından faktiki tutulmaların aparılması və digər məcburi icra tədbirlərinin görülməsi barədə göstəriş verilməsini və borclunun öhdəliyi icra olunmadığı üçün onun ölkədən çıxışına məhdudiyyət qoyulması barədə şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 8(067)-625/2025 nömrəli qərardadına əsasən (hakim Aynur Əliyeva) Xaçmaz Rayon Məhkəməsinin 8(067)- 625/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı 8 ildir qüvvədədir. Borclunun iş yeri artıq 1 ildən çoxdur ki, rəsmi qaydada müəyyən edilib. Qanunvericiliyə görə, icra məmuru borclunun əmək haqqından məcburi tutulma aparmalı və məhkəmə qərarını icra etməlidir. Hakim qərarında göstərir ki, guya icra məmuru 2025-ci ilin fevralında “yönəldib”, lakin tutulma barədə heç bir sənəd təqdim olunmayıb və faktiki olaraq icra hərəkətləri aparılmayıb. İcra məmuru yalnız formal olaraq yönəltmə aktı tərtib edib, lakin real tutulma baş verməyib. Bu isə “İcra haqqında” Qanunun tələblərinə ziddir. Borclunun ölkədən çıxışına məhdudiyyət qoyulması barədə vəsatəti də təmin olunmayıb, halbuki, qanunvericiliyə əsasən icra olunmayan hallarda bu tədbirin tətbiqi mümkündür. Hakimin qərarında göstərildiyi kimi “icra məmuru müvafiq məcburi icra tədbirləri görüb” ifadəsi həqiqəti əks etdirmir, çünki heç bir nəticə əldə edilməyib və borclu hələ də öhdəliyini icra etmir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə görə icra məmuru borclunun əmək haqqından məhkəmə qərarına uyğun olaraq tutulma aparmalı və alacağı təmin etməlidir. Lakin məhkəmə, tutulma faktiki həyata keçirilmədiyi halda, icra məmurunun “məcburi icra tədbirləri gördüyünü” əsaslı hesab etmişdir. Bu isə maddi hüquq normalarının düzgün tətbiq edilməməsidir. Məhkəmə icra məmurunun real fəaliyyətini sübut edən sənədləri tələb etməmiş, yalnız “yönəltmə” aktına əsaslanmışdır. Bu, Mülki Prosessual Məcəllənin sübutların tam və hərtərəfli araşdırılması prinsiplərinə ziddir. İş üçün əhəmiyyətli olan halların tam araşdırılmaması və sübutların toplanmaması prosessual hüquq normalarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə qərarında borclunun əmək haqqından tutulmalar aparıldığı göstərilsə də, faktiki olaraq tutulma barədə heç bir sənəd təqdim edilməmişdir. İcra məmuru yalnız formal yönəltmə aktı tərtib edib, lakin real icra hərəkətləri həyata keçirilməmişdir. Bu isə işin əsaslı halları araşdırılmadan nəticəyə gəlinməsini göstərir. Məhkəmə qərarında “icra məmuru müvafiq məcburi icra tədbirləri görmüşdür” ifadəsi yer almışdır, lakin bu tədbirlərin konkret sübutu təqdim edilməmiş, hansı tarixdə və hansı nəticələrlə aparıldığı göstərilməmişdir. Əhəmiyyətli olan bu hallar sübuta yetirilmədən qərar qəbul edilmişdir. Qəradadda qeyd olunur ki, icra məmuru fevral 2025-də maaşa yönəltmə tədbiri görüb. Lakin işin faktiki hallarına görə bu tədbir real tutulma ilə nəticələnməmişdir. Borclu hələ də öhdəliyini icra etmir. Deməli, qərardadda göstərilən nəticələr işin həqiqi hallarına uyğun gəlmir. Şikayətə əlavə olaraq icra idarəsindən alınmış rəsmi cavabı təqdim edir. Həmin cavabda borclunun maaşından faktiki tutulmaların aparılmadığı təsdiq olunur. Bu sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir, çünki həmin cavab sonradan əldə olunmuşdur.

Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

11. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 8(067)-625/2025 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 8(067)-625/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

12. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 44. Könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdən sonra məcburi icra tədbirlərinin tətbiqi əsasları yaranır. Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Maddə 87.3. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 8(067)- 625/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, iş materiallarından müəyyən olunur ki, "xxxx" MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin 2(067)-1794/2017 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı, Maraqlı şəxs hərəkətsizliyi qanunsuz hesab edilməsini, məcburi icra tədbirlərinin görülməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə şikayət ərizəsi təmin edilməmişdir.

17. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, icra məmuru tərəfindən icra işi üzrə müvafiq məcburi icra tədbirləri həyata keçirilmişdir.

18. Məhkəmə qərardadı ilə razılaşmayan "xxxx" MMC tərəfindən şikayət verilmişdir.

19. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.

20. Kollegiya qeyd edir ki, icra məmuru tərəfindən icra hərəkətlərinin həyata keçirilməsi, icra sənədinin icrasının təmini istiqamətində hər hansı qanun pozuntusu aşkar edilməmişdir. İcra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində məcburi icra tədbirləri həyata keçirilmiş, tələbin borclunun əmək haqqına yönəldilməsi barədə müvafiq müəssisəyə məlumat verilmişdir.

21. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şikayətin təmin edilməməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də şikayət təmin olunmamalı, Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 8(067)- 625/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 8(067)-625/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar