Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1008/2025 21.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1 və Sabina Aghayeva cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 57.701.000 manat həcmində əldən çıxmış fayda ilə birlikdə ziyanın tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər sırasından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin çıxarılmasını və cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən 57.701.000 manat həcmində əldən çıxmış fayda ilə birlikdə ziyanın tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cavabdehlər sırasından çıxarılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia iddiaçı Sabina Aghayevaya münasibətdə mümkün sayılmamışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, vaxtilə ailəsinə məxsus olmuş, sonradan cinayətkar dəstə tərəfindən zorla əllərindən alınan “R.A.N” kiçik müəssisəsinin Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 8,0433 ha olan torpaq sahəsini geri qaytarmaq məqsədilə məhkəməyə üz tutmuşlar və ədalətli məhkəmə araşdırması sayəsində Bakı şəhər İcra Hakimiyyəti ilə aralarında barışıq sazişi bağlanmış və onlara dəymiş zərərin müqabilində Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllərində yerləşən 3,8 ha boş torpaq sahəsi təklif olunmuşdur və bundan əlavə gələcəkdə yerdə qalan 6,433 ha boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə onlara veriləcəyi öhdəlik götürülmüşdür. Hadisələrin bu müsbət tendesiyada getməsindən fərəhlənərək, o cümlədən Azərbaycana yaxın gələcəkdə ABŞdan investorların cəlb etmək imkanlarını müəyyən etdikdən sonra 2017-ci ildə 60% pay Sabina Aghayevaya, yerdə qalan isə 40% pay isə Azərbaycan vətəndaşlarına məxsus olan İddiaçı1 MTK şirkətini təsis etmiş və Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllələrində yerləşən 3,8 ha boş torpaq sahəsi üzərində çoxmərtəbəli binanın inşa edilməsi məqsədilə və bu istiqamətdə lazımı sənədlərin əldə edilməsi üçün tikinti işləri ilə bağlı bir çox şəxslər işlə təmin olunaraq küllü miqdarda vəsait xərcləmişlər. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamı ilə Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348-ci məhəllələrində yerləşən 3,8 ha boş torpaq sahəsi 60% pay hüququ Sabina Aghayevaya məxsus olan İddiaçı1 MTK-nın istifadəsinə verilmiş daha sonra həmin ərazidə çoxmərtəbəli yaşayış binalarının sənədləşdirilməsi məqsədilə aidiyyəti qurumlardan (o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsi daxil olmaqla) 13256 saylı inşaat pasportu, xx.xx.2018-ci il tarixli, 18/03-8/761 saylı məktubla razılaşdırılmış şəhərsalma əsaslandırılması və xx.xx.2018-ci il tarixli 18/04-188 saylı məktubla razılaşdırılmış memarlıq-planlaşdırmasımn eskiz layihəsi əldə edilmişdir. İnşaat layihə sənədlərinə əsasən ümumi sahəssi 81461 kv.m olan yaşayış və 10173 kv.m olan qeyriyaşayış sahələrinin tikintisi planlaşdırılmışdır. Ümumi biznes planına əsasən xərclər çıxıldıqdan sonra 120.000.000 manat həmin məbləğdən vergi və digər dövlət qarşısında olan maliyyə öhdəlikləri yerinə yetirildikdən sonra 58.000.000 mənfəət əldə edilməsi nəzərdə tutulmuşdur. Lakin 2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən onunla zəruri olan hüquqi prosedurlarının (İcra hakimiyyəti tərəfindən torpaq sahəsiayrlan zaman xx.xx.2017-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə münasibət bildirilməsi məqsədilə məktub ünvanlanmışdır və həmin müraciət əsasında müvafiq hüquqların qeydiyyatı Əmlak Məsələləri Dövlət Komitəsinin reyestrində aparılmışdır) aparılmasına baxmayaraq, həmin torpaq sahəsinin guya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olmasıəsas gətirilərək (daha sonra 2020-ci ildə özü tərəfindən 6.000.000 manata satılan) Bakı şəhər İcra Hakimiyyətinə xx.xx.2017- ci il tarixli 112 saylı sərəncammın ləğv edilməsi xahiş edilmişdir. Lakin təəssüflər olsun ki, həmin müraciət əsasında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 414 saylı sərəncamı ilə İddiaçı1 MTK-nın konstitusion hüquqları pozularaq xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamı ləğv edilmişdir. Pozulmuş hüquqların bərpa edilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 414 saylı sərəncamının ləğv edilməsi barədə məhkəməyə müraciət etdik və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 1276/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı1nə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi və həmin sərəncam əsasında ləğv edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı1 MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında” xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamının icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinin bərpa edilməsi qərara alınmışdır. Belə bir qərarın mövcud olmasına baxmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti (Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisi) tərəfindən qəsdən və bilərəkdən xx.xx.2020-ci il tarixində həmin torpaq sahəsi başqa bir şəxsə 6.000.000 manata satılması barədə saziş imzalamışlar. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1276/2020 saylı qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətiapellyasiya şikayəti vermişdir. Amma Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 aprel tarixli, 2-1(103)-335/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 11 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan inzibati orqan Ali Məhkəməyə şikayət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-7/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş (hakimlərdən biri qərarla razılaşmayaraq xüsusi rəydə qalmışdır), Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 aprel tarixli, 2-1(103)- 335/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2022-ci il tarixli, 2-1(103)-1201/2022 saylı qərarı ilə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsi, İddiaçı1 MTK-nın iddiasının təmin edilməməsi qərara alınmışdır. Tərəflərindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2022-ci il tarixli, 2-1(103)-1201/2022 saylı qərarından kassasiya şikayəti verilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1701/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, qərara alınmışdır. Konstitusiya ilə qorunan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmişdirlər. Konstitusiya Məhkəməsində icraata başlamaq hüquqi cəhətdən olduqca çətin bir proses olmasına baxmayaraq aşkar kobud pozuntuların olması 2022-ci ilin dekabr ayında araşdırmanın məhkəmə icraatına götürülməsi barədə qərar qəbul edilməsinə baxmayaraq 2023-cü ilin 19 yanvar tarixində araşdırmaya səbəbsiz olaraq xitam verilmişdir. İnzibati Orqanların qanunsuz hərəkətləri nəticəsində "xxxx" MMC tərəfindən təqdim etdikləri sənədlər əsasında aparılmış araşdırmalara əsasən onlara 57.701.000 manat həcmində əldən çıxmış fayda ilə birlikdə ziyan dəymişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçıların və cavabdehin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh nümayəndəsinin iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 414 saylı sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı1 MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında” xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamı ləğv olunmuşdur. İddiaçı bununla da, konstitusion hüquqlarının pozulduğunu iddia edərək 57.701.000 manat həcmində əldən çıxmış fayda ilə birlikdə ziyanının əvəzinin ödənilməsini tələb edir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 414 saylı sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı1 MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında” xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamı ləğv olunmuşdur. İddiaçı bununla da, konstitusion hüquqlarının pozulduğunu iddia edərək 57.701.000 manat həcmində əldən çıxmış fayda ilə birlikdə ziyanının əvəzinin ödənilməsini tələb edir. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddiaçı cavabdehin xx.xx.2018-ci il tarixli, 414 saylı sərəncamının qanunsuz olması əsası ilə ona vurulan ziyanın əvəzinin ödənilməsini tələb edir. Lakin inzibati aktın qanunsuzluğu mülahizələrə əsasən deyil, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilir. İddiaçının iddia ərizəsində özünün qeyd etdiyi, eləcə də məhkəməyə təqdim edilən digər məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçının cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 414 saylı sərəncamının ləğvi ilə bağlı iddiası son nəticədə təmin edilməmişdir (yekun qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1701/2022 saylı qərarı). Beləliklə, sərəncamın qanuni inzibati akt kimi qüvvəsini saxlamaqdadır. Belə olan halda iddiaçının inzibati orqanın qanunsuz qərarı qəbul etməsinə istinad edərək kompensasiya tələbi əsassızdır. Məhkəmə, hesab edir ki, vurulmuş ziyanla bağlı sadalanmış qaydada cavabdehin qanunsuz qərarının mövcudluğu müəyyən edilmədiyindən, iddiaçının cavabdehin qanunsuz qərarına görə hüququnun pozulması öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddiаçı İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1008/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1008/2025
21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver