Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-103)-48/2026 11.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Məmməd Əhməd oğlunun sədrliyi X1 iclas kаtibliyi, Borclu iştirakı ilə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2026-cı il tarixli qərarından tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2101/2015 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Borclu 1113,83 manat məbləğində pul və 30.83 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2026-cı il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ilə icra sənədinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılması qərar alınmışdır. Bundan sonra icra sənədi üzrə tələbkar "xxxx" MMC həmin qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verərək, məhkəmədən icra sənədinin qaytarılması barədə müvafiq qərarın ləğv edilməsini və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2101/2015 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 1113,83 manat məbləğində pul və 30.83 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Həmin icra sənədi icra edilməsi üçün Bakı şəhəri Surxanı rayon İcra şöbəsinə göndərilmişdir. Borclu icra sənədini icra etməmişdir. İcra məmuru isə xx.xx.2026-cı il tarixində icra sənədinin geri qaytarılması haqqında qərar qəbul etmişdir. Qərar qəbul edərkən formal akt tərtib edilmiş, həqiqətdə isə borclunun ünvanına baxış keçirilməmişdir. Həmçinin icra məmuru borclunun əmlakının axtarılması və digər məcburi icra tədbirlərinin görülməsi ilə bağlı hərəkətləri tam olaraq yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə tələbkar və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, şikayəti iş materialları və icra işi ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, həmin icra sənədi üzrə hər ay 100 manat olmaqla ödəniş edir. Borcu bitməsə də, azalmışdır. Suraxanı rayon icra şöbəsinin icra məmurunu tanımır. İcra məmurları tərəfindən onların ünvanına baxış keçirilməmiş və akt tərtib edilməmişdir. Məhkəmə tərəfindən Suraxanı rayon İcra şöbəsinin icraatında olan e39595/2025-18- 11 nömrəli İcra işinin materiallarına baxış keçirilərkən borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. İcra məmuru yalnız məhkəmə iclasının keçiriləcəyi gün, yəni xx.xx.2026-cı il tarixində elektron icra sistemindən borclunun əmlak vəziyyətinin müəyyən edilməsi üçün formal sorğular edərək materialları icra işinə əlavə etmişdir. Həmçinin, icra işində olan və icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan məlum olur ki, sözügedən akt yalnız icra məmurları tərəfindən imzalanmış və icra işi üzrə tərəflərin (borclu və tələbkarın) iştirakı təmin edilməmişdir. Məhkəmə, borclunun izahatını və aktın borclu və tələbkarın iştirakı olmadan tərtib edilməsini nəzərə alaraq, borclunun ünvanına baxış keçirilməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın mötəbər olmaması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, belə bir vəziyyətdə icra sənədinin əsaslı olaraq icra edilmədən geri qaytarıldığı nəticəsinə gəlinə bilməz. Odur ki, şikayət təmin edilməlidir. Belə ki, “İcrа hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnunu. Maddə 2. Məcburi icra orqanları. 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 12. İcra hərəkətlərinin həyata keçirilməsi müddətləri. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 23. İcra sənədinin qaytarılması. 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. M a d d ə 2 6 . İcra sənədlərinin icrasına nəzarət İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göründüyü kimi, “İcra haqqında” Аzərbаycаn Respublikаsının Qаnununa əsasən, yalnız 23.1.1-23.1.5-ci maddələrdə göstərilmiş konkret əsaslarla icra sənədi icra olunmadan qaytarılır. Hazırkı iş üzrə icra məmuru tərəfindən qəbul edilmiş qərarda isə bu əsaslara riayət edilmədən, formal olaraq müvafiq maddəyə istinadla qərar qəbul edilmişdir. Bu səbəbdən məhkəmə, icra sənədinin qaytarılmasına dair müvafiq qərarın ləğv edilməsi nəticəsinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2026-cı il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2101/2015 saylı, xx.xx.2025ci il tarixli qətnaməsinin (Borclu) icra edilməsi üzrə icra tədbirlərinin görülməsi təmin edilməlidir. Göstərilənlərə əsаsən və MPM-in 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2026-cı il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2101/2015 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin (Borclu) icra edilməsi üzrə icra tədbirlərinin görülməsi Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən təmin edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №8(5-103)-48/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(5-103)-48/2026
11.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver