Məhkəmə qərarları › İş №8(5-160)-22/2026

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(5-160)-22/2026

12.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(5-160)-22/2026 12.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, X4 iştirakı ilə, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru İsrafil Mustafayevin icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə "xxxx" MMC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin 2(032)-1892/2025 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh X1 R0080717 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 406 manat əsas borc, 15 manat cərimə borcu, cəmi 421 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 451 (dörd yüz əlli bir) manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru İsrafil Mustafayevin 12 dekabr 2025-ci il tarixli qərarı ilə icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Tələbkar "xxxx" MMC icra sənədinin qaytarılması haqqında qərarından şikayət verərək, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru İsrafil Mustafayevin icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1892/2025 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən borclu X1 "xxxx" MMC-nin xeyrinə cəmi 451 manat məbləğində pulun tutulması qət edilmiş və məhkəmə qətnaməsi icra olunması üçün Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu X3 icra sənədini icra etməmişdir. Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru İsrafil Mustafayevin xx.xx.2025-ci il tarixli qərarına əsasən Şirvan şəhər Məhkəməsinin e-2(032)-1892/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tələbkara təqdim edilmədən və akt barədə tələbkara məlumat verilmədən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi, eyni zamanda borclunun yaşadığı ünvanda olması barədə qeydlər edilmişdir, lakin faktiki olaraq borclunun yaşadığı ünvanda olmamışlar və yaşayış yerinə baxış keçirməmişlər. İcra məmuru bu müddət dövrü ərzində borclu barəsində onun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri (daşınar və daşınmaz əmlakların qeydiyyyatını aparan müvafiq orqanlara sorğu verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, məcburi gətirilmə, inzibati məsuliyətə cəlb olunması və s.) habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görməmişdir. Bununla yanaşı, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən, tələbin icrasının mümkün olmadığını bildirsə də, bu haqda müvafiq akt tərtib etməmiş və tələbkara məlumat verməmişdir. İcra məmurunun qərarında qeyd olunan akt isə yalnız icra məmurunun borclunun qeydiyyatda olduğu ünvana getməsi və həmin ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlakın aşkar edilməməsi barədə olmaqla, bütün tədbirlər görülməsinə baxmayaraq tələbin icrasının mümkünsüz olmasına əsas vermir. Belə olan icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə tələbkarın hüquqları pozulur. Bununla yanaşı Tələbkar MMC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır. Həmçinin icra məmuru tərəfindən borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edilir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarisun icra qeydi isə tələbkara) qaytarılır.Göründüyü kimi, bu maddədə göstərilən əsasla icra sənədinin geri qaytarılması üçün iki hal mövcud olmalıdır: 1.borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olması; 2.icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi. Bu iki hal da yalnız o zaman müəyyən edilə bilər ki, qeyd edilən hallar mötəbər sübutlarla təsdiq edilsin. Yəni icra məmuru, əgər həmin maddədə göstərilən əsasla icra sənədini geri qaytarırsa, qərarda göstərməlidir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərinin olub-olmamadığını müəyyən etmək üçün hansı tədbirlər görmüş və hansı nəticələr əldə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Tələbkar MMC-nin nümayəndəsi və icra məmuru məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-1892/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh X1 R0080717 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 406 manat əsas borc, 15 manat cərimə borcu, cəmi 421 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 451 (dörd yüz əlli bir) manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şirvan şəhər İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1892/2025 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Şirvan şəhər İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1892/2025 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X2 adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin qiymətli kağızın, əmanətin olubolmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-1892/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X1 oğlundan 451 manat məbləğində pul vəsaiti tutulmalıdır. İcra sənədi icra olunması üçün icra şöbəsinə göndərilmiş, xx.xx.2025-ci il tarixdə aidiyyəti üzrə İcra şöbəsi tərəfindən icra sənədinin qaytarılması barədə qərar qəbul edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)- 1892/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə “İcra haqqında” Qanunun 23.1.3cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi üzrə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Məhkəmə hesab edir ki, icra məmuru qanunvericiliyin tələblərini gözləmədən icra sənədini əsassız olaraq geri qaytarmış, icra qeydinin icrasını təmin etmək üçün icra qurumu borcluya məxsus əmlakın aşkar edilməsi üçün kifayət qədər tədbirlər görməmiş, eyni zamanda öz qərarını da əsaslandırmamışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda İcra sənədi üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1892/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru İsrafil Mustafayevin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edildiyi halda icra tədbirləri icraata başlama haqqında qərar qəbul edildiyi vaxtdan davam etdirilir. Yəni qeyd edilən tədbirlərin həyata keçirilməsi ilə bağlı qanunvericilikdə müstəsna müddətlər müəyyən edilməmiş, həmçinin qanunvericiliyə əsasən bu hal tənzimlənməkdədir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Şirvan şəhəri üzrə İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş Şirvan şəhər Məhkəməsinin 2(032)- 1892/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “icra sənədinin qaytarılması” barədə Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru İsrafil Mustafayevin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-1892/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar