Məhkəmə qərarları › İş №e-2-1(112)-1016/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1016/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1016/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “daşınmaz əmlaka dair mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı-Aeroport yolunun sol tərəfində yerləşən 400 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Bakı-Aeroport yolunun sol tərəfində yerləşən 400 kv.metr torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun X3 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraat qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 809 nömrəli Sərəncamına əsasən ünvan 1 ünvanında yaşayan vət. X3 fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində 400 kv.m torpaq sahəsi ayrılmış və ayrılmış sahədə İH-i tərəfindən Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Suraxanı rayonu İcra Başçısının xx.xx.2001-ci il tarixli aktı ilə Suraxanı rayonu İHA-tı Təsərrüfat şöbəsinin müdiri M.Tağıyev, memar Z.Əhmədov və Bülbülə qəsəbəsindəki İHB-nın nümayəndəsi E.Seyfullayevin iştirakı ilə torpaq sahəsinin ölçülərini natura ifadəsi ilə pay bölgüsünü apararaq, daimi nişanlar qoyaraq torpaq sahəsini yaşayış evi tikmək üçün X3 verilmişdir. X5 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. X5 vəfat etdikdən sonra onun arvadı olan hazırki iş üzrə iddiaçı “mərhum ərindən miras qalmış, hal-hazırda mübahisə predmeti olan torpaq sahəsinin onun tərəfindən faktiki olaraq qəbul olunması barədə ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-593/2022 saylı qətnaməsinə əsasən ərizə təmin edilmişdir. Bundan sonra iddiaçının mərhum ərindən miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixində Bakı şəhəri 15 saylı notariat ofisinə etdiyi müraciəti əsasında ona həmin notariat ofisində vərəsəlik işi açılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bərədə xx.xx.2023-cü il tarixində cavabdehə müraciət etmiş olsa da, cavabdeh tərəfindən heç bir rəsmi məlumatın əldə edilməsi mümkün olmamış, bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2023-cü il tarixli, ********** daxilolma nömrəli ərizə ilə cavabdehə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq iddiaçıya **********32 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 809 nömrəli Sərəncamı xx.xx.2001-cü il tarixində verilmişdir. Belə ki, xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlayyihətləri xaricindədir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin təqdim edilən yerləşmə cizgisində dəqiq istinad məsafələri və perimetrik ölçülər qeyd olunmadığından, sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus sənədlər əsasında vərəsəsinə çıxarış verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə sahəsi 400 kv.m göstərilsə də, faktiki 370 kv.m təşkil edir. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə təqdim edilən koordinatlarda yerləşən 370 m2 torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir ("xxxx" MMC). Bu səbəblərdən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər İddiaçıya və cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 809 nömrəli Sərəncamına əsasən X3 fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində 400 kv.m torpaq sahəsi ayrılmışdır. xx.xx.2001-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, Suraxanı rayonu İHA-tı Təsərrüfat şöbəsinin müdiri M.Tağıyev, memar Z.Əhmədov, Bülbülə qəsəbəsindəki İHBnın nümayəndəsi E.Seyfullayevin iştirakı ilə Suraxanı İHB- mn «25» sentyabr 2001-ci il tarixli, 809 saylı sərəncamı əsasında Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində, 400 kv.m. torpaq sahəsinin ölçülərini natura ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X1 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsilə bağlı vərəsəsi olan iddiaçının xx.xx.2022-ci il tarixində Bakı şəhəri 15 saylı notariat ofisinə müraciət daxil olmuş və vərəsəlik işi açılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-593/2022 nömrəli qətnaməsinə əsasən xx.xx.2018-ci ildə Bakı şəhərində vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bakı Aeroport yolunun sol tərəfində 400 kv.m ölçüdə torpaq sahəsinin iddiaçı tərəfindən faktiki olaraq qəbul olunmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0,04 hektar olsa da, faktiki olaraq 0,037 hektar təşkil edir. Torpaq sahəsinin sərhədlərinin üç tərəfi daş hasar, bir tərəfi şərtidir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir- (Azgerneft). Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Həmçinin əvvəlki müraciət zamanı təqdim edilən yerləşmə cizgisində dəqiq istinad məsafələri və perimetrik ölçülər qeyd olunmadığından, sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təqdim edilmiş sorğuya cavab məktubundan görünür ki, mübahisə torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olmuş sənədlərin surəti təqdim olunmuşdur. Həmin sənədlərdən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altındaki torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. Qeydiyyatın aparılmasına əsas olmuş sənədlər sırasında Bakı şəhəri Suraxanı RİH-nin torpaq ayırma barədə xx.xx.2001-ci il tarixli, 806 nömrəli sərəncamı, Bakı şəhəri Suraxanı rayonu Yeni-Suraxanı Bələdiyyəsinin 80 saylı, xx.xx.2006-cı il tarixli qərarı, həmin qərar əsasında verlmiş JN 28444H şəhadətnaməsi və daşınmaz əmlakın alqı-satqı müqaviləsi yer alır. Məhkəmə tərəfin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun X3 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139- 1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8). Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar öz əksini tapmışdır. Məhkəmə bildirir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi Bakı-Aeroport yolunun sol tərəfində yerləşən 400 kv.m torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun X3 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın ona verilməsinə nail olmaqdır. Bu konteksdə, qeyd edilməlidir ki, iddia tələbi təkcə tikiliyə deyil, eyni zamanda həmin tikilinin yerləşdiyi torpaq sahəsinə münasibətdə də mülkiyyət hüququnun rəsmiləşdirilməsini əhatə edir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq, fərdi yaşayış evinin hansı tarixdə, yəni xx.xx.2013-cü il tarixinədək və ya ondan sonra inşa edilməsindən asılı olmayaraq, mülkiyyət hüququnun yaranması üçün həmin tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin təqdim olunması imperativ hüquqi şərt kimi irəli sürülmüşdür Məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iddianın hüquqi mahiyyətinə qiymət verilməsi, yəni iddianın hüquqi prespektivlərinin müəyyən edilməsi üçün hər bir halda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mərhum X2 hüquqlarının yaranıb-yaranmamasına qiymət verilməlidir. Bu məqsədlə, iddiaçı hüquqi əsas kimi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 809 nömrəli Sərəncamını təqdim etmişdir. Lakin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar öz əksini tapmışdır. Yəni, həmin tarixdən sonra yerli icra hakimiyyətləri tikinti üçün vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyətinə malik olmamışlar. Lakin, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti öz səlahiyyətindən kənara çıxaraq X3 xx.xx.2001-ci ildə torpaq sahəsi ayırmışdır. Bu səbəbdən həmin sənəd daşınmaz əmlak üzərində hüquqların yaranması üçün əsas hesab edilə bilməz. Bununla yanaşı nəzərə almaq lazımdır ki, bu sənədlə ayrılmış torpaq sahəsi faktiki olaraq SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) daimi istifadəsinə verilmiş sənaye təyinatlı ərazilərin, konkret olaraq "xxxx" MMC-nin fəaliyyət göstərdiyi zonanın hüdudları daxilində yerləşir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsi “SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir ("xxxx" MMC) və həmin qonşuluqda yerləşən hər hansı sahə üzərində yerli icra hakimiyyətinin sərəncamı əsasında vətəndaşların hüquqları cavabdeh tərəfindən qeydə alınmamışdır. Bununla yanaşı qeyd olunur ki, iddiaçının bərabərlik prinsipinə istinad edərək, oxşar hallarda digər şəxsin hüquqlarının tanınması və dövlət qeydiyyatına alınmasını misal gətirməsi ilə bağlı arqumentləri də məhkəmə tərəfindən hüquqi aspektdən araşdırılmış və qənaətə gəlinmişdir ki, qonşuluqda yerləşən və mülkiyyət hüquqları qeydiyyata alınmış şəxsin vəziyyəti hüquqi mahiyyət etibarilə iddiaçının vəziyyətindən fərqlənir. Belə ki, mülkiyyət hüquqlarının qeydiyyatına əsas olmuş sənədlər sırasında torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 809 nömrəli Sərəncamı olsa da, həmin Sərəncamın tarixindən sonra müvafiq bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması həyata keçirilmiş və sonda JN şəhadətnaməsi verilmişdir ki, həmin JN şəhadətnaməsində də yerli icra hakimiyyətinin sərəncamına yox, bələdiyyənin qərarına istinad olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh iddiaçıya münasibətdə “bərabərlik” hüququnu pozmamışdır. Məhkəmə hesab edir ki, mərhum X2 mübahisə predmetini təşkil edən torpaq sahəsinə dair hüquqlarının yaranması müəyyən olunmadığından, onun fərdi yaşayış evinə dair hüquqlarının mövcudluğundan da söhbət gedə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə uyğundur və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar