Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-40/2025 12.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, hakimlər X2 və ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin “ödənilməli olan pul məbləğinin ideksasiyasına dair” ərizənin təmin edilməməsi barədə 12 sentyabr 2025-ci il tarixli, e-8-2(113)-159/2025 nömrəli qərardadından tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2(81)-32/2015 nömrəli, 2 iyun 2025-ci il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilərək "xxxx" MMM və Borclu2 müştərək qaydada xx.xx.2009-cu il tarixli, AK/M/038/2009 saylı müqavilə üzrə 40199,51 manat əsas borc, 47526,59 manat faiz borcu; xx.xx.2010-cu il tarixli AK/M/020/2010 saylı müqavilə üzrə 982572,02 manat əsas borc, 100498,78 manat faiz borcu; və Borclu1ndən və Borclu2 müştərək qaydada xx.xx.2011-ci il tarixli, AK141/2011 saylı müqavilə üzrə 500 000 manat əsas borc, 104417,60 manat faiz borcunun tutulması borc üzrə tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 17 mart 2023-cü il tarixli 2-2(103)-10/2023 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2(81)-32/2015 nömrəli, 2 iyun 2025-ci il tarixli qətnaməsi xx.xx.2009-cu il tarixli, AK/M/038/2009 saylı müqavilə üzrə faiz borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, faiz borcu üzrə 25388,73 manat tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının 2- 2(102)-388/2023 nömrəli 8 sentyabr 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 17 mart 2023-cü il tarixli 2-2(103)-10/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 17 mart 2023-cü il tarixli 2-2(103)-10/2023 nömrəli qətnaməsi 8 sentyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, 20 oktyabr 2023-cü il tarixdə icraya yönəldilərək, icra vərəqəsi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Tovuz rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)- 10/2023 saylı qətnaməsi ilə qət edilmiş məbləğlərə inflyasiya qismində "xxxx" MMM-dən və Borclu2 müştərək qaydada xx.xx.2009-cu il tarixli, AK/M/038/2009 saylı və xx.xx.2010cu il tarixli, AK/M/020/2010 saylı müqavilələr üzrə 1445509,30 manat; Borclu1ndən və Borclu2 müştərək qaydada xx.xx.2011-ci il tarixli, AK141/2011 saylı müqavilə üzrə 578456,35 manat məbləğin tutularaq tələbkara ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı ilə tutulmuş borcun əsas hissəsi 1-ci instansiya məhkəməsi tərəfindən qət edildiyindən (cəmi bir kredit üzrə 22000 manat faiz borcunda azalmanı apelyasiya məhkəməsi etmişdir) inflyasiya məbləği məhz 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin qətnaməsindən hesablanmağa başlanmalıdır. Həmin məhkəmənin qətnaməsinin qəbul edildiyi xx.xx.2015-ci il tarixdən keçən 10 ilə yaxın müddətdə borclular tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Onlar barəsində icra icraatı başlamış, könüllü icra üçün müddət təyin edilmiş, daha sonra isə ipoteka predmetinin hərracda satılması proseduruna başlanılmışdır. Lakin bu tədbirlər heç bir nəticə verməmişdir. Əksinə borclular icra məmurunun qərarlarından şikayətlər verməklə və ipotekanın ilkin satış qiymətini mübahisələndirməklə süni şəkildə icra prosesini və borcun ödənilməsini gecikdirməkdədirlər. İpoteka predmeti iki dəfə hərraca çıxsa da onu alan olmamışdır. Buna baxmayaraq borclular ilkin satış qiymətinin az olduğunu bəhanə edərək müxtəlif sui-istifadə üsullarına əl ataraq faktiki olaraq icradan boyun qaçırırlar. Nəticə etibarilə, tələbkar "xxxx" ASC qətnamə ilə haqqı çatan məbləği vaxtında əldə edərək ondan istifadə etmək imkanından məhrum qalmaqdadır. Artıq qətnamədə göstərilən cəmi 2114906,64 manat məbləğ 10 il bundan əvvəlki dəyərdə deyildir. Həmin məbləğ inflyasiyaya məruz qalmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytından götürülmüş məlumata (kalkulyatora) əsasən 1-ci instansiya qətnaməsinin çıxdığı 2015-ci ilin iyunundan 2025-ci ilin aprel ayına kimi olan dövrdə ölkədə inflyasiya 195,7% olmuşdur. Həmin 95,7% məzənnəni qətnamədəki borc məbləğlərinə tətbiq etdikdə aşağıdakı inflyasiya məbləğləri alınır: - "xxxx" MMM-dən və Borclu2 müştərək qaydada xx.xx.2009-cu il tarixli, AK/M/038/2009 saylı və AK/M/020/2010 saylı müqavilələrə münasibətdə (401999,51 + 25388,73 + 982572,02 + 100498,78) x 95,7% = 1445509,30 manat; - Borclu1ndən və Borclu2 müştərək qaydada xx.xx.2011-ci il tarixli, AK141/2011 saylı müqaviləyə münasibətdə (500000,00 +104417,60 +30) x 95,7% = 578456,35 manat.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8-2(113)-159/2025 saylı qərardadı ilə ərizə təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qeyd edilən müddəa üzrə indeksasiyanın aparılması özündə iki elementi birləşdirir: birincisi, pul vəsatinin tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını; ikincisi, qətnamənin qanunla müyyən edilmiş müddət ərzində icra edilməməsi və bunun nəticəsində əvvəllər qətnamə ilə tutulmuş pul məbləğinin infilyasiya və ya buna oxşar digər dəyişikliklər nəzərə alınmaqla yenidən hesablanmasının həyata keçirilməsi. Pul vəsaitinin indeksasiyası onun əvvəlki dəyərinin azalmasının sonradan artmış istehlak tələbatları həddinə uyğunlaşdırılmasının qanunla müəyyən edilmiş qaydasını tənzimləyir. Bununla qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm müəyyən etmişdir. Bu baxımdan, pul vəsaitinin indeksasiyasının məqsədi həm də, borclunun məhkəmə qərarlarının icrasından bilərəkdən yayınmanın qarşısını almaqla, kreditorun məhkəmə müdafiəsi hüququnu qorumuş olur. Hazırkı mübahisə üzrə birinci, yəni qətnamənin qanuni qüvvəyə minməsi işin mübahisəsiz halıdır. İkinci elementə (qətnamənin qanunla müyyən edilmiş müddət ərzində icra edilməməsi və ondan doğan nəticə) gəldikdə, bununla bağlı mübahisəyə baxılarkən qətnamənin icra edilməməsinin subyektiv, yaxud obyektiv səbəblərdən irəli gəlməsi mütləq araşdırılmalıdır. Qətnamənin icra edilməməsinin subyektiv səbəbi borclunun icranı təqsirli olaraq yerinə yetirməməsi, obyektiv səbəbi isə icranın borcludan asılı olmayan digər məsələlərdən, habelə qətnamənin icra üsulu ilə bağlı olmasından irəli gələ bilər. Məhkəmə tərəflər arasında məhkəmə mübahisələrinin, o cümlədən qətnamənin icrası ilə bağlı yaranan çoxsaylı mübahisələrin qətnamənin icrasının ləngiməsinə səbəb olduğunu vurğulayaraq hesab etmişdir ki, hazırkı mübahisə üzrə qətnamənin icra edilməməsi obyektiv səbəblə bağlıdır.
9. Tələbkar "xxxx" ASC qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8- 2(113)-159/2025 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri və birinci instansiya məhkəməsinin şikayətlə bağlı qərarı
10. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi bu maddədə indeksasiya borclunun təqsirindən asılı edilməmiş, icra sənədinin icra edilməməsinin obyektiv və subyektiv səbəbləri fərqləndirilməmişdir. Bu hüquq normasının məzmunu icra sənədinin qanuni qüvvəyə mindiyi (icraya yönəldiyi) vaxtla pulun ödənildiyi vaxt arasında dəyər itkisindən ibarətdir. Pul vəsaitinin ödənilməsi barədə yekun qətnamənin qəbulu onsuz da borclunun öhdəliyin lazımınca yerinə yetirilməməsində təqsirini – subyektiv səbəbi təsdiq edir. Sonradan icra prosesində də borclunun əlavə təqsirini axtarmağa hüquqi zərurət yoxdur. Öhdəliyi icra etməyən borclu onun sonrakı nəticələri üçün tam məsuliyyət daşıyır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bunun əksinə olaraq məhkəmə hesab etmişdir ki, icra sənədinin vaxtında yerinə yetirilməməsi borclulardan asılı olmayan obyektiv səbəbdən – yəni ipotekaya tutma yönəldilməsinin uzanmasından qaynaqlandığı üçün indeksasiyaya əsas yoxdur. Halbuki, ipotekanın qiymətinin müəyyən edilməsi və dəyişdirilməsi kimi məsələlər də borcluların risk dairəsinə daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli qərarında qeyd olunur ki, bu təsisat (indeksasiya) borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülkihüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Konstitusiya Məhkəməsinin mövqeyindən aşkar görünür ki, indeksasiya borclu üçün məsuliyyət tədbiri deyil və burada icra sənədinin icra edilməməsinin borcludan asılı olan və olmayan səbəblərə bölünməsinin əhəmiyyəti yoxdur. Həmin maddəyə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilməlidir ki, borclular əsas məhkəmə mübahisəsinin davam etdiyi 10 il ərzində və ondan sonra bir qəpik də olsun ödəniş həyata keçirməmişlər. Onların öz öhdəliklərinə psixi münasibəti vicdanlılıq prinsipi ilə heç uyğun gəlmir. Bunun ən bariz nümunələrindən biri bu ola bilər ki, borclulardan Borclu2 oğlu dəyəri təqribən 2 milyon manat olan saxta ödəniş qəbzlərini 2016-cı ildə əsas işdə məhkəməyə təqdim edərək borcdan yayınmağa çalışmışdır. Məsələ ilə əlaqədar Bakı Apellyasiya məhkəməsi xx.xx.2017-ci il tarixdə xüsusi qərardad çıxaraq prokurorluğa göndərmişdir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Borclu2 oğluna məxsus şirkətlər barəsində bu və digər epizodlar üzrə cinayət işi mövcuddur.
11. Şikayətə dair yazılı etiraz verilməmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 8-2(113)- 159/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi hüquqi aktlar ... 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. ... Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1.Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: ... 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; ...
14. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyun 2025-ci il tarixli qərarı ... Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərar). İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. ... İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. ...
15. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanun
Maddə 1. İndeksləşdirmənin mahiyyəti və məqsədi İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Maddə 2. İndeksləşdirmənin əsası və qaydası Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin.
Apellyasiya məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, e-8-2(113)-159/2025 nömrəli qərardadı ləğv edilərək ərizə qismən təmin edilməlidir.
17. Məhkəmə kollegiyası ödənilməli pul məbləğinin indeksasiya edilməsi üçün qətnamənin icrasının gecikməsində borclunun təqsirinin müəyyən edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
18. Borclu pul vəsaitinin tutulması barədə qətnaməni qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə icra etməlidir. Bu zaman o, tələbkarın icranı qəbul edibetməməsindən də asılı deyildir. Borclu istənilən vaxt pul vəsaitini icra orqanının depozit hesabına köçürə bilər. Bu baxımdan qanuni qüvvəyə minmiş qətnamə üzrə tələbkarın icranı ləngitməsi mümkün deyildir.
19. Odur ki, istər borclunun təqsirli hərəkətləri üzündən, istərsə də digər səbəblərdən icra prosesinin uzanması halında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə ödənilməli pul məbləğinin indeksasiya edilməsi mümkündür.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyun 2025-ci il tarixli qərarında ifadə edilmiş mövqeyinə uyğun olaraq (§ 13) indeksasiya borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Başqa sözlə, indeksasiya tələbkarın vəziyyətini yaxşılaşdırmağa, borclunun vəziyyətini isə pisləşdirməyə yönəlməmişdir. Əksinə, indeksasiyanın məqsədi qətnamənin qanuni qüvvəyə mindiyi anda mövuc olmuş vəziyyəti onun icra edildiyi an üçün bərpa etməkdir.
21. Ərizənin mahiyyətinə gəldikdə isə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ərizə qismən təmin edilə bilər. Ərizəçi indeksasiya dövrünün əvvəlinin 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2(81)-32/2015 nömrəli, 2 iyun 2015-ci il tarixli qətnaməsinin qəbul edildiyi vaxtdan hesablanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, indeksasiya dövrünün əvvəli mübahisə üzrə icra edilməli yekun akt olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 17 mart 2023-cü il tarixli 2-2(103)-10/2023 nömrəli qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan – 8 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır.
22. Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan 17 iyun 2025-ci il tarixli qərarında (§ 13) indeksasiyanın “...qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına...” yönəldiyi qeyd edilir.
23. İndeksasiyanın tətbiqi qaydasında gəldikdə isə qeyd olunmalıdır ki, Konsitutsiya Məhkəməsinin Plenumunun istinad edilən qərarında bu məsələyə də yer verilmiş və qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməli olduğu göstərilmişdir.
24. Məhkəmə kollegiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 2-ci maddəsini (§ 14) tətbiq edərək istehlak qiymətlərinin indeksini hazırkı tələb üzrə pul məbləğinin indeksasiyası üçün əsas kimi götürür.
25. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində (https://www.azstat.gov.az/pr03101011/) mövcud olan istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator vasitəsilə əldə edilən məlumata əsasən 2025ci ilin iyul ayında (ərizənin verildiyi tarix) 2023-cü ilin sentyabr ayına nisbətən istehlak qiymətləri indeksi 107,9 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 7,9 faiz artmışdır.
26. Qanuni qüvvəsini almış qətnaməyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan məbləğlər bunlardır: - "xxxx" MMM və Borclu2 müştərək qaydada xx.xx.2009-cu il tarixli, AK/M/038/2009 saylı müqavilə üzrə 40199,51 manat əsas borc, 25388,73 manat faiz borcu olmaqla cəmi 65588,24 manat; “xx.xx.2010-cu il tarixli AK/M/020/2010 saylı müqavilə üzrə 982572,02 manat əsas borc, 100498,78 manat faiz borcu olmaqla, cəmi 1 083 070,80 manat; hər iki müqavilə üzrə ümumilikdə 1 148 659,04 manat; - Borclu1ndən və Borclu2 müştərək qaydada xx.xx.2011-ci il tarixli, AK141/2011 saylı müqavilə üzrə 500 000 manat əsas borc, 104417,60 manat faiz borcu olmaqla, cəmi 604417,60 manat.
27. "xxxx" MMM və Borclu2 müştərək qaydada tutulmalı olan 1 148 659,04 manat indeksasiya edilərək (1 148 659,04 + 7,9%) tutulmalı pul məbləği 1 239 403,10 manat müəyyən edilməlidir.
28. Borclu1ndən və Borclu2 müştərək qaydada tutulmalı olan 604 417,60 manat indeksasiya edilərək (604 417,60+7,9%) 652 166,59 manat müəyyən edilməlidir.
1. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
2. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 398.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin “ödənilməli olan pul məbləğinin ideksasiyasına dair” ərizənin təmin edilməməsi barədə 12 sentyabr 2025-ci il tarixli, e-8-2(113)-159/2025 nömrəli qərardadı ləğv edilsin. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ərizə qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 17 mart 2023-cü il tarixli 2-2(103)-10/2023 nömrəli qətnaməsinə əsasən "xxxx" MMM və Borclu2 müştərək qaydada tutulmalı olan 1 148 659,04 manat pul məbləği indeksasiya edilərək qətnamə üzrə tutulmalı pul məbləği 1 239 403,10 (bir milyon iki yüz otuz doqquz min dörd yüz üç manat, on qəpik) müəyyən edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 17 mart 2023-cü il tarixli 2-2(103)-10/2023 nömrəli qətnaməsinə əsasən Borclu1ndən və Borclu2 müştərək qaydada tutulmalı olan 604 417,60 manat pul məbləği indeksasiya edilərək 652 166,59 (altı yüz əlli iki min yüz altmış altı manat, əlli doqquz qəpik) müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Tural Qocayev
Səməd Cəfərov
Elnur Həsənov