Məhkəmə qərarları › İş №e-2-1(112)-10267/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10267/2025

16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10267/2025 16.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (3-cü şəxs: Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi) “torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 612 №-li xx.xx.2006-cı il tarixli qərarına və 717 nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Binəqədi rayonu, S.S.Axundov küçəsi 5v saylı yaşayış binasının qarşısında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 170 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, torpaq sahəsinin plan ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin fəaliyyətinə xitam verilməsini və funksiyalarının onun hüquq varisi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilməsi nəzərə alınaraq məhkəmə iclasının qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 612 №-li xx.xx.2006-cı il tarixli qərarına və 717 №-li xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Binəqədi rayonu S.S.Axundov küçəsi 5v saylı yaşayış binasının qarşısında 170 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin hər kv.m-i üçün 4 manat 16 qəpik olmaqla, cəmi 707 manat 20 qəpik məbləğində pul vəsaiti bələdiyyəyə ödənilmiş, torpaqların alqısatqısına dair akt və torpaq sahəsinin situasiya planı tərtib edilmişdir. Torpaq sahəsi ayrılan vaxtdan mübahisəsiz və fasiləsiz olaraq iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçının iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə idarəyə müraciət etmiş və **********08 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Həmçinin cizgidə perimetrik ölçülər ilə göstərilən torpaq sahəsinin perimetrik ölçülərində fərq mövcuddur və yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi, qeyd edilməmişdir. Göstərilən torpaq sahəsi digər torpaq sahəsi ilə birlikdə olmaqla sərhədləri şərtidir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarına aiddir. Əlavə olaraq, faktiki göstərilən torpaq sahəsi yaşıllıq ərazidə yerləşməklə üzərində ağaclar mövcuddur. Həmçinin göstərilən torpaq sahəsi beş mərtəbəli yaşayış binasının 8.6 m məsafəsində yerləşir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. İddianın əsaslılığı: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. -Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 612 nömrəli qərarı ilə Binəqədi rayonu, S.S.Axundov küçəsi, 5v saylı yaşayış binasının qarşısında170 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçı mülkiyyətinə ayrılmışdır. -Torpaqların alqı-satqısına dair müqavilədən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində 170 kv.m torpaq sahəsi xx.xx.2006-cı il tarixli qərar ilə İddiaçı satılmışdır. -Torpaq sahəsinin situasiya planından görünür ki, ayrılmış torpaq sahəsinin sərhədləri bələdiyyənin mühəndis-memarı tərəfindən təsdiq edilmişdir. -Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 612 nömrəli qərarı ilə Binəqədi rayonu, X5 küçəsi, 5V saylı yaşayış binasının qarşısında 170 kv.m torpaq sahəsi vətəndaş İddiaçı mülkiyyətinə ayrılmışdır. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubunda İddiaçı barəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 612 saylı qərarı və ona əlavə edilmiş digər sənədlərin Dövlət Arxivinin Bakı filialında mövcud olduğu bildirilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5v saylı binanın qarşısında yerləşən torpaq sahəsi üzərində X3 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3301/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən) -Bakı şəhəri Binəqədi RİH tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Binəqədi rayonu, S.S.Axundov küçəsi 5v saylı yaşayış binasının qarşısında fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 170 kv.m torpaq sahəsi tor hasarla hasarlanmışdır. Hasara alınmış sahənin ətrafında müxtəlif tikililər vardır və həmin sahədə yalnız bəzi yabanı ağaclar mövcuddur. -Bakı ŞİH X1 tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, keçən əsrin 70-ci illərində Bakı şəhərində şəhərsalma planına uyğun olaraq Binəqədi rayonu,7 mkr ərazisində yaşayış binaları tikilib istifadəyə verilərkən ərazidə məhəllə sakinlərinin istirahəti və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə ümumi istifadədə olan yaşıllıqlar salınmışdır. Binəqədi rayonu,7 mkr. S.S.Axundov küçəsi 5v saylı yaşayış binasının qarşısında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 170 kv.m torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq sahəsində yerləşir. Hazırda İki tərəfdən mişar daşı, iki tərəfdən dəmir torla hörülmüş torpaq sahəsinə daxil olmaq mümkün olmamışdır. Kənardan vizual baxış zamanı daxildə 3 ədəd nar ağacı(5-25 yaş), 3 ədəd tut ağacı (20-25 yaş), 2 ədəd sərv ağacı (15-20 yaş),1 ədəd ərik ağacı( 5 yaş),18 ədəd aylant ağacı(2-30 yaş) olduğu müəyyən olunmuşdur. Ərazinin 2010-cu və 2025-ci illər üçün müqayisəli peyk görüntülərində də sahənin yaşıllıqlarla örtülü olduğu görünür. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.0170 ha təşkil edir. Sözügedən sahə qonşu torpaq sahəsi ilə bir sərhəd daxilindədir. Sahə üzərində köhnə konstruksiyalı tikililər mövcuddur. Sahənin bir tərəfindən 8.6 m məsafədə 5 mərtəbəli yaşayış binası yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahəyə dair təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafələri qeyd edilməmiş, perimetrik ölçüdə fərqlər mövcuddur. Torpaq sahəsi yaşayış binasının qarşısında yaşıllıq ərazidə yerləşir. Sahə Dövlət mülkiyyəti torpağıdır. -AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, Meşələrin İnkişafı Xidməti meşə fondu ərazilərilərində dövlət siyasətini həyata keçirir. Müraciətdə göstərilən ərazidə (Binəqədi rayonu S.S.Axundov küçəsi, 5v saylı yaşayış binasının qarşısı) meşə fondu torpaqları yoxdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 612 nömrəli qərarı ilə ona ayrılmış 170 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı cavabdeh qeydiyyat orqanına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin imtina dəlilləri bunlardır: 1. Yerləşmə cizgisində bələdiyyənin qərarına istinad olunmaması, istinad və məsafələrin qeyd edilməməsi, səlahiyyətli şəxs tərəfindən imzalanmaması; 2. Cizgidə perimetrik ölçülər ilə göstərilən torpaq sahəsinin perimetrik ölçülərində fərqin olması; 3. Torpaq sahəsinin dövlət mülkiyyəti torpaqlarına aid olması; 4. Torpaq sahəsinin yaşıllıq ərazidə yerləşməklə üzərində ağacların olması; 5. Torpaq sahəsinin beş mərtəbəli yaşayış binasının 8.6 m məsafəsində yerləşməsi. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan Qanunun 8.0.1-ci maddəsinə əsaəsn, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Hazırkı işin faktiki hallarından göründüyü kimi iddiaçı torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığını bələdiyyə tərəfindən verilmiş qərarın mövcudluğu ilə əsaslandırır. Nəzərə alınmalıdır ki, torpaqayırma sənədi qismində çıxış edən bələdiyyə aktı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatına əsas verir. Məhkəmənin hesab edir ki, hazırkı halda iddiaçının iddia olunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Mübahisəli torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı bələdiyyənin qərarı qüvvədədir, etibarlıdır. İnzibati akt ləğv edilməmiş, geri çağrılmamış, dəyişdirilməmiş və öz hüquqi qüvvəsini saxlamışdır ki, iddiaçı həmin inzibati akta uzun illər ərzində etimad göstərərək faktiki olaraq həmin torpaq sahəsindən istifadə etmişdir. Belə olan halda həmin inzibati akt əsasında da iddiaçının ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə cavabdehin torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə dəlilinə münasibətdə bildirir ki, cavabdeh bununla bağlı müvafiq sübutları təqdim etməmişdir. Həmçinin, inzibati iş materiallarında olan sənədlər ilə mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus yaşayış məntəqələrinin torpaqlarına aid ərazidə yerləşməməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Halbuki, iddiaçının adına torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Əksinə, iş materiallarına əlavə edilmiş və müvafiq sorğu ilə cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının qonşuluğunda (bitişik) yerləşən torpaq sahəsi üzərində digər şəxsin adına mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır ki, iddiaçıya münasibətdə fərqli rəftarın müəyyən edilməsi zərurəti mövcud olmamışdır. Xüsusi ilə qeyd edilməlidir ki, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi iddiaçıda olduğu kimi Binəqədi rayonu Binəqədi bələdiyyəsinin qərarı çıxış etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan şəxsin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı inzibati praktikası artıq mövcuddur. Lakin cavabdeh eyni ərazidə yerləşən torpaq sahəsi eyni məzmunlu sənəd əsasında qeydiyyata alındığı halda, cavabdeh eyni vəziyyətdə olan, tələbi eyni faktiki və hüquqi əsaslara söykənən iddiaçının eyni ərazidə yerləşən daşınmaz əmlak üzərində hüququnun qeydiyyatına dair müraciətinin təmin edilməsindən imtina etmiş, bununla da bərabərlik (bərabər yanaşma) prinsipini pozmuşdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə, cavabdehin torpaq sahəsinin yaşıllıq ərazidə yerləşməklə üzərində ağacların olması ilə bağlı irəli sürdüyü arqumentə münasibətdə qeyd edir ki, iddia olunan torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq sahəsində yerləşsə də, həmin torpaq sahəsi meşə fondu torpaqlarına aid olmamışdır. Buna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 4-cü maddəsinin ikinci azbasında göstərilir ki, meşə fonduna daxil olmayan yaşıllıqların (bundan sonra — yaşıllıqlar) istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan Respublikasının mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Məcəllənin müvafiq maddələri ilə tənzimlənir. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun:

3. Bu Qanun meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. 8.1. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. 8.2. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır: 8.2.1. yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək; 8.2.2. yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq; 8.2.3. mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq; 8.2.4. yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək; 8.2.5. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq; 8.2.6. ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirmək. 10.0. Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin vəzifələri aşağıdakılardır: 10.0.1. yaşıllıqların mühafizəsi ilə bağlı bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etmək; 10.0.2. yaşıllıqların zibillənməsinə, tullantılarla çirklənməsinə yol verməmək; 10.0.3. yaşıllıqlarda yanğın təhlükəsizliyinə əməl etmək. Məhkəmə qeyd edir ki, qanunvericilik yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin də konkret vəzifələrini müəyyən etmiş, o cümlədən yaşıllıqların qorunması, çirklənməsinin və məhv edilməsinin qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi kimi öhdəlikləri təsbit etmişdir. Qeyd olunan normativ hüquqi tənzimləmə yaşıllıq ərazilərinin hüquqi rejimini və onların mühafizəsi üzrə vəzifə bölgüsünü müəyyən etsə də, torpaq sahəsinin yaşıllıq ərazidə yerləşməsi faktı özlüyündə həmin torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina üçün hüquqi əsas kimi çıxış edə bilməz. Məhkəmə diqqətə çatdırır ki, yaşıllıq ərazilərinə zərər vurulması məsələsi mülkiyyət hüququnun tanınması və ya qeydiyyatı ilə bağlı mübahisənin predmetinə daxil deyildir və ayrıca hüquqi qiymətləndirmə predmeti təşkil edir. Şübhəsiz ki, hər hansı torpaq sahəsindən istifadə zamanı ekoloji təhlükəsizlik tələblərinə, o cümlədən yaşıllıqların mühafizəsinə dair qanunvericiliyin tələblərinə riayət olunması bütün şəxslər üçün məcburidir. Bu tələblərin pozulması isə işin konkret hallarından asılı olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər. Məhkəmə nəticə etibarilə belə qənaətə gəlir ki, torpaq sahəsinin yaşıllıq ərazidə yerləşməsi faktı mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə cavabdehin imtinanın digər əsası kimi istinad etdiyi, mübahisəli torpaq sahəsinin beşmərtəbəli yaşayış binasından 8,6 metr məsafədə yerləşməsi arqumentinə münasibətdə qeyd edir ki, həmin halın üçüncü şəxslərin hüquq və qanuni mənafelərinin pozulması ilə səbəbli əlaqəsi sübuta yetirilməmişdir. Belə ki, cavabdeh tərəfindən göstərilən məsafənin konkret olaraq hansı hüquqların məhdudlaşdırılmasına və ya pozulmasına səbəb olduğu əsaslandırılmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan dəlil hüquqi baxımdan sübuta yetirilmiş hallar ilə təsdiq olunmur və buna görə də iddianın rədd edilməsi üçün kifayət edən əsas kimi qəbul edilə bilməz. Məhkəmə, cavabdehin yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsinə, həmçinin bələdiyyə qərarına istinad olunmaması və səlahiyyətli şəxs tərəfindən imzalanmamasına münasibətdə bildirir ki, torpaq sahəsinin ayrılması barədə qərar qüvvədə olduğu halda, cavabdehin sırf texniki əhəmiyyətli olan formal əsaslara istinad etməsi, iddianın təminini istisna etmir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 612 №-li xx.xx.2006-cı il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu S.S.Axundov küçəsi 5v saylı yaşayış binasının qarşısında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 170 kv.m torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar