Məhkəmə qərarları › İş №e-2-1(112)-1020/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1020/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1020/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “sertifikatın təsdiqlənməsi və ixtisas üzrə iş icazəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 Ratner adına “uşaq nevroloji xəstəlikləri” kafedrasında “nevrologiya” ixtisası üzrə keçdiyim internaturanı təsdiq edən AA0066683 saylı Sertifikatın təsdiq edilməsi öhdəliyini AR Səhiyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən iddia tələbinin “İddiaçı “Uşaq nevrologiyası” ixtisası üzrə tibbi fəaliyyətlə məşğul olmağa buraxılması barədə şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995–ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsini bitirmişdir. 1995-1996 ci illərdə “pediatriya” ixtisası üzrə ET Pediatriya istitutunda internatura keçmişdir. 1996-1998 ci illərdə Bakı şəhəri 12 saylı uşaq xəstəxanasında, 2000-2012-ci illərdə Rusiya vətəndaşı kimi Rusiya Federasiyası Nijnevartovsk şəhəri uşaq xəstəxanasında pediatr işləmiş və 1dərəcəli həkim səviyyəsini almışdır. 2010–cu ildə Rusiya Federasiyasında Səhiyyədə kadr islahatları ilə əlaqədar verilən qərarə əsasən gənc kadrlarin ixtisaslaşmasına büdcədən ayrılan vəsait hesabına işlədiyi xəstəxananın rəhbərliyinin təşəbbüsilə yeni tədris ilində (qərar ilin sonunda təsdiq edildiyi üçün), yəni 2011–2012-ci ildə X2 Ratner adina Uşaq nevroloji xəstəlikləri kafedrasında internatura keçərək “nevroloq” ixtisasına yiyələnmişdir. 2012 – ci ilin avqust ayından nevroloq ixtisası üzrə 0,5 ştat çalışmağa başlamışdır. Müqaviləyə əsasən 2013–cu ilin yanvar ayından tam 1,0 ştatda işləməli olmuşdur. Lakin ailə vəziyyəti ilə əlaqədar, oğlunun ağır bronxial astma tutmaları (hormon asılı) yenidən başladığı üçün, baxmayaraq ki, Kazan şəhərində yaşamışdırlar, 1 ilmüddətində tam hormonsuzremissiyaya nail olmuş, həkimlərin məsləhətilə yaşayış yerlərini məcburi dəyişməli olmuşdurlar. 2013-2017-ci illərdə RF Moskva şəhəri reablitasiya mərkəzində nevroloq işləmişdir. 2019 – ci ildən hal-hazırki dövrə kimi Bakı Tehran klinikasında nevroloq işləmişdir. Bu dövrdə həm də klinikada xəstələrin nevroloji (16 yaşadək) müayinəsini keçırən Təbriz Tibb Universitetinin Uşaq nevrologiyası kafedrasının müdiri, professor Məhəmməd Bərzügarinin assistenti kimi də çalışmışdır. Bakı Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 01.20xx-xx.2019-cu ildə “Uşaqlıq dövründə rast gəlinən əsas nevroloji patologiyalar”, 04.20xx-xx.2019-cu ildə “Nevrologiyada müayinə üsülları (EEQ, EMQ, dopler)”, 01.20xx-xx.2021-ci ildə “Sinir xəstəlikləri”, xx.xx.2022-xx.xx.2022-ci il tarixində ”Sinir sisteminin irsi xəstəlikləri” mövzularında təkmilləşdirmə kursları keçmişdir. RF-da ona verilmiş diplomun təsdiq edilməsi ilə bağlı AR Səhiyyə Nazirliyinə mürciət etmişdir. AR Səhiyyə Nazirliyi xx.xx.2024-cü il tarixli, 3-28/2-P-4-1250-2024 saylı cavab məktubu ilə onun aldığı diplomla bağlı müsbət cavab verməmişdir. Qeyd edilən cavab məktubu ona xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. İddiaçı hesab edir ki, həmin cavab məktubu əsassız olmuş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbinin əsasında onun 2012-ci ildə Rusiya Federasiyasında keçdiyi internaturanı təsdiq edən sənədin təsdiq edilməsi dayanır. Halbuki “Təhsil haqqında” AR Qanununun, eləcə də, AR Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın müddəalarının təhlili iddia tələbinin əsassız olduğunu təsdiq edir. Belə ki, “Təhsil haqqında” AR Qanununun təhsilin pillələrinə həsr olunmuş 17-ci maddəsindən göründüyü kimi, ölkəmizdə internatura pilləsi deyil, rezidentura pilləsi nəzərdə tutulmuşdur. Adıkeçən qanunun qüvvəyə mindiyi tarixdən etibarən internatura təhsili ölkəmizdə tanınmır və təsdiq edilmir. “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”ndan göründüyü kimi rezidentura təhsilinin müddəti ixtisaslara uyğun olaraq 2-5 il müəyyən olunursa iddiaçının internatura təhsili cəmi 1 il təşkil etməkdədir ki, bu da həmin pillələrin kəmiyyət etibarilə eyniyyət təşkil etmədiyini göstərir. Həm kəmiyyət, həm də keyfiyyət aspektindən internatura rezidenturaya bərabər hesab oluna bilməz və “Təhsil haqqında” AR Qanunu qüvvəyə mindikdən sonra internatura pilləsi üzrə alınmış təhsil ölkəmizdə təsdiq oluna bilməz. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının xarici ölkədə aldığı təhsil haqqında diplomun təsdiqi barədə müraciətinə baxıllmış və cavab olaraq bildirilmişdir ki, təqdim olunan əmək kitabçasındaki Rusiya Federasiyasında praktik tibb fəaliyyəti ilə bağlı qeydlərə dair Səhiyyə Nazirliyinin rəsmi sorğusuna cavab olaraq onun O.K.Skobelkin adına “X5-Praktik Mərkəzi”ndə fəaliyyət göstərmədiyi aşkarlanmışdır. İddiaçının internaturada keçdiyi hazırlığa uyğun olaraq “Pediatriya” ixtisası üzrə kurs və sertifikasiyadan keçməsi mümkündür. -AB-İ seriyalı 020024 №-li şəhadətnamədən görünür ki, İddiaçı 2011-ci ildən 2012ci ilədək ƏPT DBTM X3 Akademiyasında internaturada hazırlıq keçmiş və “Nevrologiya” ixtisası üzrə tam kursu bitimirşdir. -Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1988-xx.xx.1989-cu il tarixlərdə “Əyirmə-boyama kombinatı”nda toxuculuq sahəsində ikinci dərəcəli təmizləyici, xx.xx.1992-ci il tarixdə Uşaq yoluxucu xəstəxanasında tibb bacısı qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə Şəhər xəstəxanası “Ana və uşaq” 2 №-li uşaq poliklinikasına sahə həkim-pediatr qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə “Pediatriya” ixtisası üzrə birinci ixtisas dərəcəsi verilmiş, xx.xx.2012-ci il tarixdə 2 №-li uşaq poliklinikasının təhsil müəssisələrində uşaqlara tibbi yardımın təşkili şöbəsinin daxili əvəzçilik üzrə həkimnevroloqu və xx.xx.2012-ci il tarixdə iş yerinin dəyişməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.2013-xx.xx.2017-ci il tarixlərdə aşağı intensiv lazer terapiyası şöbəsinə həminnevroloq vəzifəsində işləmişdir. -X4 Akademiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2011-ci il tarixindən (xx.xx.2011-ci il tarixli, 224 nömrəli daxilolma haqqında əmr) xx.xx.2012-ci ilə qədər (xx.xx.2012-ci il tarixli, 202 nömrəli çıxarılma haqqında əmr) X1 “Nevrologiya” ixtisası üzrə büdcədənkənar əsaslarla internatura keçmişdir. -X3 Akademiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, RF Səhiyyə və Sosial İnkişaf Nazirliyinin xx.xx.2009-cu il tarixli, 210n saylı “Rusiya Federasiyasının səhiyyə sektorunda ali və aspirantura tibb və əczaçılıq təhsili olan mütəxəssislərin ixtisaslarının nomenklaturası haqqında” və xx.xx.2009-cu il tarixli, 415 n №-li “Səhiyyə sahəsində ali və ali təhsildən sonraki tibb və əczaçılıq təhsili olan mütəxəssislər üçün ixtisas tələblərinin təsdiq edilməsi” haqqında əmrlərində “Uşaq nevrologiyası” ixtisası yoxdur. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi 2011–2012-ci illərdə X3 Akademiyasının Ratner adina Uşaq nevroloji xəstəlikləri kafedrasında internatura keçərək “nevroloq” ixtisasına yiyələnməsi barədə AB-İ seriyalı 020024 №-li şəhadətnamənin, habelə həmin Akademiya tərəfindən verilmiş AA № ******* nömrəli vəsiqənin tanınması və “uşaq nevrologiyası” ixtisası üzrə tibbi fəaliyyətlə məşğul olmaq məqsədilə sertifikasiyadan keçmək üçün icazə verilməsinə yönəlmişdir. Cavabdeh iddiaçının nevrologiya ixtisası üzrə rezidentura təhsili olmadığı əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanundan: -2. Əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdən ibarətdir. -46. Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması” Qaydalarına əsasən "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun "Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ" barəsindəki 46-cı maddəsinin 5-ci abzasına uyğun olaraq Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Xaricdə tibb və əczaçılıq təhsili alan və həmin ixtisas üzrə Azərbaycan Respublikasında işləmək arzusunda olan hər hansı bir şəxs xaricdə bitirdiyi dövlət qeydiyyatından keçmiş tibb və əczaçılıq təhsili müəssisəsinin diplomunu, yaxud onu əvəz edən sənədin, diploma əlavənin, diplomdan sonra keçdiyi hər hansı bir ixtisaslaşma və təkmilləşdirmə barədə, aldığı praktiki və elmi dərəcəsi barədə sənədlərin və bu təhsilini və iş fəaliyyətini dəqiqləşdirən digər sənədlərin Azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq olunmuş surətini Səhiyyə Nazirliyinə təqdim edir. Bununla əlaqədar Səhiyyə Nazirliyi tərəfindən yüksək ixtisaslı elmi, elmi-pedaqoji kadrlar və praktiki təbabətin mütəxəssislərindən ibarət müvafiq Komissiya yaradılır. Komissiya Respublika Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir. Komissiya 1 ay müddətində təqdim olunan sənədlərə əsasən həmin şəxsin keçdiyi tədris plan və proqramlarının, həmçinin respublikanın dövlət standartlarına uyğunluğunu və diplomun etibarlılığını və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını araşdırır, lazım olan tədbirdə bilik səviyyəsini və peşə səriştəsini yoxlayır və onun Azərbaycan Respublikası ərazisində tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə səs çoxluğu ilə qərar qəbul edir. Həmin qərara əsasən müraciət etmiş şəxsə Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə verilir. Qeyd olunan arayış, tədris müəssisəsini bitirmək haqqında diplomun təqdim edilməsi şərtilə, hüquqi şəxslə (işə götürənlə) əmək müqaviləsinin bağlanmasına və ya müvafiq qaydada lisenziya alınmasına icazə verir. Qaydanın tələbindən göründüyü kimi, xaricdə tibb və əczaçılıq təhsili alan və həmin ixtisas üzrə Azərbaycan Respublikasında işləmək arzusunda olan şəxsin Azərbaycan Respublikası ərazisində tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə müraciətinə kollegial orqan (Komissiya) tərəfindən baxılır və qərar qəbul edilir. İstinad edilən Qaydanın tələbinə görə, Komissiya həmin şəxsin keçdiyi tədris plan və proqramlarının, həmçinin respublikanın dövlət standartlarına uyğunluğunu və diplomun etibarlılığını və ekvivalent olmasını araşdırır, lazım olan təqdirdə bilik səviyyəsini və peşə səriştəsini yoxlayır və müvafiq qərar qəbul edir. Göründüyü kimi, həmin Qayda cavabdeh inzibati orqana diskresion səlahiyyətlər əsasında qərar qəbul etmək vəzifəsi və hüququ, inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə isə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr məsələləri üzrə Komissiyasının xx.xx.2023-cü il tarixdə keçirilən iclasının 55 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı 2011-ci ildən sonra Rusiya Federasiyasında “nevrologiya” ixtisası üzrə aldığı internatura təhsili ilə uyğun ixtisas üzrə Azərbaycan Respublikasındakı rezidentura təhsilinin müddəti və proqramları arasında uyğunsuzluq olduğu üçün o tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə ilə təmin edilməməsi qərara alınmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə (məsələn, tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və s.) malik olduğu hala əsaslanaraq iddiaçının xaricdə aldığı təhsilə dair sənədlərinin, keçdiyi tədris plan və proqramlarının, həmçinin təhsilin dövlət standartlarına uyğunluğunu araşdırmış və onun tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılmasını məqbul hesab etməmişdir. Hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuzluğu üzrə xüsusatlar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Təhsil haqqında” Azərbaycan Qanunun: -1.0.38. rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkimmütəxəssis hazırlığı forması; -1.0.50. həkim - əsas (baza ali) tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsi; -1.0.51. həkim-mütəxəssis - müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; -22.6. Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 48-ci maddəsinin sonuncu abzasına əsasən tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra yol verilir. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin (Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyası) tələblərinə əsasən: -1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. -2. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. -3. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. -4. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən: -1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən hazırlanmışdır və rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri müəyyən edir, rezidentlərin attestasiya şərtlərini müəyyən etməklə, həkimmütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması ilə Azərbaycan Respublikasının ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır. -1.4. Rezidenturada təhsil dövlət təhsil standartı və proqramlarına uyğun olaraq hazırlanmış tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nda qeyd olunan həkimmütəxəssis ixtisasları üzrə aparılır. -5.12. Rezidentlər təhsil aldıqları dövrdə əsas (baza ali) tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işləyə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”ndan: -1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. -1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər -1.4. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. -2.1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. -2.10.3. Tibb təsdiqi ilə sertifikatsiyadan keçmək üçün Nazirliyə ali və ya orta tibb təhsili haqqında sənəd (diplom) və onun surəti rəsmi qaydada təqdim edilir. -2.14. Sertifikasiya imtahanı Nazirlik tərəfindən müəyyən edilmiş tibb və əczaçılıq ixtisasları üzrə keçirilir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin tələbi tibb işçisinin praktiki tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiyadan keçməli olduğunu, bu zaman ixtisasına uyğun sertifikasiyadan keçmənin mümkünlüyü yönündədir. Azərbaycan Respublikasının təhsil sistemi çərçivəsində bu sahədə iki əsas pillə mövcuddur:

1. Əsas (baza ali) tibb təhsili – tibbi biliklərin ümumi və nəzəri əsaslarını əhatə edən və ali tibb təhsili statusunu təmin edən təhsil mərhələsidir. Bu pilləni bitirən şəxs “həkim” peşə ixtisası alır.

2. Rezidentura təhsili – baza təhsili tamamlamış şəxsin konkret ixtisas üzrə dərinləşdirilmiş peşəkar hazırlıq keçməsi üçün nəzərdə tutulmuş təhsil səviyyəsidir. Rezidentura təhsili bitirmiş şəxslərə "həkim-mütəxəssis" peşə-ixtisas dərəcəsi verilir. İşin hallarından göründüyü kimi, iddiaçı 1995-ci ildə Azərbaycan Tibb Universitetinin “Pediatriya” fakültəsini bitirərək “Pediatriya” ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi almışdır. İddiaçının rezidentura səviyyəsində təhsil almaması işin mübahisəsiz halıdır. Odur ki, iddiaçının təhsili əsas (baza ali) tibb təhsilidir və onun ixtisas dərəcəsi “pediatriya” ali peşə ixtisas dərəcəsi olmuşdur. İddiaçı müxtəlif tibb müəssisələrində idarələrdə həkimpediatr, həkim-nevroloq olaraq fəaliyyət göstərməsi onun ixtisasının dəyişdirilməsinə dəlalət etmir. Belə ki, 2011-ci ildən etibarən Azərbaycan Respublikasında internatura təhsil forması ləğv edilmiş, onun əvəzinə beynəlxalq standartlara uyğun olan rezidentura sistemi tətbiq olunmuşdur. Müvafiq normativ hüquqi aktlara əsasən, həkim-mütəxəssis kimi sertifikatlaşdırılmaq və tibbi fəaliyyət hüququ qazanmaq üçün şəxsin məhz rezidentura pilləsini başa vurması zəruridir. İnternatura təhsilinin hüquqi baxımdan rezidentura ilə ekvivalent hesab olunmaması tibb sahəsində peşəkar fəaliyyətin yüksək standartlarda təşkilini təmin etmək məqsədi daşıyır və insan sağlamlığı kimi ali dəyərin qorunması kimi çıxış edir. Bu, peşəkar biliklərin praktiki təcrübə ilə möhkəmləndirilməsini təmin edilməsinə yönəlmişdir. Məhkəmə iddiaçının eyni faktiki və hüquqi hallar əsasında başqa şəxsə tibbi fəaliyyətlə məşğul olmaq məqsədilə sertifikasiyadan keçmək üçün icazə verilməsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, tibb sahəsi insan sağlamlığının qorunması və həyat keyfiyyətinin təmin olunması baxımından ali ictimai əhəmiyyət daşıyan bir sahə olmaqla, bu sferada olan hər bir mübahisəyə fərdi yanaşma tələb edən məsələdir. Bu sahədə fəaliyyətin həyata keçirilməsi yalnız xüsusi təhsil mərhələlərinin uğurla tamamlanması və müvafiq ixtisas dərəcələrinin əldə edilməsi əsasında mümkün ola bilər. Bu baxımdan, hər mübahisədə oxşar faktlara istinad edərək bərabərlik prinsipinin pozulmasını iddia etmək əksər halda məqsədyönlü hesab edilə bilməz. Hüquqda bərabərlik prinsipi qanunauyğun davranışlar arasında bərabərlik tələb edir. O da nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Göründüyü kimi, qanunauyğun olmayan inzibati praktika tətbiq edilə bilməz. Odur ki, məhkəmə iddiaçı tərəfin qeyd olunan dəlilini əsaslı saymır. Beləliklə, məhkəmə belə qənaətə gəlinir ki, cavabdeh inzibati orqanın iddiaçının “Uşaq nevrologiyası” ixtisası üzrə sertifikasiyadan keçmək hüququnun tanınmasından imtina etməsi əsaslı olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar