Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-13/2026 23.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Mahmudovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət edərək qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, X1 cəmi 18222.09 manat məbləğində borc pul alınıb Tələbkar ASC-nə ödənilməlidir. İcra sənədləri Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu X3 heç bir üzrlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini tam təmin etməmişdir. Borclu X2 ölkəni tərk etmək ehtimalı olduğu məlum olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs X2 ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Göstərilənləri nəzərə alaraq “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84-1.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Abşeron rayonu 1 saylı Notariat Kontorunun 8İ-20548 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Abşeron rayonu, Pirəkəşkül hərbi şəhərcik, N nömrəli hərbi hissə ünvanda qeydiyyatda olan və yaşayan borclu X2 (Azərbaycan Respublikası hüdudlarından) ölkədən getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilinəsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, borcu haqqında məlumatı var. Əvvəl Tələbkar ASC-də işlədiyi vaxt kredit götürmüşdür. İndiyə kimi borcundan heç ödəniş etməmişdir. Borcu ödəməkdən imtina etmir. Lakin anası xəstədir, bu səbəbdən anası ilə birlikdə Türkiyəyə getməlidir. Abşeron rayon İcra və Probasiya Şöbəsi və icra sənədi üzrə Tələbkar ASC təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, Tələbkar ASC-nin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, təqdimatına baxış iclasının onların iştirakı olmadan keçirilməsini, həmçinin xx.xx.2025-ci il tarixdə qəbul edilmiş icra qeydi üzrə borcun qaytarılmamasını nəzərə alaraq təqdimatın təmin edilməsin i xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin və icra sənədi üzrə tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məhkəməsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə təqdimatı dəlillərini nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron rayon 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-20548 reyestr nömrəli icra qeydindən görünür ki, Tələbkar ASC-nin xeyrinə X1 KSNPU-03843 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 18197.09 manat, bundan əlavə ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 18222.09 manat pul tutulmalıdır. -Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar və bildirişin surətindən görünür ki, Abşeron rayon 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-20548 reyestr nömrəli icra sənədi üzrə icraata başlanılması qərara alınmış, xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş borcluya şəxsən təqdim edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Borclu "xxxx" MMC-də mühasib vəzifəsində işləyir, rəsmi əməkhaqqı məbləği 1397 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 28. Azadlıq hüququ. İ. Hər kəsin azadlıq hüququ vardır. İİ. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi Maddə 9. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ 9.3.6. Vətəndaşın ölkədən getmək hüququ məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək məhdudlaşdırıla bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir Maddə 43. Məcburi icra tədbirləri. 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir. 45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatlardan elektron qaydada sorğulanır, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Borclunun elektron pul təşkilatında hesabının və vəsaitinin mövcudluğu barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatdan elektron qaydada əldə edilir. 45.4. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarının mövcudluğu barədə məlumatları icra məmuru vergi orqanlarından tələb edə bilər. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Maddə 84-1. Borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. 84-1.1. İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. 84-1.2. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. AR Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları” haqqında Təlimat Bənd 2.2.3. Borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Bənd 2.3.5. Tələbin yönəldiyi əmlakın dəyəri icra sənədi üzrə borcun və icra xərclərinin həcmindən çox olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir. Hazırki halda təqdimat əsaslandırılmamış, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları” haqqında təlimatın tələblərinə riayət edilməmiş, subyektiv mülahizə əsasında şəxsin hüquqlarının məhdudlaşdırılması xahiş olunmuşdur. Bu halda məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına hazırda zərurət yoxdur. Bundan əlavə icra sənədinin icrası məqsədilə borclunun gəlirləri barədə məlumatın müvafiq dövlət orqanlarına və banklara sorğu göndərməklə alınması və qanunvericiliyin tələbinə əsasən digər məcburi icra tədbirləri həyata keçirilməmiş, borclunun rəsmi əməkhaqqısına dair pul vəsaitinin olduğu nəzərə alınmamış, icra sənədinə əsasən yaranmış borcun təmin edilməsi məqsədilə icra məmuru “İcra haqqında” Qanunun 45.2-ci maddəsində göstərilən tədbirlər görmək əvəzinə borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat vermiş, belə olan halda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi operativ şəkildə icra edilməmiş, bununla da icra məmurunun hazırki təqdimatı kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan icra hərəkətləri görülmədən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması və həmin məhdudlaşdırma daha ciddi icra hərəkəti hesab olunduğundan təqdimat təmin edilməməlidir. Belə ki, “Sərbəst hərəkət etmək hüququ” Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi ilə müəyyən edilmiş azadlıq hüququnun tərkib hissəsi olaraq vətəndaşların əsas hüquqlarına daxildir. Bu baxımdan məhkəmə hesab edir ki, vətəndaşın əsas konstitusion hüquqlarından olan sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırılması barədə təqdimat təmin oluna bilməz. Beləliklə, məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №8(5-105)-13/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(5-105)-13/2026
23.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver