Məhkəmə qərarları › İş №8(3-9)-127/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-127/2026

14.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-127/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından Ərizəni verən şəxs MMC tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Ərizəni verən şəxs MMC şikayətlə məhkəməyə müraciət edərək, Ağcabədi rayon Icra və Probasiya şöbəsinin icra məmuru Nurəddin Hacıyevin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinin tam icra edilməsi üçün müvafiq icra tədbirlərini görməsini təmin etməyə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ilə tələbkar Ərizəni verən şəxs MMC-nin şikayəti təmin edilməmişdir. Həmçinin, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağcabədi Rayon Məhkəməsinə şikayət vermək hüququ izah olunmuşdur. Tələbkar Ərizəni verən şəxs MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini, iddia ərizəsinin iş üzrə məhkəmə icraatına qəbul edilərək təmin edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə iş üzrə tələbkar Ərizəni verən şəxs MMC tərəfindən Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadından verilmiş şikayət geri qaytarılmışdır. (Hakim: Etibar Quliyev) Şikayətçi Ərizəni verən şəxs MMC-nin nümayəndəsi X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv olunması, şikayətin icraata götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından şikayətçi Ərizəni verən şəxs MMC-nin nümayəndəsi X2 verdiyi şikayətin əsassız olduğundan təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı qanuni və əsaslıdır, həmin qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Iş materiallarından müəyyən olunur ki, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ##.##.2026-cı il tarixdə Ərizəni verən şəxs MMC-nin «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Həmin qərardaddan verilmiş şikayət isə ##.##.2026-cı il tarixdə poçt vasitəsilə məhkəməyə daxil olmuş, elektron kabinet vasitəsilə təqdim edilməmiş və elektron imza ilə təsdiq olunmamışdır. MPM-in 10-1.3-cü maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi və qəbulu elektron kabinet vasitəsilə həyata keçirilir. Elektron təqdimetmə tələbi yalnız kommersiya mübahisələrinə deyil, elektron məhkəmə sistemi tətbiq olunan məhkəmələrdə baxılan mülki işlərə də şamil edilir. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını və bunun üçün elektron imza vasitələrindən istifadə edilməsini imperativ qayda kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il # #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 13.6-ci bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 9-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1.2-ci maddələrində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. MPM-in 267.3-cü maddəsində qərardaddan şikayətin yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilməsi nəzərdə tutulsa da, həmin norma elektron məhkəmə sistemi tətbiq olunan məhkəmələrdə şikayətin kağız formada təqdim edilməsinə yol verilməsi kimi şərh oluna bilməz. Bu norma MPM-in 10-1.3-cü maddəsi ilə birlikdə tətbiq edilməlidir. Elektron qaydada hazırlanmış və elektron imza ilə təsdiq edilmiş sənədlər kağız daşıyıcıda olan sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. MPM-in 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Hazırkı iş üzrə isə şikayətçi tərəfindən təqdim olunmuş şikayət elektron kabinet vasitəsilə verilməmiş və elektron imza ilə təsdiq edilməmişdir. Şikayətçinin MPM-in 267.3-cü maddəsinə istinad edərək şikayətin poçt vasitəsilə təqdim edilməsinin mümkün olduğunu bildirməsi əsaslı deyildir. Belə ki, “yazılı şəkildə” ifadəsi elektron icraat tətbiq olunan məhkəmələrdə elektron formada təqdimetmə qaydasını istisna etmir. Əks yanaşma MPM-in 10-1.3-cü maddəsində müəyyən edilmiş məcburi elektron təqdimetmə qaydasını aradan qaldırmış olardı. Şikayətçinin iş nömrəsinin əvvəlində “e-” işarəsinin olmamasına dair dəlili də əsassızdır. Qanunvericilikdə elektron icraatın tətbiqi iş nömrəsində hər hansı işarənin mövcudluğu ilə deyil, məhkəmədə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edilməsi ilə əlaqələndirilmişdir. Hazırkı iş üzrə məhkəmə aktının elektron imza ilə təsdiq edilməsi, elektron kabinetdə yerləşdirilməsi və həmin kabinet vasitəsilə şikayət vermək hüququnun izah olunması elektron icraatın tətbiq edildiyini təsdiq edir. Şikayətçinin Konstitusiyanın 26, 60 və 71-ci maddələrinə, habelə MPM-in 4.1-ci maddəsinə istinadı da əsassızdır. Məhkəmə müdafiəsi hüququ şəxsin qanunla müəyyən edilmiş prosessual qaydalara əməl etmək vəzifəsini aradan qaldırmır. Şikayətin qaytarılması mübahisənin mahiyyəti üzrə məhkəmə müdafiəsindən imtina edilməsi deyil, prosessual müraciətin müəyyən edilmiş təqdimetmə qaydasına uyğun olmaması ilə bağlıdır. Buna görə də, şikayət təmin edilməməli Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar