Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-97)-143/2026 12.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əzizova Şəbnur Rəfail qızının sədrliyi, Məmmədova Aygün Tərlan qızının katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 4067/2023 saylı icra sənədinin qaytarılmasına dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə tələbkar LPO "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə şikayət ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-4067/2023 saylı icra sənədinin qaytarılmasına dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icra edilməsi məqsədilə Nərimanov rayon İcra şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-4067/2023 saylı icra sənədinə əsasən Borclu Niyazovnadan ləğv prosesində olan “AtaBank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə cəmi 2.167,43 manat borcun və 42 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar ilə sözügedən icra sənədi “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.2-cü maddəsi ilə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi, icra sənədi üzrə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadığı və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyi əsas götürülərək icra sənədi məhkəməyə geri qaytarılmışdır. Belə ki, qətnamənin icra edilməsi o zaman mümkünsüz hesab edilir ki, icra məmuru tələbin təmin edilməsi üçün bütün məcburi icra tədbirlərini (borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması, borculunun icra orqanına çağırılaraq tələbin təmin edilməsini tələb etmək, gəlmədiyi təqdirdə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsinə əsasən cərimə, yaxud inzibati həbs edilməsi, təkrarən yenə üzrsüz səbəbdən, qərəzli olaraq qətnamə üzrə tələblərin yerinə yetirilmədiyi təqdirdə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri prosessual hərəkətlərin həyata keçirilməsi) görmüş və nəticə əldə etməmiş olsun. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması, borculunun icra orqanına çağırılaraq tələbin təmin edilməsini tələb etmək, gəlmədiyi təqdirdə şəxs barəsində inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində məcburi icra tədbirləri aparılması İcra şöbəsi tərəfindən həyata keçirilməmişdir. Bu səbəbdən, hesab edirlər ki, Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli qərar əsassızdır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X2 izahatında bildirdi ki, şikayəti müdafiə edir. Heç bir əsas, sübut olmadığı halda icra məmuru işi geri qaytarmışdır. Köhnə və yeni olmaqla, borclunun adına açılmış iki cari hesab vardır. Borclunun adına ödəniş olsa, o cari hesaba yüklənir və oradan da ödənişlər üzrə paylanır. Hesablar bank tərəfindən açılmışdır. Lakin icra sənədi üzrə hər hansı ödəniş olmamışdır. İzahatının sonunda şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə şikayətə borclu və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını dinləyib, iş materiallarını, eləcə də şikayətin tam, hərtərəfli və obyektiv araşdırılması baxımından tələb edilmiş e319453/2023-15-2-001 saylı icra işində olan sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında (eləcə də tələb edilmiş icra işində) olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 4067/2023 saylı icra sənədinə əsasən cavabdeh Borclu Niyazovnadan 2094,62 manat əsas, 72,79 manat faiz, 0,02 manat cərimə borcu olmaqla, cəmi 2167,43 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 42 manat məbləğində pul tutularaq LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-4067/2023 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə borclunun ünvanına e319453/2023-15-2 saylı bildiriş göndərilmişdir. - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-4067/2023 saylı icra sənədinin qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 6.1.4-cü maddəsinə müvafiq olaraq, notariusun icra qeydləri icra sənədi hesab edilir. - 23.1, 23.1.3-cü maddələrinə müvafiq olaraq, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır. - 23.2-ci maddəsinə müvafiq olaraq, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. - 23.7-ci maddəsinə müvafiq olaraq, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. - 26-cı maddəsinə müvafiq olaraq, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə müvafiq olaraq, icra xidmətinin icra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. Qeyd edilməlidir ki, işdə olan sənədlərin məcmusu ilə müəyyən olunan hal ondan ibarətdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 4067/2023 saylı qətnaməsi əsasında Borclu Niyazovnadan LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ümumilikdə 2167,43 manat pulun və 42 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilmişdir. İcra sənədi üzrə İcra şöbəsində icraata başlanıldıqdan sonra icra məmurunun xx.xx.2025-ci il tarixdə qəbul etdiyi qərarla “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3cü maddəsinə istinad edilib qeyd edilən icra sənədi icra olunmadan geri qaytarılmışdır. Mübahisələndirilən qərardan görünür ki, icra məmuru icra sənədinin geri qaytarılmasına əsas kimi borclunun əmlak və gəlirlərinin müəyyən edilməməsinə istinad etmişdir. Şikayətin dəlillərinin araşdırılması məqsədilə mübahisələndirilən icra sənədi üzrə aparılmış icra işinə baxış keçirilmişdir. Həmin icra işi ilə müəyyən olunur ki, icra sənədi şöbənin icraatına 2024-cü ilin yanvar ayında daxil olmasına baxmayaraq, icra məmuru tərəfindən tələbin yerinə yetirilməsi istiqamətində hər hansı tədbir görülməmiş, borclunun əmlak vəziyyətinin müəyyən edilməsi üçün yalnız Elektron İcra İnformasiya Sistemində sorğular edilmiş, aidiyyəti qurumlara lazımi sorğular göndərilməmiş, bununla da elektron sistem üzrə axtarış nəticəsində borclunun adına hər hansı bir əmlak aşkar edilmədiyinə görə akt tərtib edilərək sənəd geri qaytarılmışdır. Məhkəmənin qənaətinə görə icra sənədi üzrə yerinə yetirilməli olan tələb icra edilə bilən olduğu halda, icra məmurunun zəruri icra tədbirləri görmək əvəzinə icra sənədini qaytarması işi kifayət qədər araşdırmadığını göstərir. Belə ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətin keçməsinə baxmayaraq, borclunun icra şöbəsinə dəvət olunaraq icra sənədinin icrası ilə əlaqədar izahatı alınmamış, məcburi icra tədbirləri (borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması, məcburi gətirilməsi, inzibati məsuliyyətə cəlb edilməsi və s.) həyata keçirilməmiş, icra sənədi uzun müddət icrasız qaldıqdan sonra geri qaytarılmışdır ki, bu hal icra sənədi üzrə zəruri icra tədbirlərinin görülməməsinə dəlalət edir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallara görə şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-4067/2023 saylı icra sənədinin qaytarılmasına dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-4067/2023 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 4067/2023 saylı icra sənədinin qaytarılmasına dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 4067/2023 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəbnur Əzizova
Məhkəmə qərarları › İş №8(5-97)-143/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(5-97)-143/2026
12.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver